Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrik ünvanlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazir zabitləri, gizirləri, miçmanları, kursantları, çavuşları, əsgərləri, matrosları, dövlət qulluqçularını və mülki işçiləri təbrik edərək, onlara respublikamızın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıb.
Eləcə də, vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində həyata keçirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə Prezident İlham Əliyevin yürütdüyü ardıcıl daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün, təhlükəsizliyin təminatçısına çevrilib.
Eyni zamanda, dövlətimizin başçısının tarixi Sərəncamı ilə respublikamızda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi də işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinə böyük töhfədir.
Diqqətə çatdırılıb ki. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlət quruculuğunda prioritet məsələ hesab etdiyi ölkənin müdafiə qabiliyyəti gündən-günə güclənir. Azərbaycanın dünyada nüfuzunun daha da artması, xalqımızın dövlətə, orduya inamının möhkəmlənməsi dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlərin nəticəsidir.
“Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatlarında və antiterror tədbirləri rəşadətli Azərbaycan Ordusunun qazandığı parlaq qələbələrlə düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın yürütdüyü qətiyyətli və uzaqgörən siyasət, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə indi şanlı üçrəngli bayrağımız əzəmətlə, qürurla dalğalanır. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 9 Noyabr –Dövlət Bayrağı Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması sosial qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”, - deyə təbrikdə qeyd olunub.