"Bakıda keçiriləcək U-15 dünya çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri yekunlaşmaq üzrədir. Obyektin tikintisində baş podratçı təşkilat qismində SOCAR-ın “Neftqaztikinti” Tresti çıxış edir. Layihə üzrə görülən işlərə SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanmış layihə əsasında başlanılıb. Tikinti prosesində SOCAR-ın Nəqliyyat İdarəsinin texnika və mexanizmlərindən də istifadə olunub. Bundan əlavə, xüsusi və spesifik işlərin yerinə yetirilməsi üçün tender yolu ilə müəyyənləşdirilmiş subpodratçı təşkilatlar prosesə cəlb edilib.

Bu sözləri jurnalistlərin Hövsan Yarış Kompleksinə mediaturu zamanı SOCAR-ın "Neftqaztikinti" trestinin rəhbəri Qağaməli Seyfullayev deyib. O vurğulayıb ki, ərazi ümumilikdə iki hissədən ibarətdir. Əsas, daimi ərazi 12 hektardır. 480 metr uzunluğunda, 250 metr enində olan bu ərazidə ümumilikdə 10 ədəd stadion layihələndirilib: "Hazırda isə son tamamlama işləri həyata keçirilir. Buraya ehtiyat oyunçular üçün oturacaqların quraşdırılması, ara setkaların asılması, küləkdən qorunmaq üçün tentlərin çəkilməsi, həmçinin proyektor dayaqlarının quraşdırılması daxildir".

"Ərazinin digər hissəsi isə 6,6 hektarlıq köməkçi ərazidir. 440 metr uzunluğunda və 150 metr enində olan bu sahədə müxtəlif ölçülü 23 çadır quraşdırılıb. Çadırlar media qrupları, ərazidə xidmət göstərən personal və digər işçi heyətin ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Burada qidalanma, sanitar qovşaqlar, yuyunma və soyunub-geyinmə məntəqələri yerləşdirilib" - deyə Qağaməli Seyfullayev əlavə edib.
Orxan Vahidoğlu, "İki sahil"
Artıq Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır