04 avqust 2026 15:30
157

Elmin işığında 24 il: AMEA Naxçıvan Bölməsinin intellektual inkişaf yolu

Zamanın sınaqlarından keçərək günümüzə çatan qədim Naxçıvan torpağı həmişə elm və mədəniyyət ocağı kimi tanınıb. Bu zəngin irsi müasir elmin işığında yenidən kəşf edən AMEA Naxçıvan Bölməsi artıq 24 yaşını qeyd edir. 2002-ci ildən bu günə qədər keçən şərəfli zaman kəsiyində bölmə nəinki bölgənin, ümumilikdə Azərbaycanın elmi xəritəsində xüsusi çəkiyə malik nüfuzlu bir mərkəzə çevrilib. Naxçıvanşünaslıq məktəbinin formalaşmasına, unikal arxeoloji tapıntıların dünya elminə təqdim olunmasına, bölgənin coğrafi-təbii potensialının, linqvistik xüsusiyyətlərinin öyrənilməsinə, Naxçıvan şivələrinin kənd və qəsəbələr üzrə ilk dəfə sistemli toplanaraq tədqiq edilməsinə dəyərli töhfələr verən AMEA Naxçıvan Bölməsi 24 illik təcrübəsi ilə gələcəyə doğru inamla irəliləyir…

“Xalq həmişə öz ziyalıları, öz mədəniyyəti, öz elmi ilə tanınır” deyən Ulu Öndər Heydər Əliyev hər bir ölkənin və xalqın həyatında elmin müstəsna rolunu yüksək qiymətləndirərək hələ ötən əsrin 70-ci illərindən Azərbaycan elminin inkişafına çalışmış, 1969-cu il avqust plenumundakı nitqində ölkə həyatının bütün sahələrinin, o cümlədən elmin inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir. Ulu Öndərin rəhbərliyi dövründə Naxçıvanda elmi araşdırmaların aparılması, elmi kadrların yetişdirilməsi və xüsusi tədqiqat institutlarının qurulması istiqamətində mühüm addımlar atılmışdır. Elmin inkişafını daim diqqət mərkəzində saxlayan görkəmli dövlət xadimi 2002-ci il avqustun 7-də “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması haqqında” tarixi Sərəncam imzaladı. Sərəncam Naxçıvanın öyrənilməmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və fundamental elmi əsərlərin nəşri məqsədini daşıyırdı. Qeyd olunan Sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat müəssisəsi yaradıldı: Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Batabat Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu. Həmin gün Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda Bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirildi. Burada Ümummilli Lider giriş nitqi ilə çıxışında Naxçıvan Muxtar Respublikasında Elmlər Akademiyasının bölməsinin yaradılması haqqında qərar qəbul etməsinin əsas məqsədini belə ifadə etmişdir: “Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, təbii abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə, Azərbaycan anlayışında çox böyük yer tutur”. Sovet İttifaqı yarananda Azərbaycan torpaqlarının bir qisminin Ermənistana verildiyini və bunun nəticəsində Naxçıvanın ərazicə Azərbaycanın əsas torpağından aralı düşdüyünü nəzərə alsaq, bölgənin tarixi ətraflı öyrənilməli idi. Ümummilli Liderin diqqəti və qayğısı ilə Naxçıvanda elmi-tədqiqat qurumlarının fəaliyyəti gücləndirildi, mövcud elmi potensialdan istifadənin səmərəliliyi artırıldı. 2003-cü ilin avqust ayında AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti və elmi-tədqiqat institutları üçün müasir bina istifadəyə verildi. Həmin ilin sentyabr ayında Bölmənin sədri, akademik İsmayıl Hacıyevin “Şərq qapısı” qəzetində dərc edilmiş “Heydər Əliyev və Naxçıvanda elmin inkişafı” adlı məqaləsində Ümummilli Liderin bölgədə elm və təhsilin tərəqqisi istiqamətindəki tarixi xidmətləri geniş təhlil olundu.

Ötən dövr ərzində ölkə başçısı Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək muxtar respublikada elmi-intellektual potensialın inkişafına hərtərəfli qayğı göstərib. Prezidentin 2004-cü il mayın 12-də AMEA Naxçıvan Bölməsinin yeni korpusunun təntənəli açılışında iştirakı bu qayğının bariz nümunələrindən biridir. Dövlət başçısı mərasimdəki nitqində Naxçıvanın daim görkəmli dövlət xadimi Heydər Əliyevin diqqət mərkəzində olduğunu və bu diqqətin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. 2005-ci ilin yanvarında “Şərq qapısı” qəzetində işıq üzü görən “Başlanğıc mərhələsində hər bir iş çətindir” başlıqlı müsahibədə аkademik  İsmayıl Hacıyev maddi-texniki bazanın qurulması, elmi kadrların artması, nəşriyyatın fəaliyyətə başlaması kimi mühüm addımları diqqətə çatdırmışdır.

AMEA Naxçıvan Bölməsinin fəaliyyəti təkcə ərsəyə gətirilən fundamental elmi nəşrlərlə deyil, həm də regionun elmi potensialını nümayiş etdirən mötəbər beynəlxalq simpoziumlarla da diqqəti cəlb edirdi.

