Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının elmi kadr hazırlığının təkmilləşdirilməsi, tədqiqat istiqamətlərinin dövlətin prioritetləri və müasir elmin çağırışlarına uyğun müəyyənləşdirilməsi məsələlərinə həsr olunmuş geniş iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə institutdan məlumat verilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev dövlətin müəyyənləşdirdiyi strateji prioritetlərin, qəbul olunan dövlət proqramlarının və rəqəmsal transformasiya sahəsində qarşıya qoyulan yeni vəzifələrin institutda elmi kadr hazırlığının müasir tələblər əsasında yenidən qurulmasını və yeni innovativ yanaşmaların tətbiqini zəruri etdiyini bildirib. Alimin sözlərinə görə, doktorantlar institutun qarşısında duran vəzifələrin icrasında fəal iştirak etməli, aparılan tədqiqatların cəmiyyət və dövlət üçün əhəmiyyət daşıyan aktual problemlərin həllinə yönəldilməsi təmin olunmalıdır.
Akademik Rasim Əliquliyev əlavə edib ki, elmi kadr hazırlığı yalnız fərdi elmi rəhbərlik çərçivəsində məhdudlaşmamalı, institutun elmi potensialının səfərbər edildiyi kollektiv bir intellektual proses kimi təşkil edilməlidir. Bu məqsədlə doktorantların tədqiqat mövzularının müvafiq şöbələrin fəaliyyət planlarına daxil edilməsi, onların elmi seminarlarda müzakirə olunması, eləcə də elmi araşdırmalara ən yüksək səviyyədə dəstək göstərilməsi nəzərdə tutulur.
“Dövlətin strateji siyasətində müəyyənləşdirilən vəzifələr elmi tədqiqatların hədəflərinin seçilməsində əsas meyarlardan biri kimi çıxış etməlidir”, – deyə institutun baş direktoru qeyd edib. Bildirib ki, xüsusilə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal dövlət və digər prioritet sahələr üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması ölkənin elmi-texnoloji inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Alim tədqiqat istiqamətlərinin planlaşdırılması və əlaqələndirilməsi üçün institutda aktual elmi problemləri əhatə edən dissertasiya mövzuları bankının formalaşdırıldığını, onların müasir tələblər əsasında mütəmadi olaraq zənginləşdiriləcəyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, həmçinin elmi əsərlərin hazırlanmasında süni intellekt alətlərindən istifadə məsələlərinə məsuliyyətli yanaşılmasının, tədqiqatların elmi əsaslılığının və müəlliflərin töhfəsinin düzgün və obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Akademik Rasim Əliquliyev çıxışının sonunda yüksəkixtisaslı kadr hazırlığının dövlətin müəyyən etdiyi prioritetlərə uyğun təşkili, institutun elmi potensialından səmərəli istifadə edilməsi və aktual elmi problemləri əhatə edən tədqiqatların aparılmasının elmin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.