19 noyabr 2026 17:57
123

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası və sahibkarlıq subyektlərinin təşəbbüslərinin yerində qiymətləndirilməsi və mövcud məsələlərin öyrənilməsi məqsədilə Tovuz rayonunda fəaliyyət göstərən bir neçə sahibkarlıq subyektinə baxış keçirilib.

“İki sahil” xəbər verir ki, baxışda Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Elvin Azadəliyev, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq  siyasəti şöbəsinin müdir müavini Vüsal Mirzəyev, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul əməkdaşları iştirak ediblər. 

İştirakçılar bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan “Tovuz Aqrokompleks” MMC-də, heyvandarlıq məhsullarının istehsalını həyata keçirən “Tovuz Aqro” MMC-də, eləcə də sahibkar Fikrət Hüseynova məxsus təsərrüfatda və digər təsərrüfat subyektlərində olublar. Səfər çərçivəsində təsərrüfatların fəaliyyəti, istehsal imkanları, mövcud potensialı ilə bağlı vəziyyət nəzərdən keçirilib.

Görüşlər zamanı Dövlət Proqramında müəyyən edilmiş hədəf və prioritetlərin yerlərdə icrası, aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin imkanlarının genişləndirilməsi, istehsal prosesinin daha da təkmilləşdirilməsi və mövcud məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.