05 oktyabr 2026 11:43
85

Nazir: Əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır

Kənd təsərrüfatında əsas hədəf daha məhsuldar və rəqabətqabiliyyətli sistem formalaşdırmaqdır.

“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, bu gün kənd təsərrüfatının qarşısında duran əsas məqsəd yalnız istehsal həcmini artırmaq deyil, eyni zamanda daha məhsuldar, səmərəli, texnoloji və rəqabətqabiliyyətli aqrar sistem formalaşdırmaqdır.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın gücləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlət başçısının 25 may 2026-cı il tarixində təsdiq etdiyi "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər Dövlət Proqramı"nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi əsas prioritet kimi müəyyənləşdirilib. Bu məqsədlərə nail olmaq üçün müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi mühüm əhəmiyyət daşıyır", - deyə nazir qeyd edib.

Bundan başqa, M.Məmmədovun sözlərinə görə, aqrar məhsulların emalı və ixrac imkanlarının genişləndirilməsi əsas hədəflərdəndir: "Aqrar inkişaf yalnız istehsalla məhdudlaşmamalıdır. Məhsulun saxlanılması, logistikası, emalı, qablaşdırılması və dəyər zəncirinin düzgün təşkil edilməsi ilə ixrac imkanlarının genişləndirilməsi əsas məqsədlərimizdən biridir. Bu gün burada ölkənin iri aqrar-sənaye şirkətlərinin iştirakı da festivalın yaratdığı əməkdaşlıq imkanlarının genişliyini göstərir. Əsas hədəfimiz bundan sonra da fermerin yanında olmaq, onun müasir texnologiyalara, keyfiyyətli toxuma və innovativ həllərə çıxışını genişləndirmək, aqrar istehsalın səmərəliliyini və rəqabətqabiliyyətini artırmaqdır. Əminəm ki, dövlət, fermer, biznes, elm və texnologiya arasında əməkdaşlığın daha da gücləndirilməsi ölkəmizin aqrar sektorunun inkişafına mühüm töhfə verəcək".