08 avqust 2026 09:32
105

Ukrayna Qara dənizdə XBKK-nın infrastrukturuna zərbələr endirməyəcəyini vəd edib

Ukrayna Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb.

“İki sahil” xəbər verir ki, bu barədə avqustun 7-də Bloomberg ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna və terminala doğru hərəkət edən gəmilərə, onların Rusiya ilə əlaqəsi olmadığı, Ukraynanın sanksiyaları altında olmadığı və Rusiya yükü daşımadığı halda, zərbələr endirməkdən çəkinəcək. Agentliyin məlumatına görə, Ukrayna bu öhdəlikləri ABŞ rəsmiləri ilə danışıqlardan sonra üzərinə götürüb.

"The Wall Street Journal" nəşrinin məlumatına görə, daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdarlıq edib. ABŞ-nin Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev nümayəndələri ilə söhbəti zamanı Ukraynanın zərbələri nəticəsində yaranan dolayı zərər məsələsini qaldırıb. Şirkət "XBKK"da 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasında maraqlıdır.

XBKK dəfələrlə Qara dənizdəki terminalı yaxınlığında tankerlərə pilotsuz uçuş aparatları ilə hücumlar edildiyini bildirib. "XBKK"nın neft kəməri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqlinin ən böyük marşrutudur. Uzunluğu 1,5 min kilometr olan magistral boru kəməri Qərbi Qazaxıstandakı yataqları Rusiyanın Qara dəniz sahili ilə birləşdirir. Burada neft "XBKK"nın dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.