20 noyabr 2026 17:03
262

Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu

Yeni Azərbaycan Partiyasının yaranması və təsis konfransının keçirilməsi ölkəmizin müstəqillik əldə etdikdən sonra qarşılaşdığı mürəkkəb siyasi, iqtisadi və ictimai proseslər fonunda milli dövlətçilik ideyalarının qorunması, siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən ağır ictimai-siyasi şəraitdə xalqın sabitlik, güclü dövlətçilik, milli birlik və peşəkar idarəçilik tələbatının ifadəsi kimi tarixə düşmüşdür. Partiyanın təsis olunması Azərbaycan cəmiyyətində yeni siyasi düşüncənin formalaşmasına, dövlətçilik maraqlarının siyasi müstəvidə müdafiəsinə və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə vermişdir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası müstəqilliyin ilk illərində son dərəcə mürəkkəb və çətin sınaqlarla üzləşmişdi. Ölkədə siyasi qeyri-sabitlik, idarəetmədə ciddi problemlər, iqtisadi tənəzzül, sosial çətinliklər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərimizin müəyyən hissəsinin işğalı dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Həmin dövrdə cəmiyyətin əsas gözləntiləri ölkədə siyasi sabitliyin bərqərar olması, dövlət idarəçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, ərazi bütövlüyünün təmin edilməsi və müstəqil Azərbaycanın davamlı inkişaf yoluna çıxarılması idi.

Belə bir şəraitdə Azərbaycan xalqının böyük əksəriyyəti dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və idarəçilik bacarığı ilə tanınan Ümummilli Lider Heydər Əliyevin ölkənin ictimai-siyasi həyatında fəal iştirakını zəruri hesab edirdi. Məhz bu tarixi şəraitdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətəndaşlar Heydər Əliyevə müraciət edərək ölkənin gələcəyi naminə yeni siyasi təşkilatın yaradılmasını təklif etdilər. Bu təşəbbüsün əsas məqsədi milli dövlətçiliyin qorunması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkədə siyasi həmrəyliyin və ictimai sabitliyin təmin edilməsi idi.

1992-ci il oktyabrın 16-da ölkənin müxtəlif sahələrini təmsil edən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş etdi. Tarixə “91-lər”in müraciəti kimi daxil olan bu sənəd Azərbaycanın siyasi həyatında mühüm hadisəyə çevrildi. Müraciətdə ölkədə yaranmış ağır vəziyyət, dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin edilməsi və demokratik dövlət quruculuğunun inkişaf etdirilməsi zərurəti ön plana çəkilirdi.

Ümummilli Lider Heydər Əliyev 1992-ci il oktyabrın 24-də ziyalıların müraciətinə cavab verərək yeni siyasi partiyanın yaradılması təşəbbüsünü dəstəklədi. O, partiyanın yaranmasının obyektiv tarixi zərurətdən irəli gəldiyini vurğulayaraq müstəqil Azərbaycanın demokratik inkişafı, suverenliyinin qorunması və xalqın rifahının yüksəldilməsi istiqamətində siyasi təşkilatlanmanın əhəmiyyətini qeyd etmişdir.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Bu, sadəcə, yeni siyasi partiyanın yaradılması ilə bağlı təşkilati tədbir deyil, eyni zamanda, Azərbaycanın gələcək siyasi inkişafı, milli dövlətçilik ideyalarının qorunması və müstəqilliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə idi.

Konfransın gedişində Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Təşkilatın rəhbər orqanları formalaşdırıldı, Siyasi Şura və İdarə Heyəti seçildi. Ən mühüm qərarlardan biri isə Ümummilli Lider Heydər Əliyevin konfrans iştirakçıları tərəfindən yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçilməsi oldu.

Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi nüfuzu, idarəçilik bacarığı və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri yeni yaradılan siyasi təşkilatın cəmiyyətdə nüfuz qazanmasına geniş imkan yaratdı.

Yeni Azərbaycan Partiyasının yaranması ilə müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin əsası qoyuldu. Partiyanın fəaliyyətinin əsasını dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, demokratik dəyərlərin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu təşkil edirdi.

