07 oktyabr 2026 17:08
238

Enerji sektorunda yeni mərhələ: dayanıqlılıq, texnologiya və insan kapitalı

Dünyanın enerji xəritəsi sürətlə dəyişir. Enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, yaşıl transformasiya, rəqəmsallaşma və yeni texnologiyalar artıq enerji sektorunun gələcəyini müəyyən edən əsas amillər sırasında yer alır. Bu dəyişikliklər fonunda enerji şirkətlərinin qarşısında istehsal və investisiya imkanlarını genişləndirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun idarəetmə, insan kapitalı və texnoloji potensial formalaşdırmaq vəzifəsi dayanır.

Bu baxımdan “SOCAR Türkiyə”nin fəaliyyət istiqamətləri enerji sektorunda baş verən qlobal transformasiyanın mühüm nümunələrindən biri kimi diqqət çəkir. Şirkətin “Enerjimiz Bir” jurnalının doqquzuncu sayında enerji bazarındakı yeniliklər, dayanıqlılıq, texnologiya, insan resurslarının inkişafı, investisiya layihələri və Türkiyə-Azərbaycan əlaqələrinin müxtəlif istiqamətləri geniş şəkildə təqdim olunur. “SOCAR Türkiyə”nin rəsmi nəşri olan “Enerjimiz Bir” jurnalının yeni sayında şirkətin fəaliyyətinin müxtəlif sahələri ilə yanaşı, dünya enerji gündəmində baş verən dəyişikliklərə də nəzər salınıb.

Enerji keçidinin sürətləndiyi bir vaxtda ənənəvi enerji infrastrukturu ilə yeni texnologiyaların uzlaşdırılması mühüm məsələlərdən biridir. Xüsusilə neft emalı və neft-kimya sənayesində həyata keçirilən investisiyalar istehsal imkanlarının qorunması ilə yanaşı, rəqabət qabiliyyətinin artırılması baxımından da əhəmiyyət daşıyır. “Enerjimiz Bir” jurnalının son buraxılışında bu istiqamətdə “Petkim”in baş direktoru, “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya Biznes Bölməsinin rəhbəri Kənan Mirzəyevlə müsahibəyə xüsusi yer verilməsi təsadüfi deyil. Müsahibədə Əliağadakı əməliyyatların gələcəyi, investisiya və transformasiya yönümlü layihələr, eləcə də neft-kimya sektorunda dəyişən rəqabət mühiti müzakirə olunub. Əliağada formalaşdırılmış inteqrasiya olunmuş enerji və neft-kimya infrastrukturu Türkiyənin sənaye potensialında mühüm yer tutur. Bu sistemin gələcək inkişafı üçün yeni texnologiyaların tətbiqi, istehsal proseslərinin səmərəliliyinin artırılması və dəyişən bazar şərtlərinə uyğun investisiya qərarlarının qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir. Burada əsas məqam ondan ibarətdir ki, enerji sektorunda gələcəyin layihələri yalnız bu günün tələbatını qarşılamaqla məhdudlaşmır. Onlar həm də uzunmüddətli perspektivdə sənayenin rəqabət qabiliyyətini qorumağa və yeni iqtisadi imkanlar yaratmağa hesablanır.

Dayanıqlı inkişaf enerji strategiyasının ayrılmaz hissəsidir

Son illərdə qlobal enerji gündəliyinin ən mühüm mövzularından biri dayanıqlı inkişafdır. Karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin yüksəldilməsi, dövri iqtisadiyyatın inkişafı və daha təmiz texnologiyalara keçid şirkətlərin strateji planlarında getdikcə daha böyük yer tutur. “SOCAR Türkiyə”nin yanaşmasında da dayanıqlılıq yalnız ekoloji məsələ kimi deyil, biznesin gələcək davamlılığını müəyyən edən kompleks istiqamət kimi nəzərdən keçirilir. Enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması, dövri iqtisadiyyat, süni intellekt və rəqəmsallaşma sahələrində görülən işlər bu yanaşmanın müxtəlif istiqamətlərini əhatə edir.

Əslində, enerji keçidinin uğuru yalnız yeni enerji mənbələrinin yaradılmasından asılı deyil. Mövcud resurslardan daha səmərəli istifadə, istehsal proseslərinin optimallaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi və insan kapitalının yeni bacarıqlarla zənginləşdirilməsi də bu prosesin mühüm hissəsidir. Bu baxımdan Türkiyənin COP31-ə ev sahibliyi etməsi də enerji və iqlim gündəliyinin regional əhəmiyyətini artıran amillərdən biri kimi qiymətləndirilə bilər. Yaşıl sənayeləşmə, enerji transformasiyası, maliyyələşdirmə və texnologiya kimi məsələlər qlobal enerji sisteminin gələcək istiqamətləri ilə birbaşa bağlıdır.

Transformasiyanın əsas dayağı insan kapitalıdır

“SOCAR Türkiyə”nin fəaliyyətində insan kapitalının inkişafına xüsusi diqqət yetirilməsi də bu reallıqla bağlıdır. Şirkətin İstanbul Texniki Universiteti ilə həyata keçirdiyi “Dayanıqlılıq Sertifikat Proqramı” əməkdaşlığı dayanıqlılıq üzrə bilik və bacarıqların artırılmasına yönələn təşəbbüslərdən biridir. Bununla yanaşı, “SOCAR Enerji Məktəbi” (SOCAR Energy School) proqramının yeni mərhələsinin başlaması da enerji sektorunda gələcəyin mütəxəssislərinin hazırlanması baxımından əhəmiyyətlidir. Belə təşəbbüslər enerji sənayesinin yalnız texniki deyil, idarəetmə və strateji baxımdan da yeni dövrə hazırlanmasına imkan verir.

