Oktyabrın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov Qurultayda Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərin ölkəmizin bu günü və gələcək inkişafı baxımından bir çox önəmli mesajlarla yadda qaldığını qeyd edib. O, həyatın bütün sahələrində müşahidə olunan texnoloji keçid, o cümlədən rəqəmsal inkişaf, süni intellektin tətbiqi ilə bağlı məqamları qeyd edib, ideoloji baxımdan əvvəlki nəzəriyyələrin yeni cərəyanlarla zənginləşərək dünyanın siyasi mənzərəsini dəyişdiyini söyləyib.
Əli Əhmədov bildirib ki, dövlətimizin başçısı Qurultayda milli təhlükəsizliyin və identikliyin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi və dünya iqtisadi sistemində Azərbaycanın yerinin möhkəmləndirilməsi, insanların rifahının daha da yaxşılaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi ilə əlaqədar müəyyən etdiyi vəzifələr ölkəmizin gələcək inkişaf strategiyasının əsas yol xəritəsini təşkil edir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov konfransın mövzusunun aktuallığını qeyd edərək, regionların sosial-iqtisadi inkişafının qarşıda duran əsas vəzifələrdən olduğunu deyib. Komitə sədri bildirib ki, dövlətimizin başçısı çıxışında mühüm mesajlar səsləndirərək hər bir Azərbaycan vətəndaşı, xüsusilə də partiya üzvləri qarşısında mühüm vəzifələr müəyyənləşdirib.
Konfransda parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında kənd təsərrüfatının ölkə iqtisadiyyatının inkişafında, regionlarda məşğulluğun təmin edilməsində və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu” mövzusunda məruzə ilə çıxış edib. Komitə sədri Azərbaycanın regional inkişaf modelinin, Azərbaycan iqtisadiyyatının və kənd təsərrüfatının yüksəlişinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ümummilli Liderin regionların, kənd təsərrüfatının, aqrar sektorun inkişafına böyük önəm verdiyini, onun rəhbərliyi ilə bu sahədə mühüm islahatların həyata keçirildiyini bildirib.
Tahir Rzayev regional inkişafda, iqtisadi sahədə aqrar sektorun mühüm rolundan danışıb. O, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qurultaydakı çıxışında iqtisadi inkişaf, maliyyə sabitliyi, investisiyaların cəlb edilməsi, enerji təhlükəsizliyi və makro layihələr ilə bağlı istiqamətlər haqqında” çıxış edib. O, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli çıxışında dayanıqlı inkişafın təmin edilməsinin, eyni zamanda, balanslı və davamlı iqtisadi tərəqqiyə nail olunmasının əsas hədəflərdən biri kimi göstərildiyini vurğulayıb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “Yerli özünüidarəetmənin inkişafı və bələdiyyələr qarşısında duran vəzifələr və çağırışlar” mövzusunda çıxış edib. O, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında müəyyənləşdirilən strateji vəzifələrə toxunaraq, güclü dövlət, dayanıqlı iqtisadiyyat və sürətli quruculuğun ölkənin inkişaf strategiyasının əsasını təşkil etdiyini vurğulayıb.
Daha sonra Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov, parlamentin komitə sədrləri Hicran Hüseynova, Musa Quliyev, Şahin İsmayılov, Anar İsgəndərov, deputatlar Tahir Mirkişili, Vüqar Rəhimzadə, Kamran Bayramov, Məzahir Əfəndiyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov çıxış ediblər.
Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
Vüqar Rəhimzadə: Ermənistan sülh müqaviləsinin imzalanması prosesini niyə ləngidir?