14 sentyabr 2026 10:21
106

Şəkərli içkilər mədə xərçənginə yol aça bilərmi?

Yeni araşdırma hər gün şəkərli içki qəbul edən insanların mədə xərçənginə tutulma riskinin daha yüksək olduğunu göstərib. Araşdırmada, həmçinin süni şirinləşdiricilərdən istifadə edilən içkilərin bu riskin artması ilə əlaqəli olmadığı müəyyənləşdirilib.

Mədə xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbləri arasında beşinci yerdədir. Lakin qidalanma rejiminin bu xəstəliyin yaranmasına necə təsir göstərə biləcəyi barədə hələ də kifayət qədər məlumat yoxdur.

Əvvəlki tədqiqatlarda şəkərli içkilərin kolorektal, süd vəzi və qaraciyər xərçəngi riskinin artması ilə əlaqəli olduğu göstərilsə də, onların mədə xərçəngi ilə əlaqəsinə dair sübutlar məhdud olub. Yeni araşdırmada gündə ən azı bir porsiya şəkərli içki qəbul edən insanların ayda bir porsiyadan az belə içki istehlak edənlərlə müqayisədə mədə xərçənginə tutulma riskinin iki dəfə yüksək olduğu müəyyənləşdirilib.

“Gastro Hep Advances” elmi jurnalında dərc olunan araşdırmanın müəllifi Endryu Çan bildirib ki, bu, ABŞ əhalisi arasında şəkərli içki istehlakı ilə mədə xərçəngi arasındakı əlaqəni araşdıran ilk tədqiqatdır.

Bir neçə onilliyi əhatə edən araşdırmada 112 min insanın sağlamlığı və həyat tərzi ilə bağlı məlumatları təhlil edilib. Onlardan 278 nəfərinin mədə xərçənginə tutulduğu müəyyənləşdirilib. Şəkərli içki istehlakı ilə xəstəlik riski arasındakı əlaqə həm qadınlarda, həm də kişilərdə müşahidə olunub. Araşdırma iştirakçılarının istehlak etdiyi içkilərdə əsas şirinləşdirici maddənin fruktoza olduğu müəyyən edilib. Fruktoza istehlakının artmasının mədə xərçəngi hallarının daha çox qeydə alınması ilə əlaqəli olduğu aşkarlanıb. Qadınlar arasında isə gündə bir dəfədən çox şəkərli içki, meyvəli kokteyl, limonad və idman içkiləri kimi məhsullar qəbul edənlərin nadir hallarda belə içkilər içənlərlə müqayisədə mədə xərçənginə tutulma riskinin təxminən üç dəfə yüksək olduğu müəyyənləşdirilib. Bunun əksinə olaraq, süni şirinləşdiricilərdən istifadə edilən, aşağı kalorili qazlı içkilərin daha çox istehlakı ilə mədə xərçəngi hallarının artması arasında əlaqə aşkarlanmayıb.

Qeyd edək ki, əvvəlki tədqiqatlarda Helicobacter pylori bakteriyasının yaratdığı infeksiyanın mədə xərçəngi riskini artırdığı göstərilib. Yeni araşdırmada iştirakçıların 940 nəfərdən ibarət alt qrupunda H. pylori infeksiyasının olub-olmaması da qiymətləndirilib. Nəticədə şəkərli içki istehlakı ilə bu bakteriyanın yaratdığı infeksiya arasında əlaqə olmadığı müəyyənləşdirilib.

Tədqiqatçılar araşdırmanın əsas məhdudiyyətinin nəticələrin müşahidə xarakterli olması olduğunu bildiriblər. Buna görə də əldə edilən nəticələr şəkərli içkilərin birbaşa mədə xərçənginə səbəb olduğunu sübut etmir. Bundan əlavə, iştirakçıların H. pylori statusu və ailələrində mədə xərçəngi tarixçəsi ilə bağlı məlumatlar məhdud olub.

Araşdırmada iştirak edənlərin əksəriyyətinin ağdərili olması da tədqiqatçıların müxtəlif irqi və etnik qruplar arasında mümkün fərqləri araşdırmaq imkanlarını məhdudlaşdırıb. Bununla belə, təhlil edilən məlumatların uzun illər ərzində toplanmış həyat tərzi göstəricilərini əhatə etməsi tədqiqatçılara mədə xərçəngi ilə əlaqəli bir sıra mümkün risk faktorlarının təsirini nəzərə almağa imkan verib.

Tədqiqatçılar nəticələrin təsdiqlənməsi, eləcə də şəkərli içkilərin mədə xərçəngi riskini hansı mexanizmlə artıra biləcəyinin müəyyənləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasının vacib olduğunu bildiriblər.

Şahnigar Əhmədova, "İki sahil"