17 noyabr 2026 19:45
257

Yerin dərinliyindən rəqəmsal dünyanın zirvəsinə…

Sabahın tərəzisində yeni əyar…

Dünyanın iqtisadi tərəzisi dəyişir. Bir gözündə təbii sərvətlər, sənaye və istehsal gücü, digərində bilik, innovasiya və texnologiya dayanır. Zaman keçdikcə tarazlıq dəyişir: artıq üstünlük nəyə sahib olmaqla deyil, sahib olduqlarından nə qədər dəyər yaratmaqla ölçülür. Sərvəti iqtisadi gücə, biliyi rəqabət üstünlüyünə çevirən dövlətlər yeni dünya düzənində önə çıxır. Bu dəyişimin başlıca hərəkətverici qüvvəsi rəqəmsallaşmadır. Artıq o, sadəcə texnoloji yenilənmə deyil, dünyanın inkişaf məntiqini müəyyənləşdirən yeni iqtisadi reallıqdır.

Rəqəmsal  transformasiya dünyanın iqtisadi mənzərəsini necə dəyişir və müxtəlif sahələrdə hansı yeni imkanların yaranmasına yol açır?

Rəqəmsal dalğanın dəyişdirdiyi dünya 

Bir damla suyun torpağa nə vaxt çatacağını artıq sensor müəyyənləşdirir, kiçik sahibkar bir neçə toxunuşla məhsulunu dünyanın başqa bir bazarına çıxarır, həkim isə rəqəmsal platformalar vasitəsilə uzaq məsafədəki pasiyentin sağlamlıq vəziyyətini izləyə bilir. Vaxtilə insan əməyindən, fiziki məsafədən və ənənəvi imkanlardan asılı olan bu proseslər indi texnologiyanın təsiri ilə yeni məzmun qazanır. Bu mənzərənin arxasında isə daha böyük dəyişiklik dayanır: rəqəmsallaşma. 

