İran hökuməti ABŞ-a Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmır.
“İki sahil” xəbər verir ki, bu barədə Amerikanın Vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalının efirində bəyan edib.
Onun sözlərinə görə, Vaşinqtonla Tehran arasında danışıqlar davam edir.
"İran sistemində bəziləri Hörmüz boğazından keçid üçün ödəniş barədə danışırlar. İranlılar bizə Hörmüz boğazı üçün ödəniş müəyyən etməyi planlaşdırmadıqlarını deyiblər. Biz real addımlara baxacağıq", - vitse-prezident bildirib.
Vens həmçinin qeyd edib ki, ABŞ Hörmüz vasitəsilə neft tədarükünün müharibədən əvvəlki həcminin bərpasına ümid edir: "İran bunu etməyə hazırlaşdığını açıqlayıb. Fars körfəzindəki ölkələr koalisiyası da eyni şeyi istəyir", - o bildirib.
Daha əvvəl İranın XİN rəhbəri Abbas Əraqçi bəyan edib ki, Tehran Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və hərəkət marşrutlarının müəyyən edilməsi üzrə Omanla danışıqları davam etdirir, tərəflər razılaşmanın bağlanmasına çox yaxındırlar. Əraqçi vurğulayıb ki, əvvəllər mövcud olmuş marşrut Tehran üçün qəbuledilməzdir və tərəflər bir çox hüquqi və texniki çətinliklərlə müşayiət olunan yeni yol işləyib hazırlamalıdırlar.