16 oktyabr 2026 12:10
111

Azərbaycanda neft məhsulları istehsalının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 612 milyon manat təşkil edib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 % azdır.

Hesabat dövründə Azərbaycanda 103 min ton mazut istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 78,8 % çoxdur.

Eyni zamanda, bu ilin 9 ayında ölkədə 1 milyon 68,5 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında 1 milyon 799 min ton dizel yanacağı istehsal edilib ki, bu da 2025-ci ilin göstəriciləri ilə müqayisədə 3,4 % azdır.

Hesabat dövründə 33,9 min ton sürtkü yağları, 126,4 min ton neft bitumu istehsal edilib. 9 ayda Azərbaycanda sürtkü yağlarının istehsalı 24,2 % artıb, neft bitumunun istehsalı isə 33,8 % azalıb.

Həmçinin, hesabat dövründə ölkədə 134,9 min ton maye qazlar, 419 min ton ağ neft, 188,2 min ton neft koksu istehsal edilib. 9 ayda Azərbaycanda maye qazların istehsalı 2,03 % azalıb, neft koksunun istehsalı 10,4 % artıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı isə 4,6 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, "Azərikimya" İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.