Avqustun 28-də 4 dövlət orqanında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun 9 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.
“İki sahil” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 6-sı inzibati vəzifələrin ikinci, 3-ü isə üçüncü təsnifatına aiddir.
Müsahibəyə çıxarılan ən yüksək vəzifə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsidir. Həmin vəzifə inzibati vəzifələrin ikinci təsnifatına uyğundur.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin olunmasına, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınmasına, eləcə də DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan yaradır.
Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.
Namizədlər avqustun 28-dən sentyabrın 11-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Azad olunmuş ərazilərdə 40-dək şəxs üçün kiçik ailə biznesləri yaradılıb - FOTO