08 noyabr 2026 09:00
67

Milli iradənin, hərbi-siyasi və diplomatik gücün təntənəsi - 8 Noyabr

Vətən müharibəsində qazandığımız tarixi Zəfər sarsılmaz lider-xalq-ordu birliyinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, diplomatik və hərbi rəhbərliyinin, arxa cəbhədə yekdillik nümayiş etdirən, orduya mənəvi və maddi dəstək verən, “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqının vətənpərvərliyinin və liderinə inamının, şanlı Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, peşəkarlığı, şücaəti və döyüş meydanında göstərdiyi qəhrəmanlığın təcəssümüdür.

8 Noyabr Azərbaycanın qəhrəmanlıqlarla zəngin tarixinin qürur salnaməsidir. Həmin gün təqvimdəki sadəcə bir tarix deyil. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, xaqlımızın müqəddəs qürur günü, tarixi ədalətin bərpası, Zəfər, fədakarlıq, rəşadət rəmzi olan şanlı, şərəfli tarixdir.

8 Noyabr xalqımızın keçmişdən bu günə uzanan qəhrəmanlıq, müstəqillik və ədalət mübarizəsini ifadə edən köklü bir qavram, milli iradənin, Azərbaycanın hərbi-siyasi və diplomatik gücünün təntənəsidir. Bu təntənə lider, xalq və ordunun sarsılmaz birliyiyinin, mili kimliyin, ərazi bötüvlüyünün və suverenliyin tam bərpasının rəmzinə çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qırx günlük Vətən müharibəsində və sonrakı dövrdə həyata keçirdiyi uğurlu siyasət, hərbi-strateji rəhbərlik nəticəsində qalib lider, yenilməz sərkərdə kimi tarixə düşdü.

1993-cü ildə xaqlın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq respublikamızı məhv olmaq təhlükəsindən, ictimai-siyasi böhrandan xilas edərək müstəqil dövlətçiliyin möhkəm təməllərini qoyan Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi strategiyanın onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini gündən-günə artırdı.

Azərbaycanın Qələbəyə gedən yolu çətin və keşməkeşli olub. Ulu Öndər Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Ümummilli Liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən uzaqgörən dövlət siyasəti nəticəsində maliyyə müstəqilliyini təmin edən Azərbaycan regionun ən müasir ordusunu formalaşdırmağa nail oldu. İqtisadi müstəqillik və maliyyə gücü, müstəqil xarici siyasət, neft və qaz gəlirlərinin səmərəli idarə olunması, ordu quruculuğunun kəsintisiz maliyyələşdirilməsi üçün zəruri olan stabil maliyyə bazasının formalaşdırılması, qeyri-neft sektorunun inkişafı müasir ordu quruculuğu və hərbi strategiya, güclü yerli müdafiə sənayesi, iqtisadi və texnoloji potensialın gücləndirilməsi, milli birliyin və mənəvi ruhun möhkəmləndirilməsi Zəfər aparan vəhdətin əsas komponentləri idi.

 2003-cü ildən bəri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu siyasəti Azərbaycan Ordusunun təşkilati, təchizat və döyüş keyfiyyətləri baxımından tamamilə yeni səviyyəyə qalxmasına döyüş hazırlığının ən müasir standartlar səviyyəsinə çatdırılmasına və dünyanın ən güclü orduları sırasında yer almasına, orduda milli ruhun yüksəlməsinə mühüm töhfələr verib. Bütün bunların sayəsində Azərbaycan Silahlı Qüvvələri 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Naxçıvanın Günnüt ərazisində, 2020-ci ilin iyulunda Tovuz döyüşlərində, nəhayət 2020-ci il sentyabrın 27-də başlayan qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə ilə Azərbaycanın hərb tarixinə şərəfli səhifələr yazdı.

Prezident İlham Əliyev uzun illər ərzində BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı platformalarında və müxtəlif beynəlxalq media qurumlarına müsahibələrində Ermənistanın işğalçılıq siyasətini, habelə bu siyasətə göz yumanların ikili standartlarını konkret faktlarla ifşa etdi. Dövlətimizin başçısı davamlı olaraq nüfuzlu beynəlxalq tribunalardan Ermənistanın Azərbaycanın suveren ərazilərini uzun müddət işğal altında saxlamasını, şəhər və kəndləri viran qoymasını, təcavüzkar ölkədə nasizmin şöhrətləndirilməsini, faşist ideologiyasının və nifrət siyasətinin dövlət səviyyəsində təşviq olunmasını, rəhbərliyinin və  silahlı qüvvələrinin mülki əhaliyə qarşı raket hücumları, rəsmi İrəvanın terrorçulardan və muzdlulardan istifadə etməsini, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin illərlə icra olunmaması və beynəlxalq müstəvidə Azərbaycanın haqlı mübarizəsinə qarşı sərgilənən qərəzli mövqelər ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.

2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı hərbi təxribatına və hücumuna cavab olaraq Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əks-hücum əməliyyatına başladı. Ordumuzun döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın olundu. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci ilin 8 noyabrında Şuşanın düşmən tapdağından azad edilməsi Azərbaycan xalqının tarixinə “Zəfər Günü” kimi daxil oldu.

 Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri ölkənin suverenliyinin bərpası ilə nəticələndi.

 Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ və Şərqi Zəngəzur sürətlə yenidən qurulur, dirçəlir, tarixinə, mədəni irsinə, ənənələrinə qovuşur, bu torpaqlarda həyat yenidən canlanır. Böyük Qayıdışa dair Dövlət Proqramı uğurla reallaşdırılır. Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən ötən dövrdə erməni vandalizmi nəticəsində tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində misli görünməmiş irimiqyaslı layihələr icra olunur. Bu bölgələrdə genişmiqyaslı yol-infrastruktur layihələri reallaşdırılır, tunel və körpü tikintisi sürətlə davam etdirilir, kommunikasiya xətləri çəkilir, təhsil, səhiyyə, turizm və sənaye müəssisələri tikilir, mədəni, tarixi və dini abidələr bərpa olunur. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması regionda daxili bazarı canlandırır və yeni iş yerlərinin yaradılmasını sürətləndirir. 

Bəli, sarsılmaz lider-xalq-ordu birliyi, Prezident İlham Əliyevin qətiyyətli siyasəti, diplomatik və hərbi rəhbərliyi, arxa cəbhədə yekdillik nümayiş etdirən, orduya mənəvi və maddi dəstək verən, “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqının vətənpərvərliyi və liderinə inamı, Müzəffər Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, peşəkarlığı, şücaəti və döyüş meydanında göstərdiyi qəhrəmanlıq nəticəsində Vətən müharibəsində və 2023-cü ildə həyata keçirilən 23 saatlıq lokal antiterror əməliyyatı zamanı qazandığımız zəfərlər Azərbaycan dövlətçiliyinin güclənməsində, ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında dönüş nöqtəsi oldu.

 Böyük sevinc və fəxarət hissi ilə demək olar ki, bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq. Bu sevinci xalqımıza yaşatdıqlarına görə hamımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Silahlı Qüvvələrimizə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Uca Tanrıdan şəhidlərimizə rəhmət, qazi və Vətən müharibəsi veteranlarmıza uzun ömürlər diləyirik. Vətən torpaqlarının birliyi və bütünlüyü naminə canlarından keçənlərin gələcək nəsillərə nümunə olan qəhrəmanlıq dastanı qəlbimizdə əbədi yaşayacaq.

Vətən sizə minətdardır!..

Zahid Rza, “İki sahil”