Rəqəmsallaşma məlumatların elektron formata keçirilməsindən daha geniş anlayışdır. O, informasiyanın toplanması, emalı və təhlili əsasında qərarları sürətləndirən, resurslardan istifadəni optimallaşdıran, iqtisadi və ictimai münasibətləri dəyişdirən kompleks transformasiyadır. Süni intellekt, avtomatlaşdırma, böyük verilənlər və rəqəmsal platformalar vaxt və xərcləri azaltmaqla məhsuldarlığı və iqtisadi səmərəliliyi artırır. Beləliklə, rəqəmsal imkanlar qlobal rəqabətdə mühüm üstünlük amilinə çevrilir.
Bu dəyişiklik ilk növbədə istehsal və sahibkarlıqda özünü göstərir. Ağıllı sistemlər nasazlıqları əvvəlcədən müəyyənləşdirir, xammal və enerji itkilərini azaldır, elektron ticarət isə kiçik sahibkarların beynəlxalq bazarlara çıxışını asanlaşdırır. Lakin yüksək investisiya və ixtisaslı kadr tələbi iri müəssisələrin üstünlüyünü artıra bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, 2025-ci ildə ən azı 10 işçisi olan müəssisələrin 20 faizi süni intellektdən istifadə edib. İri müəssisələrdə bu göstəricinin 52 faizə çatması texnoloji imkanların sahibkarlığın bütün təbəqələri üçün əlçatan edilməsinin vacibliyini göstərir.
Xidmətlər sektorunda rəqəmsal texnologiyalar turizmin tanıtımını, mədəni irsin qorunmasını, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığını genişləndirir. Onlayn rezervasiya, virtual sərgilər, distant təhsil və teletibb xidmətlərin coğrafi sərhədlərini daraldaraq vaxta və resurslara qənaət yaradır.
Kənd təsərrüfatında peyk müşahidələri, torpaq sensorları və ağıllı suvarma sistemləri su ehtiyatlarından səmərəli istifadəyə, məhsuldarlıq risklərinin azaldılmasına imkan verir. Bu texnologiyalar ərzaq təhlükəsizliyini və təsərrüfatların gəlirliliyini gücləndirsə də, onların kiçik fermerlər üçün əlçatmazlığı rəqabət və məhsuldarlıq fərqini dərinləşdirə bilər.
Maliyyə sektorunda mobil bankçılıq və elektron ödənişlər əməliyyatları sürətləndirir, nağdsız hesablaşmalar iqtisadi şəffaflığı artıraraq qeyri-formal dövriyyənin məhdudlaşdırılmasına şərait yaradır. Bununla belə, rəqəmsal xidmətlərin genişlənməsi onların hamı üçün eyni dərəcədə əlçatan olması demək deyil.
Beynəlxalq Telekommunikasiya İttifaqının 2026-cı il məlumatlarına görə, dünyada 6,3 milyard insan internetdən istifadə etdiyi halda, 2 milyard insan bu imkandan kənarda qalır. Yüksək gəlirli ölkələrdə internet istifadəçilərinin payı 93 faiz, aşağı gəlirli ölkələrdə isə 32 faizdir. Bu fərq rəqəmsal uçurumun yalnız infrastruktur deyil, həm də gəlir, təhsil və rəqəmsal savadlılıq məsələsi olduğunu ortaya qoyur. Deməli, rəqəmsal bərabərlik internetə çıxışla yanaşı, texnologiyadan faydalanmaq bacarığını da tələb edir.
Beləliklə, rəqəmsal transformasiyanın həqiqi nəticəsi texnologiyaların sayı və sürəti ilə deyil, onların yaratdığı iqtisadi dəyər və ictimai rifahla müəyyənləşir. Əgər texnoloji tərəqqi yalnız müəyyən müəssisə və təbəqələrin üstünlüyünə çevrilirsə, onun inkişaf potensialı məhdudlaşır. Əsl tərəqqi isə innovasiyaların iqtisadi səmərəyə, bərabər imkanlara və insan rifahına çevrildiyi zaman gerçəkləşir.
Bu qlobal reallıq Azərbaycan üçün də rəqəmsal transformasiyanı strateji inkişaf istiqamətlərindən birinə çevirir. Ölkəmizin bu sahədə əldə etdiyi nəticələri və qarşıya qoyduğu hədəfləri dəyərləndirmək üçün bugünkü rəqəmsal inkişafın əsasını təşkil edən təşəbbüslərə və keçilən mərhələlərə nəzər salmaq vacibdir.
Azərbaycan bu yola haradan başladı? Ənənəvi dövlət idarəçiliyindən elektron xidmətlərə, oradan isə rəqəmsal dövlət quruculuğuna keçid hansı mərhələlərdən keçdi?

Kağızdan buluda…

Bir zamanlar dövlətlə vətəndaş arasındakı məsafə bir arayış almaq üçün keçilən kabinetlərlə, təkrarlanan müraciətlərlə, günlərlə uzanan gözlənti ilə ölçülürdü. Bu gün isə həmin məsafə bir neçə saniyəyə, bir elektron müraciətə, bir rəqəmsal imzaya sığa bilir. Lakin dəyişiklik yalnız xidmətlərin sürətlənməsindən ibarət deyil. Əslində, dövlətin fəaliyyət fəlsəfəsi, idarəetmənin məntiqi və vətəndaşın ictimai-iqtisadi həyatda iştirak imkanları yenilənir. Azərbaycanın bu istiqamətdə keçdiyi yol da ilkin texnoloji bazanın yaradılmasından elektron xidmətlərin genişləndirilməsinə, oradan isə vahid rəqəmsal dövlət modelinin formalaşdırılmasına doğru uzanır.
Bu yolun əsası Ümummilli Lider Heydər Əliyevin 2003-cü il 17 fevral tarixli Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003–2012-ci illər)» ilə qoyuldu. Sonrakı mərhələdə qəbul edilən «Elektron Azərbaycan» dövlət proqramları, 2004-cü ildə elektron imza və elektron sənəd haqqında qanunun qəbul edilməsi, 2011-ci ildə vahid elektron hökumət portalının yaradılması rəqəmsal idarəetmənin hüquqi və texnoloji əsaslarını möhkəmləndirdi. Beləliklə, informasiya texnologiyaları dövlət idarəçiliyinin strateji istiqamətlərindən birinə çevrildi.


