"Euronews" telekanalı Bakıda Azərbaycanın investisiya imkanlarına və şəhər mühitinin inkişafına həsr olunmuş "AIREX 2026" - Birinci Beynəlxalq Daşınmaz Əmlak Sərgisi haqqında reportaj hazırlayıb.
“İki sahil” xəbər verir ki, telekanalın materialında əlçatan mənzil, şəhər planlaşdırılması və daşınmaz əmlak sahəsində yeni texnologiyaların tətbiqi məsələləri nəzərdən keçirilir.
"Euronews" qeyd edib ki, sərgi Bakıdakı genişmiqyaslı dəyişikliklər və yeni evlərə, eləcə də ictimai infrastruktura tələbatın formalaşdığı Qarabağın bərpası fonunda tikinti şirkətlərini və investorları bir araya gətirib.
AIREX-in təşkilatçısı Riyad Salayev tədbirdə 14 ölkədən 70-dən çox şirkətin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, sərgi investorlar, alıcılar və biznes arasında qarşılıqlı əlaqə üçün platforma rolunu oynayır və onun məqsədi daha çox regional, eləcə də beynəlxalq iştirakçını cəlb etməkdir.
Reportajda vurğulanıb ki, Azərbaycanın məqsədləri investisiyaların cəlb edilməsi çərçivəsindən kənara çıxır və şəhərlərin transformasiyasını, biznes imkanlarının genişləndirilməsini, yaşamaq və işləmək üçün məkanların yaradılmasını əhatə edir. Eyni zamanda, yeni yaşayış məhəllələri məktəblər, tibb müəssisələri, nəqliyyat və digər zəruri obyektlərlə birlikdə inkişaf etməlidir.
"Chapman Taylor" beynəlxalq memarlıq bürosunun direktorlar şurasının üzvü Marselina Zelinska qeyd edib ki, uğurlu şəhər inkişafı kompleks yanaşma tələb edir: "Şəhər bir çox qatdan ibarətdir. Bu, memarlıq, eyni zamanda biznes, iqtisadiyyat, yerləşmə, iqlim və cəmiyyətdir. Yolları, infrastrukturu, "yaşıl zona"ları və ictimai məkanları nəzərə almaq lazımdır".
Materialda həmçinin "Chapman Taylor"un Şuşa və Cəbrayıl şəhərlərinin, eləcə də Ağdam və Füzulinin müxtəlif ərazilərinin Baş planlarının hazırlanmasında iştirakından bəhs edilir.
"Euronews" bildirib ki, AIREX əlçatan mənzil və şəhər planlaşdırmasından tutmuş rəqəmsal xidmətlər və turizm infrastrukturunadək daşınmaz əmlakın inkişafına dair müxtəlif yanaşmaları təqdim etməyə imkan verib. Əsas məsələlərdən biri investisiyaların insanların ehtiyaclarına cavab verən yaşayış mühitinə necə çevrilməsi olub.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb