21 noyabr 2026 12:30
111

Azərbaycan rəqəmsal xidmətlərdə dünya nəhəngləri sırasında - ŞƏRH

Azərbaycanın beynəlxalq reytinqlərdə qazandığı uğurlar ölkəmizin iqtisadi, siyasi və sosial inkişafının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Son illər həyata keçirilən genişmiqyaslı islahatlar, müasir texnologiyaların tətbiqi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsi artıq konkret nəticələrini verir. Bunu Birləşmiş Millətlər Təşkilatının 2026-cı il Elektron Hökumət İndeksinin nəticələri də təsdiqləyir. Belə ki, Azərbaycan 194 ölkə arasında 74-cü yerdən, yəni 36 pillə irəliləyərək 38-ci yerə yüksəlib. 

Diqqətçəkən nəticələrdən biri onlayn dövlət xidmətləri üzrə əldə olunub. Belə ki, ölkəmiz bu istiqamətdə dünyanın ilk 11 dövlətindən biri olmaqla bir sıra inkişaf etmiş ölkələri, o cümlədən Böyük Britaniya, ABŞ, Kanada kimi dövlətləri qabaqlayıb.

Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, ölkəmiz xidmətlərin institusional çərçivəsi üzrə birinci yerdə qərarlaşıb. Bununla da dünya birincisi olub.  Bu göstəricilər Azərbaycanın rəqəmsal dövlət idarəçiliyində əldə etdiyi irəliləyişin miqyasını aydın nümayiş etdirir.

Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün Azərbaycan dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçir. Ölkəmizin rəqəmsal xidmətlər sahəsində əldə etdiyi uğurlardan danışarkən “mygov” platformasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Dövlət xidmətləri “mygov” üzərindən, yəni vahid mərkəzdən həyata keçirilir. Bu platforma müxtəlif dövlət qurumlarının xidmətlərini vahid rəqəmsal mühitdə birləşdirərək vətəndaşların zəruri məlumat və xidmətlərə daha rahat çıxışını təmin edir. Bununla da insanlar müxtəlif dövlət idarələrinə müraciət etmədən bir çox məsələlərini elektron qaydada həll edə bilirlər. Bu mənada Azərbaycanın tətbiq etdiyi yeniliklər yalnız texnoloji inkişaf deyil, həm də sosial rifaha, vətəndaş məmnunluğuna və idarəetmədə şəffaflığa xidmət edir. 

BMT-nin hesabatında Azərbaycanın əldə etdiyi nəticələr bir daha göstərir ki, ölkəmiz müasir dünyanın çağırışlarına uyğun inkişaf modelini uğurla reallaşdırır. Cəmi iki il ərzində elektron hökumət reytinqində 36 pillə irəliləmək, onlayn dövlət xidmətləri üzrə dünya miqyasında 11-ci yerə yüksəlmək və bir sıra aparıcı dövlətləri qabaqlamaq olduqca ciddi nailiyyətdir. Azərbaycanın rəqəmsal xidmətlər sahəsində ABŞ, Böyük Britaniya və Kanada kimi dövlətləri qabaqlaması ölkəmizin bu istiqamətdə böyük inkişaf potensialına malik olduğunu təsdiqləyir.

Bəli, Azərbaycan artıq yalnız ənənəvi iqtisadi və siyasi uğurları ilə deyil, rəqəmsal dövlət quruculuğu sahəsində də beynəlxalq miqyasda diqqət çəkən ölkələrdən birinə çevrilib. 194 ölkə arasında əldə edilən bu nəticə Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının növbəti təsdiqidir.  
Şübhəsiz, əldə olunan nailiyyətlərin arxasında ölkəmizdə həyata keçirilən sistemli islahatlar dayanır. Yeri gəlmişkən, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirlən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə demişdir ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Elə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiqlənməsi də bunu bir daha sübut edir. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də bu prosesdə xüsusi rol oynayıb.  Yeri gəlmişkən xatırladaq ki, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilib və yeniləri qəbul olunub.  “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılıb. Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (“hökumət buludu”) tam şəkildə qurulub. “SİMA”nın təqdim edilməsi ilə dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işi xeyli asanlaşdırılıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”