Bu transformasiyanın sosial nəticələri «ASAN xidmət» və DOST modellərində daha aydın görünməyə başladı. 2012-ci ilin dekabrında ilk «ASAN xidmət» mərkəzinin açılması dövlət-vətəndaş münasibətlərində operativliyi, şəffaflığı və rahatlığı ön plana çıxardı. 2019-cu il mayın 9-da ilk DOST mərkəzinin fəaliyyətə başlaması isə sosial xidmətlərin əlçatanlığını genişləndirdi. Bu modellərin əhəmiyyəti xidmətlərin bir məkanda cəmləşməsi ilə məhdudlaşmır: onlar vətəndaşın vaxt və xərc itkisini, inzibati maneələri azaldır.
Növbəti mərhələdə ayrı-ayrı elektron xidmətlərdən vahid rəqəmsal infrastruktura keçid sürətləndi. «Hökumət buludu», dövlət informasiya sistemlərinin inteqrasiyası və «SİMA» rəqəmsal imza platforması bu prosesin mühüm elementlərinə çevrildi. Bununla rəqəmsallaşma dövlət xidmətləri ilə yanaşı, sahibkarlıq fəaliyyətinin də sadələşdirilməsi üçün yeni imkanlar yaratdı.


Bu modelin mühüm dayaqlarından olan «mygov» platformasının istifadəçi sayı 4 milyona çatıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 14 sentyabr 2026-cı il tarixli məlumatına əsasən, platformada 430 dövlət xidməti və 102 məlumat vahidi təqdim olunur. İstifadəçilərin 57 faizinin aylıq aktiv olması, məmnunluq səviyyəsinin isə 97,7 faizə çatması rəqəmsal xidmətlərə tələbatı göstərir. Lakin bu göstəricilərin əsas əhəmiyyəti rəqəmlərdə deyil: məlumatların təkrar təqdim olunması zərurətinin azalması vətəndaşın vaxtına, sahibkarın isə inzibati xərclərinə qənaət deməkdir.
Beynəlxalq göstəricilər də bu irəliləyişi təsdiqləyir. BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində Azərbaycan 2022-ci ildəki 83-cü yerdən 2024-cü ildə 74-cü pilləyə yüksələrək «çox yüksək inkişaf» qrupuna daxil olub. Bununla belə, reytinqdə irəliləyiş son məqsəd deyil. Əsas məsələ rəqəmsal imkanların idarəetmədə səmərəliliyə, iqtisadiyyatda isə məhsuldarlığa çevrilməsidir.
İnnovasiya göstəriciləri isə bu prosesin qarşısında duran əsas çağırışlardan birini üzə çıxarır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qlobal İnnovasiya İndeksinin 2026-cı il hesabatında Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb. İnnovasiya resursları üzrə 65-ci, nəticələr üzrə isə 109-cu pillədə olması 44 mövqelik fərq yaradır. Bu fərq göstərir ki, innovasiya üçün infrastruktur, maliyyə və institusional şərait yaratmaq hələ həmin imkanları yeni məhsula və iqtisadi gəlirə çevirmək demək deyil. Başqa sözlə, mövcud potensialla onun iqtisadi nəticəsi arasında hələ də məsafə var.
Deməli, növbəti mərhələnin əsas vəzifəsi bu potensialı iqtisadi dəyərə çevirməkdir. Elmi tədqiqatların istehsalla əlaqələndirilməsi, universitet-biznes əməkdaşlığının gücləndirilməsi, startapların maliyyəyə və bazarlara çıxışının genişləndirilməsi bunun vacib şərtləridir. Aqrar sektorda rəqəmsal monitorinq resurslardan səmərəli istifadəyə, sənayedə avtomatlaşdırma məhsuldarlığın yüksəlməsinə, logistika və ticarətdə texnoloji həllər isə ixrac imkanlarının genişlənməsinə xidmət edə bilər. Beləliklə, rəqəmsallaşma qeyri-neft sektorunun şaxələndirilməsi və rəqabət qabiliyyətinin artırılması üçün real iqtisadi vasitəyə çevrilir.


