04 sentyabr 2026 18:40
124

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Parlamentlərarası əməkdaşlıq ölkələr arasında etimadın formalaşmasına xidmət edir. Parlamentarilər təcrübə mübadiləsi aparmaq, müxtəlif ölkələrin qarşılaşdığı problemlərin həlli yollarını müzakirə etmək və bir-birilərinin təcrübəsindən yararlanmaqla əməkdaşlıq imkanlarını genişləndirə bilərlər.

“İki sahil” xəbər verir ki,  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasında işgüzar səfəri çərçivəsində Cenevrə Universitetində çıxışı zamanı deyib.

Spiker bildirib ki, parlament diplomatiyası ölkələr arasında fikir ayrılıqları olsa belə, dialoqun və əməkdaşlığın davam etdirilməsinə mühüm töhfə verir. Parlamentarilər təcrübə mübadiləsi apararaq bir-birindən öyrənə, yanlış anlaşılmaları aradan qaldıra və qarşılıqlı etimad yarada bilərlər. Bu əməkdaşlıq yalnız ikitərəfli münasibətlərdə deyil, regional və qlobal platformalarda da mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, davamlı sülhün təmin olunması üçün yalnız siyasi razılaşmalar deyil, insanların təhlükəsizliyi, imkanları, sosial rifahı və dövlət institutlarına inamı da vacibdir. Parlament diplomatiyası dialoq üçün imkan yaradır, dialoq isə sülhün möhkəmlənməsinə şərait yaradır. Buna görə də parlamentlərin beynəlxalq əməkdaşlığı sülh və davamlı inkişaf üçün mühüm vasitələrdən biridir.