22 oktyabr 2026 10:20
88

Bəyanatlarla öhdəliklər arasında: İrəvan sülhü hüquqi müstəvidə rəsmiləşdirməyə niyə tələsmir?

"Ermənistanın Baş naziri Nikol Paşinyanın və bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın son açıqlamaları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində ən prinsipial məsələlərdən birini yenidən gündəmə gətirib: İrəvanın sülhə siyasi hazırlığı uzun illər davam etmiş münaqişənin səbəblərinin aradan qaldırılması istiqamətində real addımlarla nə dərəcədə müşayiət olunur? 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ Prezidenti Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüşdən və sülh sazişinin mətninin paraflanmasından sonra region keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Sənədin razılaşdırılması münaqişəyə birdəfəlik son qoyulması və iki dövlət arasında tamhüquqlu münasibətlərin qurulması üçün möhkəm diplomatik zəmin yaratdı. Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq, siyasi razılaşmaların əldə edilməsi ilə onların yekun hüquqi rəsmiləşdirilməsi arasında hələ də müəyyən məsafənin qaldığı aydın görünür. Bu məsafənin aradan qaldırılması isə ilk növbədə İrəvanın gündəliyində qalmaqda olan məsələlərin həllindən asılıdır. Bu baxımdan Nikol Paşinyanın oktyabrın 15-də səsləndirdiyi bəyanat xüsusi diqqət çəkir".

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalanmasına və ratifikasiyasına nail olmaq niyyətini açıqlayıb və bunu öz siyasi fəaliyyətinin əsas prioritetlərindən biri kimi təqdim edib. Şübhəsiz ki, göstərilən müddəti avtomatik olaraq müqavilənin imzalanmasının beş il təxirə salınması barədə qərar kimi qiymətləndirmək düzgün olmazdı. Bununla belə, belə uzun zaman perspektivinin müəyyənləşdirilməsi obyektiv suallar doğurur. Əgər Ermənistan rəhbərliyi yekun sülh nizamlanmasını həqiqətən strateji prioritet hesab edirsə, nə üçün indiyədək son prinsipial maneənin aradan qaldırılması üçün konkret addımların ardıcıllığını ortaya qoymayıb? Bu suala müəyyən mənada Ararat Mirzoyanın açıqlamalarında cavab tapmaq mümkündür. Oktyabrın 21-də Ermənistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komissiyasının iclasında TRIPP layihəsinin müzakirəsi zamanı çıxış edən xarici işlər naziri təsdiqləyib ki, Bakı sülh sazişinin imzalanmasını Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi ilə əlaqələndirməkdə davam edir. Bununla yanaşı, Mirzoyan İrəvanın Azərbaycanın mövqeyini bölüşmədiyini, qüvvədə olan Əsas Qanunda qonşu dövlətin narahatlığına səbəb ola biləcək müddəaların mövcud olmadığını hesab etdiyini bildirib. Nazir, həmçinin Konstitusiya məsələsi üzrə hazırda birbaşa danışıqların aparılmadığını, lakin Ermənistan tərəfinin sülh müqaviləsinin imzalanacağı tarix və məkan barədə razılığa gəlməyə hazır olduğunu qeyd edib. Məhz bu açıqlamaların bir-biri ilə müqayisəsi İrəvanın hazırkı siyasətindəki əsas ziddiyyəti üzə çıxarır.

Deputat bildirib ki, Ermənistan sülh sazişini ən qısa müddətdə imzalamağa hazır olduğunu bəyan edir, lakin eyni zamanda, Azərbaycanın ardıcıl şəkildə prinsipial şərt kimi irəli sürdüyü məsələnin hər iki tərəf üçün məqbul həllini təklif etmir. Faktiki olaraq elə bir vəziyyət yaranır ki, sülhə hazırlıq barədə siyasi bəyanatlar yekun nəticəyə nail olmaq üçün zəruri addımlarla müşayiət olunmur. Burada xüsusi vurğulanmalıdır ki, Ermənistan Konstitusiyası ətrafında yaranmış mübahisə sadəcə diplomatik formal xarakter daşımır. Məsələnin mahiyyəti daha dərindir və gələcək dövlətlərarası münasibətlərin təhlükəsizliyinin, eləcə də davamlılığının hüquqi təminatları ilə birbaşa bağlıdır. Ermənistanın qüvvədə olan Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad edilir. Həmin Bəyannamə isə öz növbəsində Ermənistan SSR ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi haqqında 1989-cu il dekabrın 1-də qəbul edilmiş qərara əsaslanır. Azərbaycan üçün belə bir istinadın saxlanılması prinsipial baxımdan qəbuledilməzdir. Çünki həmin müddəa gələcəkdə ərazi iddialarının irəli sürülməsi üçün potensial hüquqi əsas kimi qiymətləndirilir.

İrəvan isə fərqli hüquqi arqumentlər səsləndirir. Ermənistan rəhbərliyi Konstitusiya Məhkəməsinin 2024-cü ilin sentyabrında qəbul etdiyi qərara istinad edərək bildirir ki, Müstəqillik Bəyannaməsinin müddəaları yalnız Əsas Qanunun maddələrində bilavasitə əks olunduğu təqdirdə konstitusion əhəmiyyət daşıyır. Bununla belə, həmin qərarda Konstitusiyanın preambulasının onun ayrılmaz tərkib hissəsi olduğu da vurğulanır. Preambulada isə Müstəqillik Bəyannaməsinə istinad hələ də qalmaqdadır. Lakin məsələ yalnız müvafiq sənədlərin hüquqi şərhi ilə məhdudlaşmır.

Millət vəkilinin fikrincə, sülh sazişi qonşu dövlətin suverenliyinin və ərazi bütövlüyünün nə hazırkı hakimiyyət, nə də gələcək siyasi qüvvələr tərəfindən şübhə altına alınmayacağına təminat verməlidir: "Burada söhbət dövlət öhdəliklərinin varisliyi prinsipindən gedir. Hökumətlər dəyişir, parlament çoxluqları və siyasi koalisiyalar yenilənir, yeni ictimai hərəkatlar meydana çıxır, xarici siyasət prioritetləri fərqli istiqamətlərə yönələ bilir. Lakin beynəlxalq sərhədlər və ərazi bütövlüyünün tanınması növbəti seçki dövrünün nəticələrindən asılı ola bilməz. Məhz buna görə Azərbaycan üçün sülhün təkcə beynəlxalq müqavilə ilə deyil, həm də Ermənistanın daxili hüquq sistemində həmin müqavilənin ruhuna zidd müddəaların aradan qaldırılması ilə möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Diqqətəlayiq məqam ondan ibarətdir ki, paraflanmış sazişin mətnində artıq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı şəkildə tanınması nəzərdə tutulur. Bundan əlavə, tərəflər bir-birinə qarşı ərazi iddialarının olmadığını təsdiqləyir və gələcəkdə belə iddialar irəli sürməmək barədə öhdəlik götürürlər. Bunlar iki dövlət arasında gələcək münasibətlərin fundamental prinsipləridir".

"Belə olan halda məntiqi sual yaranır: əgər İrəvan bu prinsipləri qəbul edirsə, nə üçün mübahisə doğuran tarixi-hüquqi müddəaların aradan qaldırılması hələ də müqavimətlə qarşılanır? Azərbaycanın mövqeyinə görə, Ermənistan Konstitusiyasının müvafiq müddəalarının dəyişdirilməsi bu ölkənin ərazi iddiaları siyasətindən birdəfəlik imtina etdiyinin ən inandırıcı təsdiqi olardı. Məsələnin Ermənistanın daxili siyasi mühiti ilə bağlı tərəfini də nəzərdən qaçırmaq olmaz. Bu ölkədə başa çatmış münaqişənin nəticələrini tam qəbul etməyə hazır olmayan siyasi qüvvələr fəaliyyətlərini davam etdirirlər. Müxalifətin müəyyən hissəsi üçün Qarabağ mövzusu hələ də ictimai səfərbərlik və hakimiyyət uğrunda mübarizə vasitəsi olaraq qalır" - deyən Sevinc Fətəliyeva əlavə edib ki, belə siyasi şəraitdə konstitusion qeyri-müəyyənlik əlavə əhəmiyyət qazanır. Hətta hazırkı rəhbərlik münasibətlərin normallaşdırılması kursuna sadiq qalsa belə, həmin kursun gələcəkdə yenidən nəzərdən keçirilməsinin qarşısının nə dərəcədə etibarlı şəkildə alındığı sual doğurur. Nikol Paşinyan dəfələrlə mövcud beynəlxalq sərhədlərin tanınmasına və dövlətin inkişafına mane olan siyasi təsəvvürlərdən imtinaya əsaslanan “Real Ermənistan” konsepsiyasına keçidin zəruriliyindən danışıb.

Deputatın fikrincə, nəzəri baxımdan bu, Ermənistanın siyasi düşüncəsində mühüm transformasiya kimi qiymətləndirilə bilər. Lakin yeni konsepsiyanın elan edilməsi ilə onun praktik həyata keçirilməsi arasında prinsipial fərq mövcuddur. Əvvəlki siyasətdən miras qalmış ziddiyyətləri həll etmədən yeni dövlət strategiyası qurmaq mümkün deyil.

Əgər Ermənistan rəhbərliyi həqiqətən münaqişə ideologiyasından imtina etmək niyyətindədirsə, bu kursun məntiqi davamı gələcəkdə ərazi iddialarına qayıdış imkanlarını istisna edən institusional qərarların qəbul edilməsi olmalıdır. Əks halda, yeni siyasi ritorika dəyişmiş reallıqlara uyğunlaşmaq vasitəsi olaraq qalmaq riski ilə üzləşəcək.

Onun sözlərinə görə, diqqət yetirilməli olan daha bir məqam var. Belə ki, Ararat Mirzoyan faktiki olaraq konstitusiya məsələsində tərəflər arasında razılığın olmadığını təsdiqləyir. Lakin prinsipial fikir ayrılığının mövcudluğunu etiraf edən Ermənistan diplomatiyası eyni zamanda, sazişi dərhal imzalamağa hazır olduğunu israrla bəyan edir.

Beləliklə, özünəməxsus diplomatik paradoks yaranır: İrəvan mövcudluğunu yaxşı bildiyi maneəni aradan qaldırmadan sülh prosesinin yekun mərhələsinə keçməyi təklif edir. Bu vəziyyət Ermənistan rəhbərliyinə özünü dərhal sülhə hazır olan tərəf kimi təqdim etməyə, imzalanmış sənədin hələ də olmamasına görə məsuliyyəti isə Bakının üzərinə qoymağa imkan verir. Lakin beynəlxalq diplomatiya daha əlverişli informasiya mövqeyi uğrunda mübarizəyə çevrilməməlidir.

Razılaşmaya həqiqi hazırlıq yalnız müvafiq niyyətin ictimai şəkildə bəyan olunmasını deyil, həm də onun həyata keçirilməsinə mane olan fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində real səyləri nəzərdə tutur. Burada prosesin mahiyyətini onun zahiri forması ilə əvəz etməmək prinsipial əhəmiyyət daşıyır. Şübhəsiz ki, sülh müqaviləsinin imzalanması tarixi hadisə olardı. Lakin təntənəli imzalanma mərasiminin keçirilməsi öz-özlüyündə bütün siyasi və hüquqi ziddiyyətləri avtomatik şəkildə aradan qaldıra bilməz.

Sevinc Fətəliyeva deyib ki, gələcək nəsillərə ərazi iddiaları ətrafında mübahisələrin davam etdiyi sənəd deyil, münaqişəyə qayıdışı istisna edən dayanıqlı dövlətlərarası münasibətlər sistemi miras qalmalıdır. Azərbaycan məhz belə bir yanaşmaya sadiqliyini dəfələrlə nümayiş etdirib. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra ölkəmiz qarşıdurmanın davam etdirilməsinə deyil, beynəlxalq hüquqa, sərhədlərə hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni regional arxitekturanın formalaşdırılmasına üstünlük verib.

