20 sentyabr 2026 11:39
97

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

20 sentyabr-Neftçilər Günü münasibəti ilə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı “Balakhani Operating Company LTD” (BOC) hasilat şirkətinin bir qrup fərqlənən neftçisini mükafatlandırıb.

“İki sahil” xəbər verir ki, şirkətin Sabunçu rayonunda yerləşən baş qərargahında keçirilən  bayram tədbirində YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov təltifləri BOC prezidenti Rövşən Rzayev və Milli Məclisin deputatı, siyasi elmlər doktoru Vüqar Rəhimzadə ilə birgə təqdim ediblər.

Toplantıda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də  peşə borclarını yerinə yetirərkən həlak olan neftçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Neftçiləri təbrik edən hakim partiyanın rəsmiləri vurğulayıblar ki, müstəqil və suveren Azərbaycanın imza atdığı bütün uğurların arxasında onun strateji şəkildə qurulmuş iqtisadi siyasəti dayanır. 20 sentyabr tarixinin yaxın keçmişimizin şanlı səhifələrini əks etdirərək “Neftçilər Günü” ilə yanaşı “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi də Azərbaycanın siyasi və iqtisadi xəttinin birgə yüksəlişinin rəmzidir. Çünki məhz Ümummilli lider Heydər Əliyevin uzaqgörən təşəbbüsü, “Əsrin Müqaviləsi” ilə başlayan iqtisadi dirçəliş prosesi Azərbaycanın siyasi-iqtisadi və sosial baxımdan güclənməsinə səbəb oldu, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunu mümkün edərək Vətənimizə parlaq zəfər gətirdi.

Bu fikrin davamı olaraq BOC prezidenti Rövşən Rzayev qeyd edib ki, neftçilər strateji sahədə çalışdıqlarını anlayaraq işlərinə daim məsuliyyətlə yanaşırlar. O, əlavə edib: “Məsuliyyətə şərəf hissi də qatanda- başa düşəndə ki, bizim çıxardığımız hər ton neft dövlət büdcəsinə əlavə gəlirdir, oradan isə- daha yaxşı məktəblər, daha müasir müəssisələr, daha sürətlə bərpa olunan azad Qarabağımız və neçə-neçə Azərbaycanın daha böyük zəfəri deməkdir...işə gələndə keçirdiyimiz günlər böyük məna ilə dolur”.

Tədbirdə tarixi Balaxanı mədənlərinə həsr edilmiş “Od və Günəş” sənədli filmindən parçalar da nümayiş etdirilib.