18 sentyabr 2026 18:45
113

Məktəb çantası seçərkən nələrə diqqət edilməlidir?

Yeni dərs ilinin başlaması ilə uşaqların hər gün daşıdıqları məktəb çantalarının ağırlığı yenidən gündəmə gəlib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ağır və düzgün daşınmayan çantalar xüsusilə bel və çiyin nahiyəsindəki əzələlərə əlavə yük salaraq ağrılara və duruş pozuntularına səbəb ola bilər. Bəs məktəb çantası uşağın çəkisinin nə qədərini təşkil etməli və necə daşınmalıdır? Valideynlər hansı məqamlara diqqət yetirməlidirlər?

Türkiyəli professor, doktor Hamdi Nezih Dağdeviren ağır və tarazlı şəkildə daşınmayan məktəb çantalarının uşaqlarda əzələ ağrılarına və duruş pozuntularına səbəb ola biləcəyini bildirib.  Dağdeviren çantanın çəkisi azaldılsa belə, istirahətdən sonra keçməyən və ya zamanla güclənən ağrıların diqqətdən kənarda qalmamalı olduğunu vurğulayıb: "Məktəb çantalarının ağır olması və tarazlı şəkildə daşınmaması uşaqlarda duruş pozuntularına, ilk növbədə isə əzələ ağrılarına səbəb ola bilər. Ağrılar istirahət etdikdə keçmirsə, ailələrə əvvəlcə çantanın çəkisini azaltmağı, şikayətlər davam edərsə, uşağı həkim müayinəsinə aparmağı tövsiyə edirik".

Məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10 faizini keçməməlidir

Dağdeviren bildirib ki, praktik olaraq məktəb çantasının çəkisinin uşağın bədən çəkisinin 10 faizindən çox olmaması tövsiyə edilir. Mümkün olduqda isə daha yüngül çantalara üstünlük verilməlidir: "Düzgün çanta seçmək qədər ondan düzgün istifadə etmək də vacibdir. Çantanın hər iki çiyinə taxılan, çiyin qayışları mümkün qədər enli olan və ağırlığı bədənə bərabər paylayan model olmasını istəyirik. Çanta mümkün qədər belə yaxın daşınmalıdır. Bəzi hallarda təkərli çantalardan da istifadə etmək olar. Lakin əsas məsələ uşağın belinə normadan artıq yük düşməsinin qarşısını almaqdır."

Dağdeviren məktəb çantalarının yüngülləşdirilməsi üçün yalnız valideynlərin deyil, məktəblərin də məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, şagirdlərin həmin gün ehtiyac duymadıqları kitab və dərs vəsaitlərini məktəbdə saxlaya bilmələri üçün təhlükəsiz şkafların yaradılması faydalı ola bilər. Dərs cədvəlləri də uşaqların gün ərzində daha az yük daşımalarını təmin edəcək şəkildə tərtib edilə bilər.

Skolioz yalnız məktəb çantaların görə yaranır?

Professor Dağdeviren ağır məktəb çantaları ilə skolioz arasında birbaşa səbəb-nəticə əlaqəsi qurmağın düzgün olmadığını vurğulayıb: "Skoliozun yalnız çantaya görə yarandığını demək düzgün deyil. Ancaq əzələlərin fəaliyyəti pozulubsa, oturuş tərzi dəyişibsə və bu vəziyyət gündəlik həyatın bütün sahələrinə təsir edirsə, duruş dəyişiklikləri qalıcı ola bilər.

Uşaq dərsdə, evdə planşetlə işləyərkən və televizora baxarkən eyni yanlış vəziyyətdə oturursa, bu, duruş pozuntularının davamlı xarakter almasına səbəb ola bilər. Həmçinin onurğanın əyriliyində dəyişikliklər yarana bilər".

Dağdeviren uşaqların yalnız məktəb çantası daşıyarkən deyil, gündəlik həyatlarının bütün sahələrində düzgün duruş vərdişləri qazanmalarının vacibliyini bildirib. O, valideynlərin və uşaqların sağlamlıqla bağlı savadlılıqlarının artırılmasının əhəmiyyətini də vurğulayıb.

Şahnigar Əhmədova, "İki sahil"