Sülh müqaviləsinin bağlanması təşəbbüsünün irəli sürülməsi, onun əsas müddəalarının razılaşdırılması, Vaşinqton razılaşmalarında iştirak və normallaşmanın praktiki gündəliyinin inkişaf etdirilməsi bu siyasətin ardıcıl xarakter daşıdığını təsdiqləyir.

"Prezident İlham Əliyev 2026-cı ilin fevralında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edib: Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsini erməni tərəfi özü həll etməlidir, lakin ərazi iddiaları aradan qaldırılmadan sülh sazişinin yekun olaraq imzalanması mümkün deyil. Bu o deməkdir ki, Bakı İrəvanın əvəzinə konstitusiya islahatının müddətini və mexanizmlərini müəyyənləşdirmir. Lakin Azərbaycan yeni beynəlxalq hüquqi öhdəliklər götürməyi mümkün hesab etdiyi şərtləri müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. Məsələyə daha geniş regional kontekstdən yanaşmaq da zəruridir. Cənubi Qafqaz tədricən nəqliyyat-logistika, enerji və iqtisadi əməkdaşlıq baxımından mühüm məkana çevrilir. TRIPP də daxil olmaqla, yeni kommunikasiya layihələrinin həyata keçirilməsi regionun bütün dövlətləri üçün əlavə imkanlar yarada bilər. Lakin iqtisadi inteqrasiya ilə siyasi etimad paralel şəkildə inkişaf etməlidir" - deyən millət vəkilinin fikrincə, dövlət suverenliyinin və sərhədlərin toxunulmazlığının tanınması ilə birbaşa bağlı məsələlər həll edilmədən uzunmüddətli regional sabitliyə nail olunacağını gözləmək mümkün deyil. Bu baxımdan Paşinyan və Mirzoyanın bəyanatlarına ayrı-ayrı diplomatik epizodlar kimi deyil, Ermənistan rəhbərliyinin yanaşmalarında mövcud olan daha dərin ziddiyyətin təzahürü kimi baxılmalıdır. Bir tərəfdən, İrəvan sülhə hazır olduğunu və yeni regional reallıqlarda maraqlı tərəf kimi çıxış etdiyini nümayiş etdirməyə çalışır. Digər tərəfdən isə ən həssas qərarlar hələ də daxili siyasi hesablamaların və hüquqi mübahisələrin predmeti olaraq qalır. Halbuki dövlət hakimiyyətinin tarixi məsuliyyəti məhz mürəkkəb məsələləri həll etmək bacarığında özünü göstərir. Çətin qərarları qeyri-müəyyən gələcəyə təxirə salmaq bu məsuliyyətin yerinə yetirilməsi demək deyil. Bu gün Ermənistan uzun illər davam etmiş münaqişəyə birdəfəlik son qoymaq və Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq üçün real imkana malikdir. Bunun üçün yeni danışıqlar formulları axtarmağa deyil, artıq bəyan edilmiş öhdəliklərin aydınlığını və ardıcıl icrasını təmin etməyə ehtiyac var.

"Sülh müvəqqəti siyasi kompromisin nəticəsi deyil, geri dönməz dövlət seçimi olmalıdır. Əgər İrəvan həqiqətən bu seçimi möhkəmləndirmək niyyətindədirsə, bunu yalnız sazişi imzalamağa hazır olması barədə bəyanatlarla deyil, konkret hüquqi qərarlarla təsdiqləməlidir. Nəticə etibarilə, Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi Paşinyanın hansı tarixi səsləndirməsindən və ya Mirzoyanın hansı diplomatik ifadələrdən istifadə etməsindən asılı deyil. Əsas məsələ Ermənistan rəhbərliyinin ərazi iddialarının siyasi-hüquqi zəminini birdəfəlik aradan qaldırmağa nə dərəcədə hazır olmasıdır. Məhz bu addım indiyədək əldə olunmuş razılaşmaları hökumətlərin dəyişməsindən, siyasi konyunkturadan və revanşist qüvvələrin regionu yenidən keçmişə qaytarmaq cəhdlərindən asılı olmayan möhkəm sülhün təməlinə çevirə bilər" - deyə, deputat vurğulayıb.