31 iyul 2026 20:16
107

Pan-Afrika Parlamentinin prezidenti: Azərbaycan Afrika ölkələri üçün etibarlı tərəfdaşdır

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrika Respublikasına səfəri çərçivəsində Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında dostluq münasibətləri, parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Pan-Afrika İttifaqı-2063 Gündəliyinin həyata keçirilməsində parlamentlərin mühüm rol oynadığını vurğulayıb. Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq Azərbaycanın Afrika ölkələri üçün etibarlı tərəfdaş olduğunu bildirib, tərəfləri ortaq dəyərlərin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin birləşdirdiyini söyləyib. O, parlament diplomatiyasının xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində və qarşılıqlı maraqların təşviqində mühüm rol oynadığını qeyd edib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın Afrika ölkələri ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini bildirib. Spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, siyasi dialoqun möhkəmləndirilməsinin, qarşılıqlı etimadın artırılmasının və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafının əhəmiyyətini xüsusi vurğulayıb.

Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı maraqlara xidmət edəcəyini və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə institusional əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıb.

Görüşdə Milli Məclis və Pan-Afrika Parlamenti, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf perspektivləri, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı fəaliyyət və ortaq maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.