Dövlət müstəqilliyinin və suverenliyin qorunması, milli birlik və həmrəyliyin təmin olunması, demokratik dövlət quruculuğu, iqtisadi inkişaf və sosial rifah yüksəldilməsi, milli-mənəvi dəyərlərin qorunması, güclü və müasir dövlət quruculuğu və bu kimi istiqamətlər Partiyanın ideoloji-siyasi xəttində xüsusi əhəmiyyət daşıyırdı.

1993-cü il Azərbaycan dövlətçiliyi üçün son dərəcə taleyüklü bir il oldu. Ölkədə siyasi böhran dərinləşmiş, vətəndaş qarşıdurması təhlükəsi yaranmış, dövlət müstəqilliyinin gələcəyi ciddi sınaq qarşısında qalmışdı. Belə bir vəziyyətdə xalqın tələbi və çağırışı ilə Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu.

Həmin ilin oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və genişmiqyaslı islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atıldı.

Bu prosesdə Yeni Azərbaycan Partiyası da siyasi təşkilat kimi fəal iştirak etdi. Partiya dövlətçilik maraqlarının müdafiəsi, cəmiyyətin səfərbər olunması və ölkənin inkişaf strategiyasının dəstəklənməsi istiqamətində aparıcı siyasi qüvvələrdən birinə çevrildi.

1995-ci il noyabrın 12-də keçirilən parlament seçkilərində partiyanın qələbə qazanması isə onun ölkənin siyasi sistemindəki mövqeyinin daha da möhkəmlənməsini nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Yeni Azərbaycan Partiyası qısa müddətdə geniş təşkilati struktura, güclü siyasi dayaqlara və ümumrespublika miqyaslı fəaliyyət imkanlarına malik siyasi təşkilata çevrildi. Ulu Öndər partiyanın inkişaf strategiyasını müəyyənləşdirərkən milli maraqların qorunmasını, dövlətçilik ənənələrinin möhkəmləndirilməsini, xalqla hakimiyyət arasında etimadın gücləndirilməsini və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini əsas prioritetlər kimi müəyyən etmişdi.

Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi, sosial, hərbi və diplomatik sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası və milli dövlətçilik tariximizin yeni mərhələyə qədəm qoyması baxımından müstəsna əhəmiyyətə malikdir. 2023-cü ildə suverenliyimizin ölkənin bütün ərazisində tam bərpa olunması isə Azərbaycan tarixində yeni reallıq yaratdı. Bu nailiyyətlər müstəqil dövlətimizin gücünü, xalqımızın birliyini və milli həmrəyliyini nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası da bu tarixi proseslərdə öz siyasi mövqeyi və təşkilati fəaliyyəti ilə iştirak edən aparıcı siyasi qüvvə kimi çıxış edir.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatında mühüm yer tutan, geniş sosial bazaya və təşkilati struktura malik siyasi təşkilatdır. Partiyanın müasir fəaliyyətinin əsas istiqamətləri dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının dəstəklənməsi, milli maraqların müdafiəsi, ictimai-siyasi sabitliyin qorunması və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsidir.

Xüsusilə gənclərin ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi, onların dövlətçilik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və ölkənin gələcək inkişafında fəal iştirakının təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi 21 noyabr tarixinin tarixi və siyasi əhəmiyyətinin gənc nəslə çatdırılması xüsusi aktuallıq daşıyır. Gənc nəsil Azərbaycanın müstəqillik tarixini, dövlətçilik ənənələrini, müstəqilliyin ilk illərində qarşıya çıxan çətinlikləri və ölkəmizin bugünkü inkişaf mərhələsinə necə gəlib çatdığını dərindən öyrənməlidir.

Beləliklə, 21 Noyabr tarixi Azərbaycan xalqının milli birliyinin, dövlətçilik iradəsinin, müstəqilliyə bağlılığının və gələcəyə inamının təcəssümüdür. Bu tarix Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi tarixi xidmətləri bir daha xatırlamaq, onun siyasi irsini öyrənmək və gələcək nəsillərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Pərvanə Vəliyeva, Milli Məclisin deputatı