Şirkətin əməkdaşların inkişafına yönəlmiş “Cib Kitabları” seriyası da davamlı öyrənmə mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Müasir əmək bazarında peşəkar biliklərin daim yenilənməsi artıq üstünlük deyil, zərurətdir. Xüsusilə enerji kimi sürətli texnoloji dəyişikliklərin baş verdiyi sahədə kadrların yeni biliklərə çıxışının təmin edilməsi şirkətlərin dayanıqlı inkişafında mühüm rol oynayır.

İnteqrasiya olunmuş struktur yeni imkanlar yaradır

“SOCAR Türkiyə”nin fəaliyyətinin digər mühüm xüsusiyyəti onun müxtəlif enerji istiqamətlərini vahid struktur daxilində birləşdirməsidir. Emal, neft-kimya, təbii qaz, enerji ticarəti, logistika, terminal və digər fəaliyyət sahələri arasında mövcud əlaqələr dəyişən bazar şərtlərinə daha çevik reaksiya verməyə imkan yaradır. Enerji sektorunda qlobal dəyişikliklərin sürətləndiyi bir dövrdə belə inteqrasiya olunmuş model şirkətlərin həm riskləri idarə etməsinə, həm də yeni imkanları daha çevik qiymətləndirməsinə şərait yaradır. Maliyyə dayanıqlılığı, əməliyyat səmərəliliyi və texnoloji imkanların paralel inkişaf etdirilməsi də bu modelin mühüm elementlərindəndir.

“SOCAR Türkiyə”nin 2025-ci il üzrə İnteqrasiya Hesabatının yayımlanması da şirkətin fəaliyyətinə bu yanaşma çərçivəsində baxmağa imkan verir. Hesabatda fəaliyyət istiqamətləri, maliyyə nəticələri və dayanıqlılıq sahəsində görülən işlər vahid yanaşma ilə təqdim olunur. Bu yanaşma enerji şirkətinin fəaliyyətinin yalnız istehsal göstəriciləri ilə deyil, iqtisadi, sosial, ekoloji və idarəetmə nəticələri ilə birlikdə qiymətləndirilməsinin getdikcə daha böyük əhəmiyyət qazandığını göstərir.

Azərbaycan-Türkiyə əməkdaşlığı enerji sahəsində də yeni məzmun qazanır

“SOCAR Türkiyə”nin fəaliyyətində Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi yeri var. İki ölkə arasında siyasi və tarixi qardaşlıqla yanaşı, enerji sektorunda formalaşmış əməkdaşlıq regional iqtisadi inkişaf baxımından mühüm nəticələr yaradıb. Azərbaycanın enerji resurslarının Türkiyə və Avropa bazarlarına çıxarılması, birgə layihələrin həyata keçirilməsi və enerji infrastrukturunun inkişaf etdirilməsi iki ölkənin strateji tərəfdaşlığının mühüm istiqamətlərindəndir. Bu əməkdaşlıq illər ərzində yalnız enerji təchizatı ilə məhdudlaşmayıb, sənaye, investisiya, logistika və digər sahələrə də genişlənib.

“SOCAR Türkiyə”nin nəşrində Azərbaycanın mədəni irsinə və iki ölkə arasındakı əlaqələrə ayrıca yer ayrılması da bu baxımdan diqqətəlayiqdir. Jurnalın yeni sayında Azərbaycanın tarixi və mədəni şəhərlərindən biri olan Şəkiyə geniş yer verilir. İpək Yolu üzərində yerləşməsi, zəngin tarixi və mədəni irsi ilə seçilən Şəki haqqında material iki ölkənin ortaq mədəni bağlarının daha yaxından tanıdılması baxımından da maraq doğurur. Bu cür yanaşma göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri yalnız siyasi və iqtisadi əlaqələrdən ibarət deyil. Ortaq tarix, mədəniyyət və humanitar bağlar da iki ölkə arasındakı strateji tərəfdaşlığın mühüm dayaqlarıdır.

“SOCAR Türkiyə”nin “Enerjimiz Bir” jurnalının yeni sayında əksini tapan mövzular Enerji və neft-kimya sektorunda investisiyalardan dayanıqlılığa, rəqəmsallaşmadan insan kapitalına, qlobal enerji gündəmindən Azərbaycan-Türkiyə münasibətlərinə qədər geniş mövzuların bir nəşrdə bir araya gətirilməsi müasir enerji sənayesinin artıq bir-biri ilə sıx bağlı olan çoxsaylı istiqamətlər üzrə inkişaf etdiyini göstərir.

“Enerjimiz Bir”in son buraxılışında təqdim olunan yanaşma da bu reallığı ön plana çıxarır: gələcəyin enerji dünyası bu gündən formalaşdırılır və həmin gələcəyin əsasını yalnız enerji resursları deyil, onları daha səmərəli idarə edən texnologiyalar, inkişaf edən insan kapitalı və möhkəm əməkdaşlıq əlaqələri təşkil edir.

Orxan Vahidoğlu, “İki sahil”