08 avqust 2026 13:22
115

Rubinyan: Vaşinqton bəyannaməsi real nəticələr verib

Ötən il Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh bəyannaməsi real nəticələrə gətirib çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Ruben Rubinyan bəyannamənin imzalanmasının birinci ildönümü münasibətilə etdiyi videomüraciətində bildirib.

"Bir il əvvəl Vaşinqtonda sülh bəyannaməsi imzalananda skeptiklər bunun real sülhə gətirib çıxaracağına inanmırdılar. Onlar bunun sərhəddə bitmək bilməyən atışmalara və qurbanlara son qoyacağına inanmırdılar. Onlar bizim blokada vəziyyətindən çıxacağımıza inanmırdılar", - o deyib.

Rubinyanın sözlərinə görə, Ermənistan nəinki blokadada qalmadı, həm də Azərbaycan ərazisindən keçməklə dünya ilə dəmir yolu əlaqəsi əldə edərək, blokadanın açılmasının müsbət nəticələrini ilk hiss edən oldu.

O əlavə edib ki, analoji proses Türkiyə istiqamətində də baş verir. Xüsusilə, bu yaxınlarda Türkiyə Ermənistanın onun dəmir yolu şəbəkəsindən istifadəsinə qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.

"Bu, real sülhdür və buna sevinmək lazımdır. Biz sülhə layiqik. Bəli, hələ bütün problemlər həll olunmayıb", - Rubinyan qeyd edib.