Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər ölkəmizin Mərkəzi Asiya regionu ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının çıxışı Azərbaycanın region dövlətləri ilə siyasi dialoqdan iqtisadi əməkdaşlığa, nəqliyyatdan energetikaya, investisiyadan rəqəmsal bağlantılara qədər geniş spektri əhatə edən çoxşaxəli tərəfdaşlıq siyasətinin strateji məzmununu aydın şəkildə ortaya qoydu.
Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul olunması regionun siyasi və iqtisadi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin təbii inkişafının məntiqi nəticəsidir. Bu qərarın yekdilliklə dəstəklənməsi Azərbaycanın region dövlətləri tərəfindən etibarlı və konstruktiv tərəfdaş kimi qəbul edildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında Türkmənistanın və şəxsən Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycanın bu formatda tamhüquqlu iştirakının təşəbbüskarı kimi xüsusi qeyd edilməsi iki ölkə arasındakı yüksək səviyyəli siyasi münasibətlərin göstəricisidir.
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşməsi təsadüfi xarakter daşımır. Tarixi-mədəni yaxınlıq, ortaq dəyərlər, qarşılıqlı hörmət və strateji maraqlar bu münasibətlərin möhkəm təməlini təşkil edir. Bu gün Azərbaycan və Mərkəzi Asiya dövlətləri yalnız ikitərəfli əlaqələri inkişaf etdirmir, eyni zamanda regional əməkdaşlığın yeni arxitekturasının formalaşmasına mühüm töhfə verirlər.
Azərbaycan-Türkmənistan münasibətlərinin son dövrdə dinamik inkişafı bunun bariz nümunəsidir. Ötən ildən etibarən ən yüksək səviyyədə artıq beş qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və tərəflərin münasibətləri daha da dərinləşdirmək əzmini nümayiş etdirir. Xüsusilə Füzuli şəhərində məscidin tikintisi ilə bağlı təşəbbüs iki xalq arasındakı mənəvi yaxınlığın və qardaşlıq münasibətlərinin mühüm rəmzlərindən biridir. Türkmənistanın bu layihəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən qardaş dəstəyinin mühüm nümunəsi kimi tarixə düşür.
Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı da regionlararası həmrəyliyin mühüm göstəricisidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi dost və qardaş ölkələrin Azərbaycanın Zəfərindən sonrakı quruculuq prosesinə verdiyi töhfənin konkret ifadəsidir. Bu layihələr yalnız infrastruktur obyektləri deyil, eyni zamanda xalqlarımız arasında tarixi və mənəvi bağların gələcək nəsillərə ötürülməsinə xidmət edən mühüm humanitar körpülərdir.
Prezident cənab İlham Əliyevin çıxışında Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin inkişaf dinamikasına xüsusi diqqət yetirilməsi də diqqətçəkən məqamlardandır. Ötən il Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması iqtisadi münasibətlərin genişlənməsinin real göstəricisidir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi maraqların artıq institusional və biznes müstəvisində də möhkəmləndiyini göstərir. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaratması isə əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm amildir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qarşılıqlı ticarətin artırılması ilə kifayətlənmək deyil, birgə investisiya qoyuluşlarını genişləndirmək, yeni istehsal müəssisələri yaratmaq və məhsulları xarici bazarlara çıxarmaq əsas prioritetlərdən biri olmalıdır. Bu yanaşma Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin sadəcə ticarət əlaqələri çərçivəsində deyil, uzunmüddətli istehsal və investisiya tərəfdaşlığı müstəvisində inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır.
