08 oktyabr 2026 20:34
237

Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq, qardaşlıq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan münasibətlər dinamik şəkildə inkişaf edir.  Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı və müntəzəm qarşılıqlı səfərlər əlaqələrin səviyyəsini daha da artırır. Oktyabrın 8-də  Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirildi. Azərbaycan dövlət başçısı İlham Əliyev görüşdə iştirak etmək üçün həmin gün Türkmənistana işgüzar səfər etdi. Region ölkələrinin liderlərini bir araya gətirən bu toplantı Mərkəzi Asiyada və onunla əlaqəli coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının yeni imkanlarının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi məhz bu reallıqlar fonunda baş verir. Siyasi dialoqun genişlənməsi iqtisadi münasibətləri, nəqliyyat-logistika layihələrini və enerji əməkdaşlığını da hərəkətə gətirir. İkitərəfli münasibətlərlə yanaşı, bu əlaqələr getdikcə daha geniş regional əməkdaşlıq formatında da yeni məzmun qazanır.

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatı ilk dəfə 2018-ci ildə Qazaxıstanın Astana şəhərində keçirilib. İndiyədək 7 rəsmi və 1 qeyri-rəsmi görüşün keçirilməsi bu platformanın region dövlətləri arasında siyasi dialoqun və əməkdaşlığın mühüm mexanizmlərindən birinə çevrildiyini göstərir. Azərbaycanın bu formata tamhüquqlu şəkildə qoşulması isə regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ yaradıb. Azərbaycanın Məşvərət görüşü formatı ilə əlaqələri tamhüquqlu iştirak qərarından əvvəl də ardıcıl şəkildə inkişaf edib. Prezident İlham Əliyev 2023-cü ildə Düşənbədə keçirilən 5-ci, 2024-cü ildə isə Astanada keçirilən 6-cı Məşvərət görüşündə fəxri qonaq qismində iştirak və çıxış edib. Bu iştirak Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə siyasi dialoqa və regional əməkdaşlıq proseslərinə artan marağının göstəricilərindən biri olub. Ötən ilin  noyabr ayında  Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 7-ci Məşvərət görüşündə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə tamhüquqlu iştirakı barədə qərarın qəbul edilməsi münasibətlərin institusional baxımdan yeni mərhələyə keçməsinə şərait yaradıb. Bununla da əvvəllər “C5” formatında olan əməkdaşlıq platforması Azərbaycanın iştirakı ilə faktiki olaraq “C6” formatında daha geniş regional məzmun qazanıb.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında bir daha diqqəti bu reallıqlara yönəltdi. Bildirdi ki, keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Son illərdə Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir”. Prezident İlham Əliyev çıxışında  Türkmənistan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etdi. Bildirdi ki, qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür. Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyətə malikdir. Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib. Biz bu yardımı çox yüksək qiymətləndiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın əsas istiqamətlərindən biri enerji sahəsidir. Mərkəzi Asiyanın enerji potensialı ilə Azərbaycanın beynəlxalq enerji infrastrukturu arasında əlaqələrin genişləndirilməsi yeni əməkdaşlıq imkanları üçün zəmin formalaşdırır. Enerji resurslarının yeni bazarlara çıxarılması, ötürülmə imkanlarının artırılması və müxtəlif nəqliyyat marşrutlarının bir-birini tamamlaması region ölkələrinin qarşılıqlı maraqlarını gücləndirir. Bu baxımdan nəqliyyat və enerji layihələrinin paralel inkişafı Xəzər üzərindən daha geniş iqtisadi əməkdaşlıq modelinin formalaşmasına şərait yarada bilər. Enerji əməkdaşlığının yeni istiqamətləri sırasında elektrik enerjisi və yaşıl enerji layihələri də xüsusi yer tutur. Bu sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, həm də regionun yeni enerji bazarlarına inteqrasiyasına töhfə verə bilər. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər nəqliyyat və enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, rəqəmsal transformasiya, yaşıl enerji, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi kimi istiqamətlər də əməkdaşlığın gündəliyində mühüm yer tutur. Məşvərət görüşləri çərçivəsində dövlət başçıları arasında keçirilən ikitərəfli görüşlər isə bu istiqamətlər üzrə konkret sazişlərin, memorandumların və birgə layihələrin müzakirəsi üçün əlavə imkan yaradır.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev Məşvərət görüşündəki çıxışında “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”  söyləyərək onu da qeyd etdi ki, əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, “Rəqəmsal İpək Yolu” layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin oktyabrın 8-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşünə yönəldərək bildirib ki, Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Bu əlaqələr həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib.

Millət vəkili belə bir ümumiləşdirmə aparıb ki, bir sözlə, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın gündəliyi nəqliyyat və enerji layihələrindən başlayaraq ticarət, investisiya, ekologiya, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal inkişaf, təhsil, elm və humanitar əlaqələrə qədər geniş spektri əhatə edir. Bu çoxşaxəli yanaşma tərəfdaşlığın yalnız cari iqtisadi maraqlara deyil, həm də uzunmüddətli və dayanıqlı əməkdaşlıq prinsiplərinə əsaslanması üçün imkanlar yaradır.