09 avqust 2026 16:09
90

Çin: "Delfin” tayfununun yaxınlaşması ilə uçuşlar ləğv edilir, əhali təxliyə olunur

Çinin sıx məskunlaşmış şərq sahilləri bazar günü “Delfin” tayfununun yaxınlaşmasına hazırlaşır. Tayfun səbəbindən 1 500-dən çox aviareys ləğv edilib, əhali təxliyə olunur və hakimiyyət orqanları ən yüksək səviyyəli xəbərdarlıq elan edib.

“İki sahil” xəbər verir ki, dövlət televiziyası CCTV-nin məlumatına görə, bazar günü Şanxayın iki əsas sərnişin hava limanına və onlardan həyata keçirilən təxminən 1 400 reys ləğv edilib. Eyni mənbənin məlumatına görə, qonşu Çjetszyan əyalətində yerləşən Xançjou hava limanında isə 270 reys ləğv olunub.

Son günlər Yaponiyanın Okinava adasında güclü yağış və küləklərə səbəb olan “Delfin” tayfununun bazar günü gecə və ya bazar ertəsi səhər Çjetszyan və ya qonşu Futszyan əyalətində quruya çıxacağı gözlənilir.

Okinava hökumətinin məlumatına görə, adada yeddi nəfər yüngül xəsarət alıb. Bazar günü günortadan sonra Okinavada 5 290 ev elektrik enerjisiz qalıb. Bu barədə regional “Okinawa Electric Power” şirkəti məlumat yayıb.

Tayvanın şimalında bazar günü leysan yağışları və güclü küləklər müşahidə olunduğu üçün onlarla bərə marşrutu dayandırılıb, 180-dən çox aviareys ləğv edilib.

Çinin Milli Meteorologiya Mərkəzi (NMC) bazar günü səhər tayfunla bağlı ən yüksək səviyyəli – qırmızı xəbərdarlıq elan edib. Mərkəz Çjetszyan əyalətinin mərkəzi və şərq hissəsinin bəzi ərazilərində “son dərəcə güclü leysan yağışları” gözlənildiyini bildirib.

NMC-nin məlumatına görə, bazar ertəsi günortaya qədər Şanxayda, eləcə də Futszyan, Anhuy və Tsyansu əyalətlərinin bəzi hissələrində güclü yağıntılar gözlənilir.

“Delfin” tayfunu quruya çıxdıqdan sonra şimal-qərb istiqamətində hərəkət edərək zəifləməlidir. Rəsmi Sinxua agentliyinin məlumatına görə, fırtınanın gəlişindən əvvəl şənbə günü axşam Futszyan əyalətində “riskli ərazilərdən” təxminən 99 min nəfər təxliyə edilib.

Sinxuanın məlumatına görə, Çjetszyan və Futszyan əyalətlərində 200-dən çox bərə xəttinin fəaliyyəti dayandırılıb. Dənizdə həyata keçirilən layihələr üzrə işlərə fasilə verilib, 474 tikinti gəmisi isə cümə günü səhər limana qaytarılıb.