Nəqliyyat sahəsi isə Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının strateji istiqamətlərindən biridir. Xəzər dənizinin iki sahilində formalaşan nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycan üzərindən dünya bazarlarına çıxaran mühüm bağlantı xəttinə çevrilir. Azərbaycanın son illərdə dəniz limanlarına, aeroportlara, dəmir və avtomobil yollarına yatırdığı investisiyalar ölkəmizin regional logistika imkanlarını əhəmiyyətli dərəcədə gücləndirib. Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti xüsusilə artır. Qlobal ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin dayanıqlığının təmin olunması və Avropa ilə Asiya arasında daha təhlükəsiz və səmərəli bağlantıların yaradılması baxımından Orta Dəhliz artıq regional deyil, qlobal əhəmiyyət daşıyan layihəyə çevrilməkdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il bu marşrut üzrə tranzit yükdaşımaların həcminin 10 faizdən çox, cari ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artması marşrutun artan iqtisadi potensialını nümayiş etdirir. Nəqliyyat əlaqələrinin rəqəmsal infrastrukturla tamamlanması isə əməkdaşlığın gələcək inkişaf perspektivlərini daha da genişləndirir. “Rəqəmsal İpək Yolu” layihəsi və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı Azərbaycanla Mərkəzi Asiya arasında yalnız fiziki deyil, rəqəmsal bağlantıların da gücləndirilməsinə xidmət edir. Beləliklə, ölkələrimiz arasında yeni nəsil kommunikasiya və məlumat mübadiləsi imkanlarının formalaşdırılması regionun qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirə bilər.
Energetika sahəsi də Azərbaycan-Mərkəzi Asiya tərəfdaşlığının strateji sütunlarından biridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında mühüm tranzit mərkəzə çevirir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəqlinin artması bu potensialın praktik nəticəsidir. Bununla yanaşı, yaşıl enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında həyata keçirilən birgə işlər regionun enerji xəritəsində yeni imkanların yaranmasından xəbər verir. Yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsü Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı tranzit ölkəsi olmaqla yanaşı, gələcəyin enerji sistemində də mühüm rol oynamaq niyyətini nümayiş etdirir. Bərpaolunan enerji mənbələrinin inkişafı, elektrik enerjisinin ötürülməsi və regional enerji bağlantılarının genişləndirilməsi Azərbaycanı Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni enerji əməkdaşlığının mühüm iştirakçılarından birinə çevirə bilər.
Prezident cənab İlham Əliyevin çıxışının mühüm siyasi mesajlarından biri də ondan ibarətdir ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının perspektivləri yalnız iqtisadi və nəqliyyat layihələri ilə məhdudlaşmır. Ölkələr arasında sülh, təhlükəsizlik, siyasi və iqtisadi sabitlik bütün regional təşəbbüslərin fundamental şərtidir. Dayanıqlı inkişaf və genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi üçün ilk növbədə təhlükəsiz və proqnozlaşdırıla bilən regional mühitin mövcudluğu vacibdir.
Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin bugünkü səviyyəsi ölkəmizin həyata keçirdiyi ardıcıl və praqmatik xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm Türk dünyasının birliyinin gücləndirilməsinə, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji bağlantılarının inkişafına mühüm töhfələr verir. Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin dərinləşməsi bu baxımdan Azərbaycanın regional və qlobal geosiyasi mövqeyini daha da möhkəmləndirir.
Türkmənbaşı görüşü göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlıq artıq ənənəvi ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq geniş regional strateji tərəfdaşlıq məzmunu qazanır. Qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, enerji layihələri, rəqəmsal bağlantılar, humanitar təşəbbüslər və siyasi dialoq vahid əməkdaşlıq sisteminin ayrı-ayrı istiqamətlərini təşkil edir.
Bu proses Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində yeni səhifənin açıldığını göstərməklə yanaşı, Türk dünyasının siyasi, iqtisadi və humanitar potensialının daha səmərəli şəkildə reallaşdırılması üçün də geniş imkanlar yaradır. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin qarşılıqlı etimad, ortaq maraqlar və strateji baxış əsasında həyata keçirdiyi təşəbbüslər gələcəkdə regionu Avropa və Asiya arasında daha mühüm iqtisadi, nəqliyyat və enerji mərkəzlərindən birinə çevirə bilər.
Cənab Prezidentin Türkmənbaşı görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın bu prosesdə yalnız fəal iştirakçı deyil, həm də regional əməkdaşlığın yeni gündəliyinin formalaşmasına töhfə verən əsas aktorlardan biri olduğunu bir daha təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin dərinləşməsi ölkəmizin milli maraqlarına xidmət etməklə yanaşı, regionda sülhün, sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Mehriban Vəliyeva,
Milli Məclisin deputatı
Strateji tərəfdaşlıqdan regionlararası inteqrasiyaya: Azərbaycan və Mərkəzi Asiya ölkələrinin yüksələn zirvəsi
Möhkəmlənən dostluq, genişlənən strateji tərəfdaşlıq - Azərbaycan-Türkmənistan