İki ölkə arasındakı tranzit daşımalarının həcmi 1.3 milyon tonu keçib
Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə dostluq və qardaşlıq münasibətlərini həm də iqtisadi əməkdaşlıq çərçivəsində davam etdirir. Xüsusilə Özbəkistan kimi inkişafda olan bir ölkə ilə belə əməkdaşlıq dövlətimizə ciddi iqtisadi dividendlər gətirir. Qeyd edək ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə 795 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə üç dəfədən çox artım deməkdir. O cümlədən, ticarət dövriyyəsində müsbət dinamika 2026-cı ildə də davam etməkdədir. Eyni zamanda, 2024-cü ildə 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin reallaşdırılmasına əhəmiyyətli töhfələr verməkdədir. Prezident İlham Əliyev avqustun 23- də Özbəkistana səfəri zamanı çıxışlarında bildirmişdir ki, ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit-logistika məsələləridir.
Qeyd edək ki, iki ölkəarasında nəqliyyat əlaqələrinin genişlənməsi artıq yükdaşımalar üzrə göstəricilərdə də özünü göstərir. Belə ki, 2024-cü ildə Azərbaycan–Özbəkistan arasında tranzit daşımalarının həcmi əvvəlki illə müqayisədə 18 faizdən çox artaraq 1.3 milyon tondan yuxarı olub. 2025-ci ildə də müsbət dinamika davam edib və iki ölkə arasında tranzit daşımaların həcmində 6.7 faizə yaxın artım əldə olunub. Bu isə o deməkdir ki, nəqliyyat əlaqələri sadəcə potensial xarakter daşımır, eyni zamanda, real yük axınlarının genişləndiyini göstərir.
Təbii ki, nəqliyyat-tranzit-logistika əlaqələrinin davam etməsi həm ölkələrin coğrafi mövqeyindən, həm də müasir qlobal gerçəkliklərdən irəli gələn əsas çağırışlardandır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatında bildirib ki, yaxın gələcəkdə Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirəcək, logistika infrastrukturunun səmərəliliyini artıracaq, daşımaları stimullaşdıracağıq. Onun bu fikirləri bir daha təsdiq edir ki, hər iki ölkə üçün nəqliyyat-loqistika əlaqələri iqtisadiyyatın inkişafında prioritet məsələdir.
Məlumdur ki, nəqliyyat sahəsində əməkdaşlığın əsas strateji dayaqlarından biri də hər iki ölkənin Orta Dəhlizdə -Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakıdır. Azərbaycan Xəzərin qərb sahilində yerləşən tranzit HUB kimi Özbəkistanın Mərkəzi Asiya bazarlarını Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirən mühüm qovşaqdır. Qeyd edək ki Özbəkistan dənizə çıxışı olmayan ölkədir. Ona görə də Özbəkistan üçün Orta Dəhlizin əhəmiyyəti alternativ beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirməsi ilə əlaqədardır. Ölkəmiz üçün isə Özbəkistan Mərkəzi Asiyadan gələn yük axınlarının formalaşdığı mühüm iqtisadi mərkəzlərdən biridir. Beləliklə, iki ölkənin coğrafi mövqeyi rəqabətdən çox tamamlayıcı xarakter daşıyır ki, bu da əməkdaşlıq üçün daha geniş imkanlar açır.
Bu gün Özbəkistan üçün Qazaxıstandan, həmçinin Türkmənistandan keçməklə Xəzər dənizinə, oradanda Bakı Limanından Bakı- Tbilisi- Qars dəmiryolu ilə Avropa bazarlarına keçid önəmli məsələdir. Məlumdur ki, Özbəkistanın dəmir yolu sistemi Mərkəzi Asiyanın daxili yük axınlarını formalaşdırarkən, Azərbaycan tərəfdə Bakı Limanı və Bakı–Tbilisi–Qars xətti həmin yüklərin Avropa istiqamətinə çıxışını təmin edir. Eyni zamanda, bu marşrutun əsas üstünlüyü müxtəlif nəqliyyat növlərinin vahid logistika zəncirində birləşdirilməsidir. Gələcəkdə isə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi Özbəkistanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxışını daha da genişləndirə bilər. Bu halda Azərbaycan–Özbəkistan əlaqələri yalnız ikitərəfli daşımalar deyil, daha geniş Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa logistika sisteminin mühüm hissəsinə çevriləcək.
Qarşıdakı hədəflərdən biri də Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektiv istiqamətlərindən biri olan logistika mərkəzlərinin yaradılmasıdır. Artıq iki ölkə arasında bağlanan «Əbədi dostluq müqaviləsi» və imzalanmış digər mühüm sənədlər, həmçinin qarşılıqlı investisiya qoyuluşları tələb edir ki, Özbəkistan Azərbaycanın sahib olduğu tranzit-nəqliyyat xətlərinə qoşulmağa tələssin. Nəzərə alsaq ki, yaradılacaq Azərbaycan–Özbəkistan logistika mərkəzi Özbəkistan şirkətlərinin Azərbaycan və Avropa bazarlarına çıxışını asanlaşdıra, eyni zamanda, Azərbaycan şirkətlərinin Mərkəzi Asiya bazarlarında iştirakını genişləndirə bilər, onda belə mərkəzlərin yaradılması həm də ikitərəfli münasibətlərdən irəli gələn zərurət kimi də qiymətləndirilə bilər.
Ümumiyyətlə, iki ölkənin birgə hədəfləri sırasında 2030-cu ilə qədər ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Özbəkistanda çoxsaylı Azərbaycan şirkətlərinin fəaliyyətə başlaması, Azərbaycanda Özbəkistan investisiyalı layihələrin reallaşdırılması, paralel olaraq Çin-Avropa yük axınlarında müşahidə edilən dinamika, xüsusilə Orta Dəhliz üzərindən daşımaların daha da genişlənməsi bu hədəfə çatmağa kömək edəcəkdir. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin də yaxın gələcəkdə Orta Dəhlizin mühüm komponentinə çevrilməsi mümkünləşəcəkdir onda nəqliyyat-tranzit-logistika əlaqələrinin əhəmiyyəti daha da artmış olur. Eyni zamanda, Zəngəzur dəhlizi yalnız yüklərin lazımi bazarlara çatdırılması baxımından deyil, bütün Türk dünyasını birləşdirən bir layihə kimi də dəyərlidir.
Elçin Zaman, "İki sahil"