Qırğızıstanın KABAR xəbər agentliyinin təşkilati dəstəyi ilə Çolpon-Ata şəhərində MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 35-ci iclası keçirilib.
“İki sahil” xəbər verir ki, iclas avqustun 31-də və sentyabrın 1-də Bişkekdə keçiriləcək VI Dünya Köçəri Oyunlarının açılışı və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclası ərəfəsində təşkil olunub.
MDB İnformasiya Şurasının iclasında AZƏRTAC (Azərbaycan), BELTA (Belarus), KAZİNFORM (Qazaxıstan), KABAR (Qırğızıstan), TASS (Rusiya) və TDH (Türkmənistan) informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Müzakirəyə çıxarılan məsələlər sırasında dövlət informasiya agentliklərinin MDB ölkələrinin turizm potensialının inkişafına informasiya dəstəyi, Dünya Köçəri Oyunlarının ənənə və milli özünəməxsusluğun, mədəniyyət və idmanın, dostluq və qonaqpərvərliyin rəmzi kimi təbliği yer alıb.
İclasda, həmçinin MDB-nin 35 illiyinə həsr olunan tədbirlər və MDB iştirakçısı olan dövlətlərin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA) yeni saytının fəaliyyəti müzakirə edilib.
Tədbir iştirakçılarına AZƏRTAC-ın turizm layihələri, o cümlədən ölkənin görməli yerlərini, tarixi və mədəni məkanlarını əhatə edən “Mən turist olsaydım” layihəsi barədə məlumat verilib. Bildirilib ki, bu layihə çərçivəsində hazırlanan materiallar ANİA-nın yenilənmiş saytında yerləşdiriləcək.