Görüşdə AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abasova, böyük mütəxəssis Ruhlan Əbülfəzzadə, mütəxəssis Sevinc İmanova, SİP şöbəsinin müdiri Röya Əliyeva, eləcə də mikromobillik xidmətləri göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
İnfosessiyada əsas diqqət mikromobilliyin inkişafına, velosiped və skuterlərdən gündəlik səfərlərdə istifadənin təşviqinə yönəldilib. İştirakçılara bu nəqliyyat vasitələrinin şəhərdaxili hərəkətdə alternativ imkanlar yaratması, avtomobildən asılılığın və nəqliyyat sıxlığının azaldılmasına töhfəsi barədə məlumat verilib. Piyadayönümlü şəhər yanaşmasının əhəmiyyəti, üstünlükləri və daha sağlam, ekoloji baxımdan əlverişli şəhər mühitinin formalaşmasındakı rolu müzakirə olunub.
Görüş zamanı AYNA-nın fəaliyyət istiqamətləri, o cümlədən sərnişindaşıma, parklanmanın təşkili və piyadalar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin ictimai nəqliyyatda “brutto müqavilə” modelinin əhəmiyyəti və perspektivlərinə toxunulub.
İştirakçılar qarşıdakı mobillik tədbirləri barədə də məlumatlandırılıblar. Sentyabrın 19-da keçirilməsi nəzərdə tutulan veloyürüş və Avropa Mobillik Həftəsi çərçivəsində sentyabrın 20-də təşkil olunacaq “Avtomobilsiz gün” haqqında məlumat verilib. “Avtomobilsiz gün”ün saat 10:00-dan 20:00-dək Məhəmməd Naxçıvani küçəsində keçiriləcəyi bildirilib.
Sual-cavab sessiyasında AYNA-nın Daxili kommunikasiya və tədbirlərin təşkilinin şöbə müdiri Elmira Abasova tələbələrin agentliyin çağrı xidmətindən istifadə, nəqliyyat xidmətləri və sərnişinlərin gündəlik qarşılaşdıqları çətinliklərlə bağlı suallarını cavablandırıb. Müzakirələrdə agentliyin fəaliyyət prioritetləri və yeni istiqamətləri barədə də açıqlamalar verilib.
Tədbirin sonunda iştirakçılara AYNA tərəfindən hədiyyələr təqdim olunub. Daha sonra universitetin həyətində “Apar” və “Jet” əməkdaşlarının iştirakı ilə tələbələr üçün praktik təlim keçirilib. Təlim zamanı velosiped və skuterlərdən istifadə qaydaları izah olunub və praktik şəkildə nümayiş etdirilib.