Bu hədəflərin reallaşdırılması üçün hüquqi və institusional çərçivə də genişləndirilir. Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə «Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası», 19 mart tarixli Sərəncamı ilə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiqlənib. Prezidentin 10 dekabr 2025-ci il tarixli Sərəncamı ilə isə «Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya» qəbul edilib. Bu sənədlər texnologiyaların iqtisadiyyata inteqrasiyasını, innovasiya ekosisteminin inkişafını və rəqəmsal bacarıqların artırılmasını hədəfləyir.
Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması, həmin tarixli Sərəncamı ilə 2026–2028-ci illər üçün Fəaliyyət Planının təsdiqlənməsi bu siyasətin əlaqələndirilmiş icrasına xidmət edir. İyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk iclasda Fəaliyyət Planının 58 təşəbbüsü əhatə etdiyi, 40 dövlət qurumu ilə yol xəritələrinin hazırlandığı bildirilib. Bu mexanizm ayrı-ayrı təşəbbüsləri vahid məqsəd ətrafında birləşdirməklə yanaşı, onların əlaqələndirilmiş icrasına zəmin yaradır. İndi əsas vəzifə nəzərdə tutulan tədbirlərin ölçülə bilən iqtisadi və sosial nəticələr verməsidir.
Fəaliyyət Planında nəzərdə tutulan «yalnız bir dəfə» prinsipi və proaktiv xidmətlər bu yanaşmanın praktik ifadəsidir. Dövlətin mövcud məlumatı vətəndaşdan təkrar tələb etməməsi, zəruri xidmətləri əlavə müraciət gözləmədən təqdim etməsi bürokratik yükü azalda bilər. Bunun üçün informasiya sistemlərinin inteqrasiyası, məlumatların dəqiqliyi və şəxsi informasiyanın qorunması təmin edilməlidir. Əks halda, mövcud inzibati maneələr sadəcə elektron müstəviyə daşına bilər.
Rəqəmsal inkişafın digər mühüm şərti insan kapitalıdır. Texnologiyaların tətbiqi ilə yanaşı, rəqəmsal savadlılıq, peşə hazırlığı və əmək bazarının yeni tələblərinə uyğunlaşma imkanları da genişləndirilməlidir. Əks halda, rəqəmsal bacarıqları fərqli olan qruplar arasında uçurum dərinləşə bilər. Buna görə də rəqəmsal transformasiya təhsildən və insan potensialının inkişafından ayrı düşünülə bilməz.
Bütün bunlar göstərir ki, Azərbaycanın rəqəmsal inkişafı üçün mühüm texnoloji və institusional baza formalaşıb. Lakin bu bazanın real iqtisadi gücə çevrilməsi üçün diqqət xidmətlərin sayından daha çox onların yaratdığı əlavə dəyərə yönəlməlidir. Biznesin məhsuldarlığı, yerli texnoloji məhsulların bazara çıxışı, innovasiyaların kommersiyalaşdırılması və ixrac imkanları əsas qiymətləndirmə meyarları olmalıdır. Hədəf yalnız texnologiyanı idxal edib tətbiq edən deyil, onu inkişaf etdirən, məhsula çevirən və xarici bazarlara çıxaran iqtisadi model qurmaqdır.
Bu hədəfin reallaşması isə rəqəmsallaşmanın yaratdığı imkanlarla yanaşı, onun doğurduğu risklərin də nəzərə alınmasını tələb edir. Rəqəmsallaşmanın əhatə dairəsi genişləndikcə məlumatlara müdaxilə, rəqəmsal sistemlərdən sui-istifadə və kiberhücumlar üçün də yeni zəmin yaranır. Beləliklə, rəqəmsal inkişafın miqyası artdıqca onun təhlükəsizliyinin təmin edilməsi də getdikcə daha aktual məsələyə çevrilir.
Bəs rəqəmsal dünyanın görünməyən cəbhəsində hansı yeni təhdidlər formalaşır və dünya bu təhlükələrə qarşı hansı müdafiə mexanizmlərini tətbiq edir?

Kiber fırtınalar qarşısında sipərsiz qalmayaq…

Rəqəmsal dövlət qurmaq qədər onu qorumaq da vacibdir. Çünki rəqəmsal dünyanın işıqları parladıqca onun kölgəsində gizlənən təhlükələr də böyüyür. Bu kölgənin ən təhlükəli üzü isə bir anda baş verən, lakin təsiri uzun müddət hiss olunan kiberhücumlardır. Onlar bəzən müəssisələrin istehsalını dayandırır, maliyyə axınlarını pozur, dövlət xidmətlərini iflic edir. Beləcə, görünməyən müdaxilə real iqtisadi itkilərə, məlumatların ələ keçirilməsinə və cəmiyyətin etimadının sarsılmasına səbəb olur. Rəqəmsal dünyanın görünməyən cəbhəsindəki mübarizə artıq iqtisadi və milli təhlükəsizliyin ayrılmaz hissəsidir.
Fişinq, məlumat oğurluğu, ransomware və DDoS hücumları artıq yalnız texniki sistemləri deyil, iqtisadi fəaliyyətin fasiləsizliyini də hədəfə alır. Süni intellektlə yaradılan saxta səs və videolar isə təhlükəni daha da artırır. Beləliklə, rəqəmsal mühitdə təkcə məlumatları deyil, insan etibarını da ələ keçirmək mümkündür.


Beynəlxalq göstəricilər kibertəhlükənin iqtisadi miqyasını ortaya qoyur. ABŞ Federal Təhqiqat Bürosunun 2025-ci il hesabatına görə, quruma 1 milyon 8 min 597 internet cinayəti şikayəti daxil olub, bildirilən maliyyə itkiləri 20,877 milyard dollara çatıb. Avropa İttifaqının Kibertəhlükəsizlik Agentliyinin (ENISA) 2026-cı ildə dərc etdiyi, 2025-ci ili əhatə edən hesabatda hədəfə alınan təşkilatların 32 faizinin dövlət idarəçiliyi sektoruna aid olduğu, həmin sektordakı hadisələrin 82 faizinin ideoloji motivli DDoS hücumları ilə bağlı olduğu bildirilir. IBM-in 2025-ci il hesabatına əsasən, bir məlumat sızmasının təşkilatlar üçün qlobal orta dəyəri 4,44 milyon dollardır.
Bu rəqəmlər kibertəhlükəsizliyin iqtisadi əhəmiyyətini göstərir: bir hücum müəssisənin gəlirini, dövlət xidmətlərinin fasiləsizliyini və vətəndaşın maliyyə təhlükəsizliyini riskə atır. Buna görə təhlükəsizlik sistemlərinə yatırılan vəsait müdafiə xərci deyil, mümkün iqtisadi itkilərin qarşısını alan strateji investisiyadır.
Azərbaycanda bu sahənin əsas strateji çərçivəsini 2023–2027-ci illər üçün İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası müəyyən edir. Sənədin 2023–2024-cü illər üzrə ümumi icra göstəricisi 66,5 faiz olub. Normativ hüquqi bazanın təkmilləşdirilməsi 100 faiz, təhdid və risklərin idarə edilməsi, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tədbirlər 83 faiz icra edilib. Lakin informasiya məkanının təhlükəsizliyi üzrə 40, ölkədaxili və beynəlxalq əməkdaşlıq üzrə 46 faizlik nəticə bu istiqamətlərdə əlavə səylərə ehtiyac olduğunu göstərir.
Bu göstəricilər hüquqi bazanın formalaşdırılması ilə real müdafiə imkanlarının yaradılması arasında fərq olduğunu üzə çıxarır. Kibertəhdidlər sərhəd tanımadığından mübarizə də qurumlararası və beynəlxalq əməkdaşlıq tələb edir. Strategiyanın uğuru yalnız icra faizi ilə deyil, hücumların vaxtında aşkarlanması, zərərin məhdudlaşdırılması və sistemlərin operativ bərpası ilə ölçülməlidir. Əsas məsələ müdafiə mexanizmlərinin mövcudluğu deyil, təhlükə anında işləkliyidir.
İnsan amili də təhlükəsizlik zəncirinin həssas halqalarındandır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, 2025-ci ilin ilk yarısında dövlət xidmətlərinin istifadəçisi olan 6 164 vətəndaş, 47 dövlət qurumunun 95 əməkdaşı kiberhücumların qurbanı olub. Bu rəqəmlər ölkə üzrə bütün insidentləri deyil, açıqlamada göstərilən konkret halları əhatə edir. Onlar rəqəmsal savadlılıq və kibergigiyenanın əhəmiyyətini təsdiqləyir: zəif təhlükəsizlik vərdişləri vətəndaşın vəsaitini, sahibkarın kommersiya məlumatlarını, dövlət əməkdaşının xidməti informasiyasını riskə atır.
2026-cı il iyunun 2-də Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, avqustun 10-da informasiya təhlükəsizliyi sahəsində qanunvericiliyə dəyişikliklərin təsdiqlənməsi yeni institusional və hüquqi mərhələnin əsasını qoyub. Bu mexanizmlər informasiya infrastrukturunun dayanıqlılığını artırmağı, kompüter insidentlərinə cavabvermə mərkəzlərinin (CERT) hüquqi statusunu müəyyənləşdirməyi və təhdidlərə çevik müdaxiləni nəzərdə tutur. Lakin real nəticə texniki imkanlardan, peşəkar kadr təminatından və qurumlararası koordinasiyadan asılı olacaq.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) 2024-cü il Qlobal Kibertəhlükəsizlik İndeksində Azərbaycanın 93,76 bal toplayaraq ikinci, “Advancing” – irəliləyən ölkələr kateqoriyasında yer alması institusional və texniki potensialın göstəricisidir. Bununla belə, yüksək indeks nəticəsi real hücumlar qarşısında effektiv müdafiəyə zəmanət vermir. Həlledici məsələ bu potensialın operativ müdaxiləyə və itkilərin minimuma endirilməsinə çevrilməsidir.
Kibertəhlükəsizliyin daha geniş iqtisadi tərəfi texnoloji suverenliklə bağlıdır. Bu, ölkənin öz informasiya infrastrukturuna nəzarət etməsi, kritik sistemləri müstəqil idarə etməsi və xarici texnoloji asılılıq risklərini azaltması deməkdir. Rəqəmsal infrastrukturda yaranan fasilə istehsaldan ticarətə, bank xidmətlərindən dövlət idarəçiliyinə qədər iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərə bilər. Deməli, kibertəhlükəsizliyə sərmayə yalnız məlumatların qorunmasına deyil, biznesin fasiləsizliyinə, investor etimadına, iqtisadi sabitliyə və rəqabət qabiliyyətinə xidmət edir. Çünki texnologiyanı yaratmaq qədər onu təhlükəsiz idarə etmək bacarığı da ölkənin iqtisadi gücünü müəyyənləşdirir.
Beləliklə, rəqəmsal inkişafın uğuru qurulan sistemlərin miqyası ilə yanaşı, onların nə dərəcədə təhlükəsiz, dayanıqlı və müstəqil olmasından asılıdır. Ancaq ən müasir texnologiya və güclü müdafiə mexanizmləri belə bir amil olmadan tam nəticə verə bilməz. Çünki rəqəmsal gələcəyin həm yaradıcısı, həm də əsas daşıyıcısı insandır. Texnologiyanın sərhədləri genişləndikcə insanın bilik və bacarıqlarına tələblər də dəyişir. 

Texnologiyanın gələcəyə hökm etdiyi bir dövrdə insan öz zəkası ilə tərəqqinin sükanını əlində saxlaya biləcəkmi?

Tərəqqinin sınağında insan…

Təsəvvür edin: bir gün işə qəbul qərarını insan deyil, alqoritm verir; istehsal xəttində insan əli deyil, robotun dəqiqliyi həlledici olur; illərlə öyrənilən peşənin bəzi bacarıqlarını isə bir neçə saniyəyə işləyən süni intellekt əvəzləyir. Bu, uzaq gələcəyin fantastik səhnəsi deyil, artıq formalaşan yeni iqtisadi reallıqdır. İnsan öz zəhməti ilə qurduğu texnoloji dünyanın qarşısında indi başqa bir sualla dayanır: sürətlə dəyişən bu düzəndə onun biliyi, əməyi və iqtisadi dəyəri necə qorunacaq?

Rəqəmsal iqtisadiyyatın əsas ziddiyyəti budur: texnologiya istehsal imkanlarını genişləndirdikcə insan əməyinə tələbin strukturu dəyişir. Peşələr tamamilə yox olmaqdan çox, yeni məzmun qazanır; analitik düşüncə, yaradıcılıq və qərarvermə bacarıqları ön plana keçir. Dünya İqtisadi Forumunun 2025-ci il hesabatına görə, 2030-cu ilədək 170 milyon yeni iş yerinin yaranacağı, 92 milyon iş yerinin isə aradan qalxacağı gözlənilir. Lakin bu keçid hamı üçün eyni imkanlar yaratmır: yeni bacarıqlar qazana bilməyənlər əmək bazarından kənarda qala, məhsuldarlıq artımının faydasını isə tam bölüşə bilməyə bilərlər.
Azərbaycan üçün də bu dəyişikliklərə vaxtında hazırlaşmaq mühüm vəzifədir. Ölkədə bu istiqamətdə artıq institusional və praktiki addımlar atılır. Çünki texnoloji tərəqqi yalnız yeni sistemlərin qurulması deyil, insanın dəyişən dünyanın tələblərinə uyğunlaşması, bilik və bacarıqlarının iqtisadi dəyərə çevrilməsi deməkdir. Lakin bu dəyişimin təsiri insan həyatının sərhədləri ilə məhdudlaşmır. Ayrı-ayrı fərdlərin taleyində başlayan yeni reallıq getdikcə dövlətlərin iqtisadi rəqabətini müəyyənləşdirən amilə çevrilir. Dünyanın iqtisadi nizamı yeni meyarlarla formalaşır, sanki qlobal iqtisadiyyat görünməz bir tərəzidə yenidən çəkilir…
Bəs bu tərəzidə ağır gələn gözə çevrilmək, zamanın dəyişən axarında geridə qalmamaq, əksinə, gələcəyin iqtisadi mənzərəsini müəyyənləşdirən gücə çevrilmək üçün hansı sərvəti zəkaya, hansı imkanı yeniliyə, hansı potensialı isə davamlı tərəqqiyə çevirmək lazımdır?

Sərvətin kölgəsindən zəkanın işığına…

Hər dövr öz sərvətini, hər nəsil öz inkişaf yolunu yaradır. Bir zamanlar torpağın dərinliklərindəki təbii ehtiyatlar dövlətlərin iqtisadi qüdrətinin başlıca göstəricisi sayılırdısa, bu gün insan zehninin yaratdığı ideyalar yeni inkişaf üfüqləri açır. İqtisadi imkanların mahiyyəti dəyişdikcə sərvətin dəyəri də onun elmə, innovasiyaya və yaradıcı düşüncəyə verdiyi töhfə ilə ölçülür. Çünki müasir dünyada üstünlük yalnız resurslara sahib olmaqda deyil, onları yeni iqtisadi dəyərə çevirmək bacarığındadır.
Bu transformasiya dünya iqtisadiyyatında rəqabətin meyarlarını da yeniləyir. Ölkələrin iqtisadi çəkisi artıq yalnız təbii ehtiyatların həcmi və istehsal gücü ilə deyil, elmi bilikləri iqtisadi dövriyyəyə daxil etmək, texnoloji yeniliklər əsasında yüksək əlavə dəyər yaratmaq qabiliyyəti ilə müəyyənləşir. Eyni resurs bir ölkədə xammal olaraq qalır, digərində isə elm və texnologiya sayəsində rəqabətqabiliyyətli məhsula çevrilir. Deməli, həlledici üstünlük sərvətin miqdarında deyil, ona qazandırılan yeni məzmundadır.
Lakin iqtisadi qüdrətin əsl meyarı yaradılan dəyərin cəmiyyətə gətirdiyi faydadır. Texnoloji tərəqqi istehsalın səmərəliliyini artırmaqla yanaşı, insanların əmək, təhsil və sosial imkanlarını da genişləndirməlidir. İqtisadi artım həyat keyfiyyətində, xidmətlərin əlçatanlığında və məşğulluqda qarşılığını tapmadıqda inkişaf öz əsas məqsədindən uzaqlaşır. Buna görə də tərəqqinin həqiqi ölçüsü rəqəmlərin artımı deyil, insan həyatında yaratdığı keyfiyyət dəyişiklikləridir.
Gələcəyin iqtisadi modeli təbii sərvət, elm və innovasiyanın qarşılıqlı vəhdətinə əsaslanır. Resurslar ilkin imkanlar yaradır, elm onları yeni biliklərlə zənginləşdirir, texnologiya və innovasiya isə məhsula, xidmətə və rəqabət üstünlüyünə çevirir. Bu zəncirin səmərəsi elmi nəticələrin istehsala tətbiqindən, innovativ sahibkarlığın və insan kapitalının inkişafından asılıdır. Çünki resurs bolluğu yalnız bilik və yeniliklə uzlaşdıqda dayanıqlı iqtisadi gücə çevrilir.
Qlobal iqtisadiyyatın dəyişən reallıqları Azərbaycan qarşısında da strateji vəzifələr müəyyənləşdirir. Ölkəmizin zəngin təbii resursları mühüm iqtisadi baza formalaşdırıb. İndi əsas məsələ bu potensialı elm, insan kapitalı və texnoloji yeniliklərlə uzlaşdıraraq yeni inkişaf mənbələri yaratmaqdır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsi, innovativ sahibkarlığın təşviqi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəqəmsallaşma yalnız idarəetməni müasirləşdirən vasitə deyil, məhsuldarlığı artıran, yeni biznes imkanları yaradan və Azərbaycanın qlobal dəyər zəncirində mövqeyini gücləndirən iqtisadi qüvvəyə çevrilməlidir.
Bu transformasiyanın mərkəzində isə insan dayanır. Çünki texnologiyanı iqtisadi üstünlüyə çevirən onu mənimsəyən, təkmilləşdirən və yeni həllər yaradan insan zəkasıdır. Elm və təhsilin iqtisadiyyatın tələbləri ilə uzlaşdırılması, rəqəmsal bacarıqların inkişafı, tədqiqat və innovasiya mühitinin gücləndirilməsi Azərbaycanın yalnız texnologiyalardan istifadə edən deyil, bilik və yenilik yaradan iqtisadiyyata keçidinin əsas şərtidir.
Beləliklə, müasir iqtisadiyyatın inkişaf yolu sərvətdən biliyə, bilikdən innovasiyaya, innovasiyadan insan rifahına uzanır. Resurs imkan yaradır, elm onu genişləndirir, texnologiya reallaşdırır, insan zəkası isə bütün bu prosesə istiqamət verir. Azərbaycanın gələcək iqtisadi qüdrəti də bu potensialı vahid inkişaf strategiyasında birləşdirə bilməsindən asılıdır.
Tarix boyu sərvətlər dövlətlərin gücünə güc qatıb, lakin zaman onların dəyərini müəyyənləşdirən meyarları dəyişib. Bu gün torpağın dərinliyindəki imkanlardan daha böyük qüvvə insan zehninin yaratdıqlarında üzə çıxır. Çünki gələcəyin zirvəsinə sahib olduğu sərvətlə kifayətlənənlər deyil, həmin sərvətə elm, zəka və yeniliklə yeni dəyər qazandıranlar yüksələcəklər.

Yaqut Ağaşahqızı, “İki sahil”