05 oktyabr 2026 11:01
87

İllər sonra yollar yenidən birləşir: Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır

Qarabağın düzənlik hissəsini dağlıq ərazilərlə birləşdirən tarixi yol istiqamətlərindən biri müasir standartlara uyğun şəkildə yenidən qurulur.

“İki sahil” xəbər verir ki, Suqovuşan–Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən başlayaraq Ağdərə və Ağdam istiqamətində uzanan 33,8 kilometrlik avtomobil yolunda tikinti işləri davam etdirilir.

Müxtəlif hissələri I, II və III texniki dərəcəyə uyğun inşa olunan yol 4 və 2 hərəkət zolaqlı olmaqla layihələndirilib.

Layihə çərçivəsində marşrut boyunca 4 körpünün və 56 suötürücü borunun tikintisi nəzərdə tutulub. Hazırda yol yatağının, suötürücü və digər süni qurğuların inşası həyata keçirilir.

Tikinti sahəsində 76 maşın-mexanizm və 75 nəfərlik işçi heyəti çalışır. İşlərin fasiləsiz aparılması məqsədilə ərazidə asfalt-beton zavodu, həmçinin karxana materiallarının çeşidlənməsi üçün xüsusi istehsalat sistemi fəaliyyət göstərir.

Layihənin icrası nəticəsində Ağdamdan Ağdərəyə, buradan isə Suqovuşan və Kəlbəcərə uzanan vahid yol bağlantısı formalaşacaq.

Yeni yol xətti Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat imkanlarının genişləndirilməsinə, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsinə və Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin davamlılığına xidmət edəcək.