Bir neçə gün əvvəl Prezident İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısı iştirakçılarına müraciət ünvanlayıb.
Dövlətimizin başçısı bildirib ki, qardaş xalqlarımızı ortaq etnik köklər, dil, mədəniyyət və ənənələr möhkəm ailə kimi birləşdirir. Təbii müttəfiqliyimizi rəsmiləşdirən Türk Dövlətləri Təşkilatı geniş coğrafi məkanda yerləşən, nəhəng siyasi və iqtisadi potensialı əhatə edən dost və qardaş ölkələrimizin birliyinin və səmərəli qarşılıqlı fəaliyyətinin nümunəsidir. Türk dünyası özünün yüksəliş mərhələsinə qədəm qoymuşdur. Ölkələrimizdə hökm sürən sülh, əmin-amanlıq və sabitlik şəraiti, uğurla davam etdirilən inkişaf prosesləri xalqlarımızın və dövlətlərimizin böyük nailiyyətidir. Prezident vurğulayıb ki, altı il əvvəl Azərbaycanın qazandığı, ümumi fəxr və qürur mənbəyimiz olan Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu. Bu Zəfər, eyni zamanda, ölkələrimizi iqtisadi, logistik və strateji cəhətdən bir-birinə bağlayan tarixi bir qapının-Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında və bərpasında göstərdikləri dəstəyə görə tədbirdə təmsil olunan ölkələrin nümayəndələrinə öz təşəkkürünü bildirib. Bu təşəbbüslər Azərbaycan xalqı tərəfindən dərin rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.
Bizim sarsılmaz dostluğumuz və qardaşlığımız bu gün vahid ailəmiz olan Türk Dövlətləri Təşkilatının artan beynəlxalq nüfuzunu və potensialını, Təşkilatın dünyanın güclü geosiyasi mərkəzlərindən birinə çevrilməsini şərtləndirən əsas amillərdəndir.
Xatırladaq ki, keçən il Qəbələ Zirvə Görüşündə qəbul edilmiş Bəyannamə üzv ölkələrin siyasi, iqtisadi, enerji, humanitar, hərbi və təhlükəsizlik sahələrində sıx əməkdaşlığını və inteqrasiyasını ehtiva edən mühüm yol xəritəsidir.
Avropa ilə Asiyanı birləşdirən, türk dövlətlərinin rifahına töhfə verən mühüm nəqliyyat-logistika layihəsi olan Orta Dəhlizin, o cümlədən Zəngəzur dəhlizinin və digər nəqliyyat bağlantılarının inkişaf etdirilməsi istiqamətində səy göstərilir. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri birinci olaraq yerinə yetirib.
Əlamətdar hadisələrdən biri də Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin keçirilməsidir. Orada görkəmli alimlər, şair və yazıçılar birgə fəaliyyət meydanı müəyyən ediblər. Mədəni əlaqələr getdikcə genişlənməkdədir.
Prezident fikrini davam etdirərək deyib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın yenidən müstəqillik əldə etməsindən o qədər də uzun müddət keçməyib, lakin bu dövr həm mürəkkəb, həm də şərəfli olub. Hər bir ölkənin öz çətinlikləri olub, Azərbaycanın da öz çətinlikləri olub, lakin hamımız ən mürəkkəb sınaqlardan şərəflə çıxmışıq. Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq. Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq.”
Əlbəttə, həmişə görülən işlərin müsbət sonluğu olur. TDT-nin yaradılmasında fəallıq göstərən Türkiyə və Azərbaycan ümumi dostluq və qardaşlığın nüvəsini təşkil edirlər. Bu iki dövlətin onilliklər boyu təcrübəsi deyilənlərə ən yaxşı sübutdur. Prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Özbəkistana, Qazaxıstana, Türkmənistana və Qırğızıstana dövlət səfərləri, bu istiqamətdə aparılan danışıqlar, birgə layihələr, əldə edilən nailiyyətlər inamla belə deməyə əsas verir. Çox keçməz ki, Azərbaycan Prezidentimizin göstərdiyi yeni hədəflərə də çatar, TDT dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından birinə çevrilər.
Vəli İlyasov, “İki sahil”
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini dövlət siyasətinin bütün imkanları ilə müdafiə edib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