30 oktyabr 2026 21:58
129

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə və türkdilli xalqlar arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

“İki sahil” xəbər verir ki, Şavkat Mirziyoyev bu barədə paytaxt Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxışı zamanı deyib.

“Təşkilata sədrliyi dövründə türk xalqları arasında qardaşlıq bağlarının möhkəmləndirilməsi və münasibətlərimizin yeni səviyyəyə yüksəldilməsi istiqamətində Azərbaycanın gördüyü mühüm işlərə görə Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirirəm”, - deyə Ş.Mirziyoyev qeyd edib.

TDT-nin strateji məqsədlər ətrafında daha da birləşməli olduğunu qeyd edən Özbəkistan Prezidenti türk həmrəyliyi üçün bütün qüvvələrini səfərbər etməyə hazır olduqlarını vurğulayıb.

Ş.Mirziyoyev konkret addım olaraq, Türk dünyasında 100 strateji birgə investisiya və sənaye layihəsini əhatə edən bir proqramın qəbul edilməsini təklif edib.

“Türk İnvestisiya Fondunun və beynəlxalq maliyyə qurumlarının resurslarının bu layihələrə yönəldilməsi xüsusi əhəmiyyət kəsb edir", - deyə Özbəkistan lideri ifadə edib.

Onun sözlərinə görə, türk dövlətlərinin beynəlxalq yükdaşımalar və logistikada iştirakını genişləndirmək və qazanclarını artırmaq üçün Orta Dəhliz, ona bağlı olan digər nəqliyyat dəhlizləri “inteqrasiya olunmuş iqtisadi sistemə çevrilməlidir”.

Ş.Mirziyoyev, həmçinin türk dövlətləri arasında logistika kompleksləri şəbəkəsinin yaradılmasını və birgə idarə olunması təşəbbüsü ilə çıxış edib, bu addımın regional nəqliyyat və ticarət sahələrində əməkdaşlığı gücləndirəcəyini bildirib.

Özbəkistan lideri çıxışını "Bir olduğumuz zaman daha güclüyük" sözləri ilə yekunlaşdırıb.