08 noyabr 2026 12:54
74

Üçrəngli bayrağımızın bir əsrlik istiqlal yolu

 

“Dövlət bayrağı hər bir xalqın tarixi yaddaşını, milli kimliyini, azadlıq fəlsəfəsini və suverenlik iradəsini təcəssüm etdirən ali dəyərlərdən biridir. Azərbaycan bayrağı sadəcə dövlət rəmzi deyil, xalqımızın əsrlər boyu davam edən istiqlal mübarizəsinin, müstəqillik arzusunun və qazandığı tarixi Zəfərin təcəssümüdür”.
Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova bildirib.
O qeyd edib ki, hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın milli birliyinin, dövlətçilik ənənələrinə sədaqətinin və müstəqilliyinə bağlılığının ifadəsidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş üçrəngli bayrağımızın ideoloji əsasını görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin irəli sürdüyü “türkləşmək, islamlaşmaq, müasirləşmək” məfkurəsi təşkil edir. Bayrağımızın mavi rəngi türk mənşəyimizi, qırmızı rəngi müasirlik və tərəqqi ideyasını, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir.
Sevinc Həsənova bildirib ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadədən çıxarılsa da, xalqımızın müstəqillik arzusu heç vaxt sönməyib. Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” kəlamı sovet hakimiyyəti illərində milli istiqlal ideyasının yaşadılmasının rəmzinə çevrilib.
1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli bayraq yenidən respublikanın Dövlət Bayrağı kimi təsdiqlənib. Həmin il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmizin müstəqilliyi bərpa olunub və Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edib.
Ümummilli Lider Heydər Əliyevin dövlət rəmzlərimizə xüsusi önəm verdiyini xatırladan Sevinc Həsənova onun Azərbaycan bayrağı haqqında söylədiyi fikirlərə diqqət çəkib: “Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”.
Sektor müdiri vurğulayıb ki, müstəqilliyimizin bərpasından sonra dövlət rəmzlərinin qorunması və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 2004-cü il iyunun 8-də qəbul edilən “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bayrağımızdan istifadə qaydalarının hüquqi əsasları müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilib. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması da milli rəmzlərimizin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sevinc Həsənova qeyd edib ki, Azərbaycan bayrağı uzun illər işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda mübarizənin də rəmzi olub. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edib. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız yenidən ucaldılıb.
2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi isə xalqımızın tarixində dönüş nöqtəsi olub. Dövlət Bayrağı Günündən bir gün əvvəl qazanılan bu Qələbə üçrəngli bayrağımıza xüsusi məna qazandırıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərindən sonra Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağının ucaldılması ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi bərpa olunub.
O bildirib ki, bu gün üçrəngli bayrağımız Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini ifadə edir: “Dövlət tədbirlərində, beynəlxalq tribunalarda, idman yarışlarında və diplomatik nümayəndəliklərimizdə dalğalanan Azərbaycan bayrağı ölkəmizin müstəqil dövlət kimi varlığının rəmzidir. Bu bayrağın azad edilmiş torpaqlarımızda ucalması uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Üçrəngli bayrağımız isə müstəqil və suveren Azərbaycanın səmasında daim dalğalanacaq”.