Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərinə rəsmi səfərdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Qazaxıstan Baş prokuroru Berik Asılovla ikitərəfli görüşdə ev sahibi dövlətlər arasında müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişlənən əməkdaşlığın, xüsusilə prokurorluq orqanları arasında formalaşmış sıx və səmərəli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib.
Baş prokuror bildirib ki, iki ölkə rəhbərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan münasibətləri dövlətlərimiz arasında strateji tərəfdaşlığın və müttəfiqlik əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Bu baxımdan, 24 avqust 2022-ci ildə Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"nin ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olduğunu qeyd edib.
Bu prosesin Prokurorluq orqanları arasında əməkdaşlığa da münbit zəmin yaratdığını qeyd edən Kamran Əliyev həm ikitərəfli münasibətlər, həm də çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulamış, iki ölkənin prokurorluq orqanları arasında mövcud əməkdaşlığın gələcəkdə də davamlı şəkildə inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Baş prokuror həmçinin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinə qardaş Qazaxıstanın verdiyi dəstəyi xüsusi vurğulayıb.
Eyni zamanda, həmin tarixdə dövlət başçılarının Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olmalarını və bu layihənin icrasında Qazaxıstan şirkətinin də iştirakını iki ölkə arasında əməkdaşlığın işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində də uğurla davam etdirilməsinin göstəricisi kimi dəyərləndirib.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, əməkdaşlığın perspektiv istiqamətləri və gələcək fəaliyyətin prioritetləri barədə fikir mübadiləsi keçirilib.
Daha sonra Baş prokuror Kamran Əliyev Türküstan şəhərində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının 5-ci iclasında iştirak edib.
Baş prokuror çıxışında mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Qazaxıstanın Baş prokuroru Berik Asılova minnətdarlığını bildirib. O, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhərsalma və memarlıq sahəsində qanunçuluğun təmin edilməsində prokurorluq orqanlarının rolu mövzusunda çıxış edib.
Baş prokuror qeyd edib ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə şəhərlərin siması da dəyişərək modernləşib. Bununla paralel olaraq, Azərbaycan öz tarixi memarlıq mirasının və ənənələrinin qorunmasına da xüsusi həssaslıqla yanaşır.
Bunun bariz nümunəsi kimi işğaldan azad edilmiş torpaqlarda mədəni tarixi abidələrin bərpası, eləcə də inşa edilən yeni infrastrukturun memarlıq irsimizin tələblərini rəhbər tutmaqla həyata keçirilməsini göstərmək olar. Xüsusi qeyd edilmişdir ki, Qarabağın şəhərləri qardaş türk dövlətlərinin də yaxından iştirakı ilə müasir standartlar səviyyəsində yenidən qurulur. Bundan əlavə, ölkəmiz bu təcrübəni beynəlxalq miqyasa da daşıyır.
Belə ki, cari ildə Bakıda keçirilmiş BMT Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına ev sahibliyi etmiş və digər sahələrdə olduğu kimi bu sferada da qlobal səylərin dəstəklənməsinə öz sadiqliyini göstərmişdir. Şəhərsalma sahəsində qəbul edilən qərarların uzunmüddətli və çox tərəfli təsirlərindən bəhs edən Baş prokuror bu prosesdə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər barədə tədbir iştirakçılarını məlumatlandırmışdır.
Tədbir çərçivəsində, həmçinin Türkiyənin Baş prokuroru Muhsin Şentürkün rəhbərlik etdiyi heyətlə ikitərəfli görüş keçirilmişdir. Görüşdə iki ölkə arasında tarixi qardaşlıq münasibətlərinin, xüsusilə dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Erdoğan arasındakı dostluq əlaqələrinin türk dünyasının birliyinin möhkəmlənməsinin təməlində durması vurğulanıb. Daha sonra prokurorluq arasında əməkdaşlıqla bağlı qarşılıqlı maraq kəsb edən məsələlər, eyni zamanda birgə beynəlxalq tədbirlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin səfəri davam edir. Tədbir çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Mina insidenti bərpa və yenidənqurma səylərimizə mane olur - Prezidentin köməkçisi
Hikmət Hacıyev: 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib
Terrordan müdafiə və terrora qarşı mübarizə üzrə beynəlxalq alyansa qoşulan ilk ölkələrdənik - Hikmət Hacıyev