Bölmənin fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanşünaslığa dəyərli töhfələr verən çoxsaylı fundamental əsərlər ərsəyə gətirilmişdir: “Naxçıvan Ensiklopediyası” diyarın tarixi, təbiəti, fiziki-coğrafi obyektləri, görkəmli şəxsiyyətləri və təbii sərvətlərini əhatə edən ilk universal elmi nəşr idi. Kitaba 2500-ə yaxın məqalə və 18 rəngli xəritə daxil edilmişdir. AMEA prezidenti, akademik İsa Həbibbəylinin dəyərləndirdiyi kimi: “Gərgin kollektiv zəhmətin uğurlu nəticəsi olan bu nəşr mükəmməl azərbaycanşünaslıq nümunəsi və təsirli vətənpərvərlik dərsliyidir”. Mərhum Hacı Qadir Qədirzadənin “Nuh Peyğəmbər, Dünya Tufanı və Naxçıvan” adlı kitabı və keçirilən eyniadlı beynəlxalq simpozium regionun qədim tarixinin öyrənilməsində mühüm mərhələ olmuşdur. “Naxçıvanın Tarixi Atlası” isə ərazimizdəki abidələrə olan əsassız iddiaları elmi dəlillərlə puça çıxarmışdır. 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilmiş Beynəlxalq Simpoziumda ilk dəfə olaraq Naxçıvan şəhərinin yaşı və ilkin şəhər kimi yeri öz təsdiqini tapmışdır.  2014-cü ildə muxtariyyət tarixinə, 2016-cı ildə isə “Naxçıvan qalaları”na həsr edilən tədbirlər təşkil edilmişdir. 2013-cü ilin sentyabrından istifadəyə verilən Elektron Kitabxana isə əməkdaşların xarici ölkələrin elmi mərkəzləri ilə inteqrasiyasını sürətləndirmişdir.

Ötən illər ərzində akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə AMEA Naxçıvan Bölməsi böyük uğurlara imza atmışdır. AMEA Naxçıvan Bölməsinin çap etdirdiyi 3 cildlik “Naxçıvan tarixi”, “Naxçıvan folkloru antologiyası”, 2 cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan coğrafiyası”, “Naxçıvan etnoqrafiyası”, habelə “Naxçıvanın tarixi atlası” albomu, “Naxçıvan Muxtar Respublikasının dövlət qoruqları və yasaqlıqları” kimi sanballı nəşrlər Azərbaycan elminə böyük töhfələrdir. Naxçıvanın qədim mədəniyyətinin aşkar olunmasında arxeoloqlar müstəsna rol oynamışlar. Qız qalası, I və II Kültəpə, Oğlanqala, Gəmiqaya və sair kimi tarixi abidələrdə aparılan tədqiqatlar regionun qədim dövr tarixini, mədəniyyətini dərindən öyrənməyə imkan vermişdir.

2017-2025-ci illərdə Qərbi Azərbaycan və Naxçıvan irsinin təbliğində ciddi uğurlar qazanılmışdır. Akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti” kimi əsərləri Qərbi Azərbaycana qayıdış hərəkatına böyük elmi töhfə olmuşdur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun tarixi, mədəni irsi və toponimikası ilə bağlı araşdırmalar aparılmışdır.

Prezident İlham Əliyevin “Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” müvafiq Sərəncamına əsasən AMEA Naxçıvan Bölməsində də əsaslı struktur islahatları aparılmışdır. Keçən il noyabrın 3-də AMEA-nın 80 illik yubileyində ölkə başçısı, Prezident İlham Əliyevin iştirakı isə elmi ictimaiyyətə, alimlərimizə verilən yüksək dəyəri və hörməti bir daha təsdiqlədi. Tədbirdəki çıxışında “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir” deyən ölkə başçısı intellekktual potensialın inkişafı, süni intellektin elm sahəsinə tətbiqi, kibertəhülkəsizlik kimi müasir çağırışlarda elm ictimaiyyətinin, alimlərin də iştirakının vacibliyini vurğuladı.

Qeyd edək ki, 2026-cı ildə də AMEA Naxçıvan Bölməsi öz fəaliyyətini uğurla davam etdirir. Bölmənin bu ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti zəngin nəticələrlə yaddan qalıb. Bölmədə “Şəhərsalma və Memarlıq İli” və Əcəmi Naxçıvaninin 900 illik yubileyi çərçivəsində respublika səviyyəli konfranslar təşkil olunmuş, elmi-tədqiqat işləri uğurla davam etdirilib. Tədqiqatlar 16 şöbə və 1 laboratoriyada 1 akademik, 2 müxbir üzv, 7 elmlər doktoru və 14 fəlsəfə doktoru olmaqla 40 elmi və köməkçi heyət tərəfindən aparılıb. Bu ilin birinci yarısında Bölmə əməkdaşlarının 2 monoqrafiyası, 5 kitabı, 102 elmi məqaləsi, 54 konfrans materialı, 4 tezisi olmaqla 167 elmi əsəri çap olunub. Elmi məqalələrin 1-i Web of science, 5-i Scopus, 1-i CrossRef elmmetrik bazalarında olmaqla 16-sı impakt faktorlu jurnallarda çapdan çıxıb, 94 əsər (31-i xaricdə) beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda nəşr edilib. Bölmədə çap olunan “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin bir nömrəsi çapdan çıxıb. Hazırda AMEA Naxçıvan Bölməsi ABŞ, Rusiya, Türkiyə, Qazaxıstan, Türkmənistan və Polşa elmi müəssisələri ilə sıx əməkdaşlıq edir.

Bu gün Bölmədə dövrün qlobal çağırışlarına uyğun elmi-təşkilati tədbirlər planı uğurla icra olunur. Nəticə etibarilə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin diqqət və qayğısı ilə inkişaf edən AMEA Naxçıvan Bölməsi 24 illik şərəfli inkişaf yolu ilə Azərbaycan elminin ön sıralarında inamla addımlamağa davam edir...

Güntac ŞAHMƏMMƏDLİ,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı