19 noyabr 2026 22:57
158

Kommunist Vyetnam iqtisadi möcüzəyə necə nail oldu?..

Uzun müddət kommunist rejimi ilə idarə olunan Vyetnam Sosialist Respublikası illərdən bəri iqtisadiyyatda həyata keçirdiyi bazar yönümlü islahatlar sayəsində bu gün dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birinə çevrilib. “Bambuk diplomatiyası” adlanan balanslı xarici siyasət yürüdən Hanoy Çin və Rusiya kimi ənənəvi tərəfdaşları ilə əlaqələri qoruyub saxlayaraq ABŞ və Avropa İttifaqı ilə sıx iqtisadi və strateji əməkdaşlıq edir.

Ötən əsrin 80-ci illərinin ortalarında dərin iqtisadi böhranla üzləşən kommunist Vyetnamın iqtisadi möcüzəyə nail olmasının əsas səbəbi 1986-cı ildə başladılan “Đổi Mới” (Yenilənmə) iqtisadi islahatlarıdır. Bu islahatlar nəticəsində ölkə sərt mərkəzi planlaşdırma sistemindən imtina edərək siyasi hakimiyyəti Kommunist Partiyasının əlində saxlamaqla “sosialist yönümlü bazar iqtisadiyyatına” keçid etdi. 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində müharibədən çıxmış, ABŞ embarqosu altında olan və 700 faizdən yuxarı hiperinflyasiya ilə üzləşən Vyetnam 40 il ərzində dünyanın ən sürətlə böyüyən iqtisadiyyatlarından birinə çevrildi.

1986-cı ildə Vyetnam Kommunist Partiyasının 6-cı qurultayında qəbul edilən bu strategiya iqtisadiyyatı liberallaşdırdı. Özəl sektorun təşviqi üçün yeni mexanizmlər hazırlandı. Dövlət müəssisələrinə verilən subsidiyalar ləğv edildi və özəl sahibkarlığın fəaliyyəti üçün hüquqi baza yaradıldı. Dövlətin qiymətləri süni şəkildə tənzimləməsi dayandırıldı və tələb-təklif qanunlarına icazə verildi.

İslahatların ilk və ən sürətli nəticəsi kənd təsərrüfatında özünü göstərdi. Kollektiv təsərrüfatlar-kolxozlar ləğv edilərək torpaqlar uzunmüddətli istifadə üçün kəndlilərə paylandı. Kəndlilərə məhsullarını sərbəst bazarda satmaq hüququ verildi. Nəticədə qıtlıq yaşayan və düyü idxal edən Vyetnam cəmi bir neçə il ərzində dünyanın ən böyük düyü, qəhvə və çay ixracatçılarından birinə çevrildi.

Vyetnam 1987-ci ildə “Xarici İnvestisiyalar haqqında Qanun” qəbul edərək qlobal şirkətlər üçün qapılarını açdı. Ölkə özünü təcriddən çıxararaq aqressiv şəkildə azad ticarət sazişləri imzaladı. 1995-ci ildə ASEAN-a üzv oldu, ABŞ ilə münasibətləri normallaşdırdı və 2007-ci ildə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşuldu. Həmçinin Avropa İttifaqı və Sakit Okean regionu ölkələri də daxil olmaqla 15-dən çox azad ticarət sazişi imzalayaraq ixrac rüsumlarını minimuma endirdi.

Hökümət ölkənin iqtisadi artımını, rəqabətqabiliyyətliliyini və uzunmüddətli rifahını təmin edən iki əsas strateji sütuna-insan kapitalı və infrastruktura investisiya sahəsində ciddi addımlar atdı. İqtisadi böyümənin davamlı olması üçün dövlət gəlirlərini düzgün sahələrə yönəltdi. Vyetnam ümumi daxili məhsulunun əhəmiyyətli hissəsini ibtidai və orta təhsilə ayırdı. Bu, ölkədə savadlı, intizamlı və texnologiyaya meyilli gənc işçi qüvvəsi formalaşdırdı. Limanlar, magistral yollar, elektrik şəbəkələri və yüksək sürətli internet infrastrukturu sürətlə müasirləşdirildi. Həmçinin siyasi sabitliyi və mərkəzi nəzarəti qoruyub saxlamaqla, iqtisadiyyatda kapitalist bazar mexanizmlərini tətbiq etdi. Bu model ölkənin ÜDM-ni 1980-ci illərdəki bir neçə milyard dollardan 500 milyard dollar səviyyəsinə qaldırdı və on milyonlarla insanı yoxsulluqdan xilas etdi.

Bütün bunların sayəsində son illərdə sürətli artım nümayiş etdirən Vyetnam ABŞ-a ən çox mal ixrac edən ölkələr siyahısında ilk yerləri tutan Meksika, Kanada, Tayvan, Çindən sonra 5-ci sırada yer alır. Vyetnam 2025-2026-cı illərdə ABŞ-a illik təxminən 196-201 milyard dollar dəyərində mal ixrac edib. ABŞ-ın Çin mallarına tətbiq etdiyi yüksək gömrük tariflərindən yayınmaq üçün bir çox qlobal və çinli şirkətlər istehsal müəssisələrini Vyetnama köçürüb.

Təxminən yetmiş illik tarixə dayanan Azərbaycan-Vyetnam dostluq münasibətləri bu gün uğurla inkişaf edir. Rəsmi Bakı ilə Hanoy arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. 

İki ölkə arasında humanitar əlaqələrin inkişafı xalqlar arasında qarşılıqlı anlaşmanı gücləndirir, ikitərəfli münasibətləri daha da möhkəmləndirir. Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Elm və təhsil sahəsində əməkdaşlıq dinamik şəkildə inkişaf edir. İki ölkənin hakim partiyaları-Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir.

Prezident İlham Əliyev bu ölkəyə səfəri öncəsi 2026-cı il noyabrın19-da Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib ki, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır: “Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir. Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək”.

Zahid Rza, “İki sahil”