Prezident İlham Əliyevin iyulun 31-də Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri iki ölkə münasibətlərinin tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Çolpon-Ata şəhərində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər, qəbul olunan qərarlar və dövlət başçılarının mətbuata bəyanatları rəsmi Bakı ilə Bişkek arasında əməkdaşlığın artıq müttəfiqlik məzmunu qazandığını nümayiş etdirir. Bu səfər yalnız iki ölkə arasında münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi, türk dünyasında inteqrasiya proseslərinin güclənməsi və regional əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı fikirlər Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirir. Dövlətimizin başçısının “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” fikri iki ölkənin gələcək fəaliyyətinin əsas siyasi xəttini ifadə edir. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda, iqtisadi-ticari sahədə, təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində və digər bütün mühüm məsələlərdə bundan sonra da bir-birini dəstəkləyəcək. Bu yanaşma münasibətlərin strateji xarakter daşıdığını və uzunmüddətli əməkdaşlıq iradəsini nümayiş etdirir.
Səfər çərçivəsində imzalanan sənədlər paketi ikitərəfli münasibətlərin demək olar ki, bütün istiqamətlərini əhatə edir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, investisiya, nəqliyyat, logistika, kənd təsərrüfatı, təhsil, mədəniyyət, rəqəmsal inkişaf və digər sahələr üzrə əldə olunan razılaşmalar gələcək əməkdaşlığın hüquqi bazasını daha da möhkəmləndirir. Bu sənədlər iki ölkənin qarşılıqlı fəaliyyətinin sistemli və uzunmüddətli inkişafına xidmət edir.
Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi olub. Fondun büdcəsinin 100 milyon dollardan 200 milyon dollara çatdırılması barədə qəbul edilən qərar iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Prezident İlham Əliyev qeyd etmişdir: “Bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”.
Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi ən nüfuzlu layihələrdən biri də İssık-Kul gölünün sahilində inşa olunan “Baku Resort & SPA” kompleksidir. Azərbaycanın dövlət vəsaiti hesabına tikilmiş və “Bakı” adını daşıyan bu beşulduzlu hotel iki ölkə arasında dostluğun və iqtisadi tərəfdaşlığın təntənəsinə çevrilib. Bu layihə Azərbaycanın xarici investisiya siyasətinin uğurlu nümunələrindən biri olmaqla yanaşı, Qırğızıstanın turizm potensialının inkişafına da mühüm töhfə verir.
Humanitar sahədə əməkdaşlıq Azərbaycan–Qırğızıstan münasibətlərinin ən güclü istiqamətlərindən biri olaraq qalır. Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək bunun ən parlaq nümunələrindəndir. Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin inşa olunması yalnız təhsil layihəsi deyil, eyni zamanda qardaşlığın, həmrəyliyin və ortaq tarixə ehtiramın rəmzidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu məktəb Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
Mədəni-humanitar əlaqələrin inkişafı istiqamətində son illərdə həyata keçirilən layihələr də xüsusi əhəmiyyət kəsb edir. Bakıda böyük qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması, Bişkekdə Qırğızıstan–Azərbaycan Dostluq Parkının yaradılması, qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi xalqlar arasında mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir. Bu təşəbbüslər ortaq türk köklərinə, ümumi tarixi-mədəni irsə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davamlı inkişafını təmin edir.
Səfər çərçivəsində əldə olunan mühüm siyasi nəticələrdən biri də Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyması olub. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətlərinin başçılarına Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsinə görə təşəkkür edib. Bu qərar Azərbaycanın regionla siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişlənəcəyini, türk dünyasında inteqrasiya proseslərinin yeni dinamika qazanacağının göstəricisidir.
Çolpon-Atada qəbul olunan Bəyannamə də bu baxımdan mühüm siyasi sənəd hesab edilir. Sənəd Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi, nəqliyyat və logistika layihələrinin inkişafı, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq istiqamətlərində yeni perspektivlər yaradır. Bu sənəd Azərbaycanın Mərkəzi Asiya siyasətinin institusional əsaslarının möhkəmləndiyini nümayiş etdirir.
Dövlət səfərinin ən əlamətdar hadisələrindən biri qarşılıqlı ali dövlət təltiflərinin təqdim olunması olub. Prezident İlham Əliyevin Qırğız Respublikasının ən ali mükafatı olan I dərəcəli “Manas” ordeni ilə təltif edilməsi Azərbaycan–Qırğızıstan dostluğuna və strateji tərəfdaşlığına verilən yüksək qiymətin ifadəsidir. Eyni zamanda Prezident Sadır Japarovun Azərbaycanın ali dövlət mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması dövlətlərarası münasibətlərin yüksək səviyyəsini və qarşılıqlı etimadı bir daha nümayiş etdirir.
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. Sonrakı illərdə siyasi dialoq ardıcıl şəkildə inkişaf edib, iqtisadi, humanitar, təhsil, mədəniyyət, parlamentlərarası və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq genişlənib. Hər iki ölkə BMT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə təşəbbüslər də rəsmi Bakı ilə Bişkek arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verir.
Müasir dövrdə Azərbaycan–Qırğızıstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq modeli deyil, həm də türk dünyasında inteqrasiyanın uğurlu nümunələrindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri, qəbul olunan qərarlar, imzalanan sənədlər və səsləndirilən strateji mesajlar göstərdi ki, iki qardaş ölkə qarşılıqlı etimada, ortaq maraqlara və ümumi gələcək baxışına əsaslanan müttəfiqlik münasibətlərini daha da möhkəmləndirmək əzmindədir. Bu əməkdaşlıq modeli regional sabitliyin, iqtisadi inkişafın, humanitar yaxınlaşmanın və türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verməyə davam edəcəkdir.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini