21 oktyabr 2026 15:22
149

Masallıda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə edildi

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatı Masallı Rayon Mərkəzi Xəstəxanası ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitqdə qarşıya qoyulan vəzifələr və irəli sürülən çağırışlardan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbir keçirib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışıb, qarşıya qoyulan vəzifələrin uğurla icrasında Yeni Azərbaycan Partiyasının üzərinə düşən məsuliyyət və vəzifələri diqqətə çatdırıb.

Seyfəddin Əliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. O bildirib ki, bu uğurlar xalqımızın birliyinin, dövlət başçısının qətiyyətli siyasətinin və cəmiyyətin ümummilli məqsədlər ətrafında səfərbər olunmasının məntiqi nəticəsidir.

Seyfəddin Əliyev vurğulayıb ki, VIII Qurultayda səsləndirilən mesajlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin təkmilləşdirilməsi və siyasi proseslərdə fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin mahiyyətini dərindən dərk etməli, dövlətçilik prinsiplərinin qorunmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və cəmiyyətlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verməlidir.

Rayon təşkilatının sədri həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin dəstəklənməsində, ölkəmizin inkişafına xidmət edən təşəbbüslərin təşviqində və cəmiyyətin müxtəlif təbəqələri ilə səmərəli əməkdaşlığın qurulmasında fəal iştirakını davam etdirəcək.

Tədbirdə çıxış edən Masallı Mərkəzi Rayon Xəstəxanasının direktoru İlqar Ramizoğlu, ərazi partiya təşkilat sədri İlqar Qurbanov, fəallardan Məmmədağa Məmmədov, Fizuli Qurbanov və başqaları Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi, müstəqil xarici siyasət kursunun ardıcıl şəkildə həyata keçirilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunması və qarşıda duran inkişaf hədəflərinin reallaşdırılması istiqamətində görülən işlərə toxunublar. Çıxışlarda əldə edilmiş uğurların davamlılığının təmin edilməsi, siyasi təşkilatların üzərinə düşən vəzifələrin məsuliyyətlə yerinə yetirilməsi, eləcə də ərazi partiya təşkilatlarında ideoloji-maarifləndirmə və təbliğat işinin müasir tələblərə uyğun qurulmasının vacibliyi vurğulanıb.