“Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu “Bütün Zamanların Qızıl Topu” reytinqinin qalibi olub. Bu barədə mükafatın rəsmi saytında məlumat verilib.
“İki sahil” xəbər verir ki, reytinqdə birinci yeri portuqaliyalı futbolçunun 2008-ci ildə qazandığı “Qızıl top” tutub. Həmin vaxt o, “Barselona”nın futbolçusu Lionel Messini və “Liverpul”un hücumçusu Fernando Torresi qabaqlayıb.
Bu nominasiya üzrə namizədlər sırasına dəfələrlə “Qızıl top” mükafatını qazanan futbolçular daxil edilib. Onların arasında Lionel Messi (8), Kriştianu Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynz Rummenigge (2) və Ronaldo (2) yer alıb.
Daha əvvəl təşkilatçılar qalibin seçilməsində əsas meyarın qazanılan “Qızıl top” mükafatlarının ümumi sayı deyil, futbolçunun karyerasında nüfuzlu mükafata layiq görüldüyü konkret mövsümün müstəsnalığı olduğunu açıqlayıblar. Qalib qlobal ödənişli onlayn səsvermə zamanı azarkeşlər tərəfindən müəyyən edilib. Bir səsin qiyməti 1 avro təşkil edib.