16 oktyabr 2026 12:38
129

Beynəlxalq dialoq və əməkdaşlıq zərurəti: Azərbaycan nüfuzlu tərəfdaş kimi

Qlobal siyasi proseslərin mürəkkəbləşdiyi, regional münaqişələrin və geosiyasi rəqabətin beynəlxalq gündəliyə təsir göstərdiyi bir dövrdə dialoq və qarşılıqlı etimadın qorunması xüsusi aktuallıq daşıyır. Belə şəraitdə dövlətlərin qarşısında duran əsas vəzifələrdən biri milli maraqları müdafiə etməklə yanaşı, beynəlxalq əməkdaşlıq üçün etibarlı mexanizmlərin fəaliyyətinə töhfə verməkdir. Azərbaycanın xarici siyasəti də məhz bu prinsiplər üzərində qurulub. Prezident İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı ölkəmizin bu istiqamətdə mövqeyini və prioritetlərini bir daha nümayiş etdirir.

Azərbaycanın beynəlxalq münasibətlərə yanaşmasının əsas xüsusiyyətlərindən biri müstəqil qərarvermə və dövlətlərin bərabərhüquqlu tərəfdaşlığına verilən önəmdir. Ölkəmiz xarici siyasətini milli maraqlar əsasında müəyyənləşdirir, digər dövlətlərlə münasibətlərdə suverenliyə, ərazi bütövlüyünə və daxili işlərə qarışmamaq prinsipinə hörmət edilməsini vacib sayır. Bu mövqe beynəlxalq əməkdaşlığın sağlam təməllər üzərində qurulmasına və dövlətlər arasında etimadın qorunmasına xidmət edir.

Dövlət başçısı çıxışında beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqi məsələsi də toxunub. Azərbaycanın uzun illər ərzində Ermənistanın işğalı ilə üzləşməsi və beynəlxalq təşkilatların qəbul etdiyi qərarların vaxtında icra olunmaması beynəlxalq sistemdə mövcud olan problemləri üzə çıxarıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi beynəlxalq hüququn yalnız bəyanatlarla deyil, real addımlarla dəstəklənməsinin vacibliyini göstərirdi.

Azərbaycan 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bununla da regionda yeni reallıqlar yarandı. Bu reallıqların əsas istiqamətlərindən biri münaqişə səhifəsinin bağlanması və Cənubi Qafqazda davamlı sülhün təmin edilməsidir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində mövqeyini ifadə edib. Qarşılıqlı etimadın formalaşması isə tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsindən və bir-birinin suveren hüquqlarına hörmət göstərməsindən asılıdır. Prezident İlham Əliyev qeyd edib ki, əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı: “Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.

Azərbaycanın təcrübəsi göstərir ki, sülh yalnız münaqişənin başa çatması ilə məhdudlaşmır. Onun davamlı olması üçün siyasi iradə, qarşılıqlı məsuliyyət və əməkdaşlığa hazır olmaq vacibdir. Regional kommunikasiyaların açılması, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat imkanlarından qarşılıqlı fayda əsasında istifadə edilməsi Cənubi Qafqazda yeni iqtisadi münasibətlərin formalaşmasına təkan verəcəkdir. Bu baxımdan Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regional sabitliklə yanaşı, daha geniş coğrafiyada əməkdaşlıq imkanları üçün də əhəmiyyətlidir.

AQEM Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin beynəlxalq dialoq məkanlarından biri kimi mövqeyini də ön plana çıxarır. Asiya dövlətlərini bir araya gətirən bu platforma siyasi məsləhətləşmələr, etimad tədbirləri və ortaq problemlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Azərbaycanın təşkilata sədrliyi dövründə qurumun institusional əsaslarının gücləndirilməsi, hüquqi çərçivəsinin təkmilləşdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər bu platformanın fəaliyyətinə yeni məzmun qazandırıb.

Nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühitin qorunması, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafı AQEM üzvü olan dövlətlərin qarşılıqlı maraqlarına cavab verir. Bu istiqamətlər üzrə konkret təşəbbüslərin həyata keçirilməsi iqtisadi əlaqələri genişləndirməklə yanaşı, ölkələr arasında təmasların artmasına və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək. Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tərəfdaşlıqları bu prosesdə ölkəmizə əlavə imkanlar qazandırır.

Azərbaycanın beynəlxalq təşəbbüsləri yalnız siyasi dialoqla məhdudlaşmır. Ölkəmiz müxtəlif çoxtərəfli platformalarda əməkdaşlığın praktiki nəticələr verməsinə, ortaq maraqların uzlaşdırılmasına və dövlətlər arasında etibarlı münasibətlərin qurulmasına çalışır. Bu yanaşma Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, tərəfdaşlıq əlaqələrinin şaxələnməsinə və qlobal proseslərdə iştirak imkanlarının genişlənməsinə şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin AQEM Zirvə Görüşündə vurğuladığı fikirlər Azərbaycanın suverenliyə və beynəlxalq hüquqa əsaslanan mövqeyini, eləcə də sülh və əməkdaşlıq istiqamətindəki təşəbbüslərini nümayiş etdirir. Ölkəmiz beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin qorunmasını, dialoqun genişləndirilməsini və əməkdaşlığın konkret nəticələrlə möhkəmləndirilməsini vacib hesab edir. Bu siyasət həm regional sabitliyə, həm də Asiya ilə Avropa arasında əlaqələrin inkişafına töhfə vermək imkanlarını artırır.

Asif Əsgərli,
Milli Məclisin deputatı