25 sentyabr 2026 11:03
129

Kamran Bayramov: Bu gün Bakıda qlobal iqtisadiyyatın gələcəyi müzakirə olunur 

Son illər ərzində Azərbaycan Respublikası qlobal miqyaslı siyasi, iqtisadi, ekoloji və diplomatik sammitlərin keçirildiyi əsas beynəlxalq mərkəzlərdən birinə çevrilmişdir. Ölkəmizdə belə möhtəşəm tədbirlərin və platformaların ardıcıl şəkildə təşkil olunması dövlətimizin artan beynəlxalq nüfuzunun, ölkədəki sarsılmaz sosial-siyasi sabitliyin və davamlı inkişaf edən milli iqtisadiyyatın bariz təzahürüdür. Bu uğurlu strateji kursun növbəti məntiqi davamı olaraq, sentyabrın 25-də Bakı şəhərində Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz işinə start verib. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə baş tutan bu möhtəşəm tədbir bu il “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” devizi altında keçirilir. Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov Prezident İlham Əliyevin forum iştirakçılarına unvanladığı  müraciətini oxuyub. Müraciətdə ölkəmizin investisiya mühiti, qeyri-neft iqtisadiyyatının inkişaf prioritetləri və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi ilə bağlı strateji mesajlar önə çəkilib.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib. 

K.Bayramov qeyd edib ki, dünyanın ən aparıcı investorlarını, transmilli korporasiyaların rəhbərlərini, nüfuzlu dövlət xadimlərini və beynəlxalq maliyyə institutlarının nümayəndələrini bir araya gətirən bu forum Azərbaycanın gələcək iqtisadi mənzərəsinin formalaşmasında müstəsna rola malikdir. Gün ərzində keçirilən plenar iclaslarda və paralel panel sessiyalarında qlobal iqtisadiyyatın ən kritik istiqamətləri ətrafında dərindən fikir mübadiləsi aparılır. Müzakirə olunan əsas mövzular sırasında Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, "yaşıl enerji" keçidi və bərpaolunan enerji mənbələrinin yaradılması, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal transformasiya, müasir sənaye infrastrukturu, azad iqtisadi zonaların fəaliyyəti, strateji kritik xammal ehtiyatları, aqrobiznes, maliyyə sektoru, kiçik və orta biznesin (KOB) dəstəklənməsi, turizm, daşınmaz əmlak və insan kapitalına yönəldilən investisiyalar xüsusi yer tutur. Müzakirələrin mərkəzində duran əsas məqam Azərbaycanın təkcə ənənəvi neft-qaz tədarükçüsü və tranzit dəhlizi kimi deyil, həm də sənaye istehsalını, texnoloji innovasiyaları və regional dəyər zəncirlərini şərtləndirən böyük iqtisadi haba çevrilməsidir.

Deputat diqqətə çatdırıb ki, forumun Avropanın ən nüfuzlu analitik mərkəzlərindən biri olan “The European House – Ambrosetti & TEHA Group” tərəfdaşlığı ilə təşkil olunması tədbirin beynəlxalq çəkisini və strateji əhəmiyyətini daha da artırır. Məlum olduğu kimi, hazırda qlobal miqyasda mürəkkəb geostrateji proseslər gedir, təchizat və tədarük zəncirləri yenidən formalaşır, yeni enerji və nəqliyyat marşrutları ortaya çıxır. Belə bir həssas şəraitdə Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir logistik infrastrukturu və etibarlı tərəfdaş imici ölkəmizi regional və qlobal bağlantılarda əvəzsiz oyunçuya çevirir.

K.Bayramov əlavə edib ki, İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin nəhəng iqtisadi potensialını xarici biznes subyektlərinə nümayiş etdirmək, milli iqtisadiyyata birbaşa xarici investisiyaları cəlb etmək üçün unikal bir platformadır. Beynəlxalq forum çərçivəsində sənaye, maliyyə, tikinti, süni intellekt, bərpaolunan enerji, kənd təsərrüfatı və su resurslarının idarə olunması kimi həyati vacib sahələri əhatə edən çoxsaylı ikitərəfli müqavilələrin, anlaşma memorandumlarının və strateji sənədlərin imzalanması nəzərdə tutulur. Əldə olunacaq bu tarixi nəticələr Azərbaycan iqtisadiyyatının diversifikasiyasına (şaxələndirilməsinə), yeni iş yerlərinin açılmasına, qeyri-neft eksportunun yüksəlməsinə və ölkəmizin qlobal investisiya xəritəsindəki lider pozisiyasının daha da möhkəmlənməsinə böyük təkan verəcəkdir.