20 noyabr 2026 22:50
90

Yeni Azərbaycan Partiyası: Müstəqil dövlətçiliyimizin möhkəmlənməsində tarixi missiya və xalq birliyinin rəmzi  

Ölkəmizin siyasi, iqtisadi və sosial böhranlarla üzləşdiyi, müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığı bir şəraitdə Azərbaycanın taleyini düşünən, dövlətçiliyin qorunmasını, siyasi sabitliyin təmin olunmasını və ölkənin böhrandan çıxmasını vacib hesab edən insanlar yeni siyasi təşkilatın yaradılması təşəbbüsü ilə çıxış etdilər. Bu təşəbbüsün mərkəzində xalqın böyük etimad göstərdiyi, zəngin dövlətçilik təcrübəsinə, siyasi müdrikliyə və liderlik keyfiyyətlərinə malik Ümummilli Lider Heydər Əliyevin şəxsiyyəti dayanırdı. Azərbaycanın ən yeni siyasi tarixinə “91-lər”in müraciəti kimi daxil olan sənəd, əslində, ölkənin gələcəyinə dair xalqın arzu və ümidlərini, dövlətçilik naminə birləşmək istəyini ifadə edirdi.  Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin gücünü bütün dünya bilirdi. 1992-ci il 16 oktyabr tarixində bir qurup Ziyalıların  - məşhur 91-lərin  Heydər Əliyevə müraciəti “SƏS” qəzetində “Azərbaycan sizin sözünüzü gözləyir ” başlığı ilə dərc edilmişdir. Bu müraciət Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanmasına, ölkəni xaos və böhran təhlükəsindən xilas edəcək siyasi iradənin formalaşmasına zəmin yaratdı.

Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. 24 oktyabr 1992-ci il tarixində  Heydər Əliyev  bu müraciətə cavab vermiş və təklifi qəbul etmişdir. Həmin ilin noyabırın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev  partiya sədri seçilmişdir.  

Xalqlmızın ona böyük inamı nəticəsində  3 oktyabr 1993-cü ildə Azərbaycan xalqı tərəfindən Ulu Öndər Heydər Əliyev ümumxalq səsverməsi ilə  prezident seçildi. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası 1993-cü ildə Prezident seçkilərində qalib gələrək iqtidara çevrildi . Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başladı. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilmirdi. Öz hüdudlarını qoruya bilmirdi. Beynəlxalq aləmdə öz sözünü deyə bilmirdi. Belə olduğu halda heç bir müstəqillikdən söhbət gedə bilməzdi. Ulu Öndər hakimiyyətə gəldikdən sonra Azərbaycan-Ermənistan arasında atəşkəs elan olundu, Ölkənin daxilində baş verən parçalanmanın  qarşısı alındı və qısa bir zamanda 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Ulu  Öndər Heydər Əliyev ömrünün sonuna qədər işğal altında olan torpaqlarımızı  sülh yolu ilə azad etmək üçün danışıqlar aparırdı. 

Yeni Azərbaycan Partiyası ötən müddət ərzində ölkəmizdə siyasi sabitliyin, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinin və davamlı inkişafın təmin olunmasında mühüm rol oynayıb. Partiyanın 2005-ci il martın 26-da keçirilmiş III qurultayında Prezident İlham Əliyevin Sədr seçilməsi YAP-ın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Bu inkişaf yolu Heydər Əliyev siyasi məktəbinin müasir dövrün çağırışları ilə uzlaşdırılmasının, dövlətçilik strategiyasının ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. 2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük  Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması xalqın böyük sevincinə səbəb oldu. Dövlət başçımız tarixi Zəfərdən sonra sülh təklifləri ilə çıxış etdi, Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Əldə etdiyimiz mühüm nəticələr həm də Yeni Azərbaycan Partiyasının böyük uğurudur. 2021-ci il martın 5-də keçirilmiş VII qurultay Yeni Azərbaycan Partiyasının təşkilati və ideoloji baxımdan yenilənməsi, müasir dövrün çağırışlarına uyğun fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli hadisə oldu. Qurultayda partiyanın yeni Nizamnaməsi qəbul edildi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərdən ibarət Veteranlar Şurası formalaşdırıldı. Bu qərarlar partiyanın təşkilati strukturunun təkmilləşdirilməsinə, fəaliyyətinin daha sistemli qurulmasına və yeni siyasi reallıqlar şəraitində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsinə xidmət etdi. Azərbaycanın suverenliyinin tam bərpasından sonra bütün ölkə ərazisini əhatə edən seçki proseslərinin həyata keçirilməsi də dövlətimizin yeni reallıqlarının mühüm göstəricisidir. Yeni Azərbaycan Partiyası bələdiyyə, parlament və prezident seçkilərində əldə etdiyi nəticələrlə ölkənin siyasi həyatında aparıcı qüvvə olduğunu nümayiş etdirib. 

2026-cı il oktyabrın 2-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VIII qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi tarixi və siyasi əhəmiyyət daşıyır. Bu, yalnız partiyanın fəaliyyətində deyil, bütövlükdə Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanmasını ifadə edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, regionda formalaşmış yeni reallıqlar, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsi, milli təhlükəsizlik məsələləri və qarşıda duran strateji hədəflər partiyanın fəaliyyət istiqamətlərinin müasir dövrün tələblərinə uyğun müəyyənləşdirilməsini zəruri edir.

VIII qurultayın mühüm ideoloji istiqamətlərindən biri Azərbaycanın suverenliyinin qorunması və möhkəmləndirilməsi ilə yanaşı, ideoloji təhlükəsizliyin təmin edilməsinin də strateji əhəmiyyətinin ön plana çıxmasıdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın Zəfərdən sonra qarşısına qoyduğu ən mühüm vəzifələrdəndir. Artıq Azərbaycan Zəfər qazandığı mərhələdən gücünü daha da artıran, inkişafını sürətləndirən və gələcəyə daha böyük hədəflərlə gedən mərhələyə daxil olur. Yeni Azərbaycan Partiyası bu tarixi prosesin mühüm siyasi dayaqlarından biridir. 

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri