22 oktyabr 2026 18:39
152

Qarabağ Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevriləcək - TƏHLİL

Dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncamından irəli gələn vəzifələr bu məqsədə xidmət edir

İqtisadiyyatın şaxələndirilməsi dövlətimizin iqtisadi siyasətinin əsasıdır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar vəsaitin 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə qeyri-neft sektorunda mövcud imkanların aydın mənzərəsini yaradır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bugünkü reallıqlarda öz təsdiqini tapır. Tarixi Zəfərimizdən sonra iqtisadi rayonların bölgüsünün yenidən aparılması, həmçinin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiqlənməsi və sair kimi mühüm addımlar yeni dövrün çağırışlarının yüksək səviyyədə və zamanında həyata keeçirilməsini şərtləndirir. Milli Prioritetlərdə əsas hədəflərdən biri ekoloji tarazlığın qorunması, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması və “yaşıl iqtisadiyyata” keçiddir. Sənəddə qeyd edilir ki, ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə aşağıdakı iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı. Bu çağırış xüsusi qeyd edilir ki, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

Hazırkı dövrün əsas hədəflərindən birinin azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış Proqramının icrası olduğunu nəzərə alanda, məsələnin önəmi daha aydın şəkildə nəzərə çarpır. Diqqət yetirsək, görərik ki, bu torpaqlarda aparılan bərpa işlərində parkların salınmasına, yaşıllıqların genişləndirilməsinə xüsusi diqqət göstərilir. Qarşıda dayanan əsas hədəf Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsidir. Bu torpaqların ayrı-ayrılıqda malik olduqları iqtisadi potensialdan səmərəli istifadənin təmin edilməsi ölkəmizin hərərfli inkişafına böyük töhfə olacaq. Bu baxımdan Prezident İlham Əliyev bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir. Dövlətimizin başçısı onu da qeyd edir ki, bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü elə göstərəcək, sıçrayış elə böyük olacaq ki, bunu hər kəs görəcək.

Dayanıqlı inkişaf istiqamətində yaranan çağırışlar fonunda turizm sahəsinin inkişafı dövlətin iqtisadi siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyən edilir və kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 20 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə ölkənin xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinə mühüm ekoloji, coğrafi və strateji çəkiyə malik olan yeni bir həlqə – Qarabağ Milli Parkı əlavə edildi. İşğaldan azad edilmiş ərazilərin ümumi bərpa kontekstində bu addım təkcə təbiəti mühafizə tədbiri deyil, həm də regionun gələcək iqtisadi-sosial modelini formalaşdıran mühüm addımlardan biridir. Sərəncamda da vurğulandığı kimi, ümumi sahəsi 88 418 hektar olan milli park Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının torpaqlarını əhatə edir və regionun zəngin ekosisteminin qorunmasına xidmət edir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən füsunkar, zəngin və strateji əhəmiyyətə malik təbii ekosistemlərindən biridir. Özünəməxsus relyefi, zəngin su qaynaqları, çoxşaxəli flora və faunası bu əraziləri unikal təbiət abidəsinə çevirir. Uzun illər davam edən işğal dövründə bu regionun təbiətinə, meşə örtüyünə, su resurslarına ciddi ziyan dəymişdir. Belə ki, “Qırmızı Kitab”a və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilmişdir. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Bölgədə həyata keçirilən ekoloji bərpa layihələri ekosistemin yenidən dirçəlməsinə xidmət edir.

Sənəddə bu mühüm məqamlar qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilmişdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, işğaldan azad edilmiş ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasını, regionun zəngin ekosisteminin və təbii irsinin beynəlxalq miqyasda təbliğini və tanıdılmasını, biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını və ekoturizmin inkişafını təmin etmək məqsədilə imzalanan “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” Sərəncam “Azərbaycanın turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın məqsədləri ilə tam eynilik təşkil edir. Turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır.

Qarabağ Milli Parkı ümumilikdə 88418,00 hektar ərazini əhatə edir və beş inzibati rayonun dövlət mülkiyyətində olan torpaqlarının vahid ekoloji dəhliz prinsipləri əsasında birləşdirilməsi ilə yaradılır. Parkın ərazi bölgüsünə gəldikdə, Ağdərə rayonu 44773,79 hektar, Xocalı rayonu 24597,80 hektar, Kəlbəcər rayonu 13514,98 hektar, Şuşa rayonu 5314,34 hektar və Laçın rayonu 217,09 hektardır. Bu rəqəmlər göstərir ki, parkın nüvə mərkəzi və ən böyük ekosistem kütləsi Ağdərə və Xocalı rayonlarının payına düşür.

Park təbii laboratoriya rolunu oynayaraq həm yerli, həm də beynəlxalq bioloqlar, ekoloqlar və gənc tədqiqatçılar üçün böyük cəlbedici mərkəzə çevriləcək. Beynəlxalq müstəviyə gəldikdə Qarabağ Milli Parkının təsis edilməsi Azərbaycanın qlobal ekoloji platformalardakı nüfuzunu gücləndirəcək. Regionun zəngin təbii irsinin beynəlxalq miqyasda tanıdılması həm də regional ekoloji diplomatiyada Bakının rolunu gücləndirən mühüm amildir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Qarabağ Milli Parkı təkcə 88 min hektardan çox ərazinin hasarlanaraq qorunması demək deyil. Bu, regionun təbii genofondunun sığortalanması, postmünaqişə dövründə ekoloji tarazlığın bərpası və “yaşıl iqtisadiyyat” prinsipləri üzərində qurulan yeni regional inkişaf modelinin təməl sütunudur. Qarabağ və Şərqi Zəngəzurun ekosistemi zəngin keçmişi və yaşıl gələcəyi ilə Azərbaycanın bioloji müxtəlifliyinin nüvəsini təşkil edir. Bu torpaqların təbiətinin qorunması həm bioloji, həm də regional iqlim sabitliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrası yaxın onilliklərdə Qarabağı Avrasiyanın ən mühüm ekoloji bərpa və ekoturizm mərkəzlərindən birinə çevirəcək.

Yeganə Əliyeva, “İki sahil”