23 noyabr 2026 14:55
174

Azərbaycan–Vyetnam dostluğu: tarixi ənənələrdən strateji tərəfdaşlığa və humanitar əməkdaşlığa doğru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birini – Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin, qarşılıqlı etimadın və çoxşaxəli əməkdaşlığın inkişafını əks etdirən əhəmiyyətli siyasi məzmunlu çıxışdır.

Müsahibədə diqqət çəkən əsas məqamlardan biri Azərbaycan–Vyetnam münasibətlərinin tarixi köklərinə verilən xüsusi önəmdir. Dövlət başçısının qeyd etdiyi kimi, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri iki xalq arasında dostluğun təməlini qoyan mühüm tarixi hadisədir. Bu səfər yalnız diplomatik münasibətlərin deyil, həm də xalqlarımız arasında qarşılıqlı hörmətin, mənəvi yaxınlığın və səmimi münasibətlərin formalaşmasının başlanğıcı olmuşdur.

Bu tarixi əlaqələrin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də xüsusi yer tutur. Həmin səfər çərçivəsində əldə edilmiş razılaşmalar iki ölkə arasında uzunmüddətli əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Beləliklə, Azərbaycan–Vyetnam münasibətləri müxtəlif tarixi mərhələlərdən keçərək bu gün dövlətlərarası strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Prezident İlham Əliyevin müsahibəsində humanitar əməkdaşlıq məsələlərinə geniş yer ayırması da xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı vurğulayır ki, xeyriyyəçilik fəaliyyəti ilə yanaşı, elm və təhsil sahəsində əlaqələr də dinamik şəkildə inkişaf edir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamın Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərməsi, təhsil proqramlarına töhfə verməsi Azərbaycan xalqının humanizm, mərhəmət və beynəlxalq həmrəylik dəyərlərinə sadiqliyinin konkret nümunəsidir.
Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri, ölkənin rəsmi şəxsləri, yaradıcı ziyalıları və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşləri humanitar əlaqələrin genişlənməsinə yeni imkanlar yaratmışdır. Hanoi Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də bu əməkdaşlığın praktiki nəticələrindəndir.

Təhsil və elmi əlaqələrin tarixi isə olduqca zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması xalqlarımız arasında möhkəm mənəvi körpünün yaranmasına səbəb olmuşdur. Bu gün həmin ənənələrin davam etdirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlıq sənədlərinin imzalanması və vyetnamlı gənclərin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təhsil qrantlarından yararlanmaq imkanları münasibətlərin gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran, ortaq dəyərləri və tarixi yaddaşı yaşadan mühüm vasitədir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır. Azərbaycanda ənənəvi olaraq keçirilən Vyetnam günləri, 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, tanınmış vyetnamlı şair Mai Van Phanın şeirlər toplusunun Azərbaycan dilində nəşri bu sahədə əməkdaşlığın genişləndiyini göstərir.

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 1955-ci ildə yaratdığı “Vyetnam süitası” və rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamın milli kino məktəbinin formalaşmasına verdiyi töhfələr də mədəni əlaqələrimizin dərin tarixi ənənələrə söykəndiyini təsdiqləyir. Bu faktlar göstərir ki, xalqlarımız arasında dostluq yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmır, elm, təhsil, incəsənət və mədəniyyət sahələrində də özünəməxsus inkişaf yolu keçib.

Müsahibədə Azərbaycan–Vyetnam münasibətlərinin iqtisadi və siyasi istiqamətlərinə də toxunulması əməkdaşlığın kompleks xarakterini ortaya qoyur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi, enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika sahələrində mövcud imkanlar qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün real perspektivlər yaradır. Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları üzərində yerləşməsi Vyetnam mallarının Avropa bazarlarına çatdırılması baxımından da yeni imkanlar açır.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi bir daha göstərir ki, Azərbaycan xarici siyasətində tarixi dostluq münasibətlərinin qorunmasına, dövlətlərarası etimadın möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi önəm verir. Bu münasibətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və beynəlxalq əməkdaşlıq ənənələri dayanır və bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir.

Əminliklə demək olar ki, Azərbaycan ilə Vyetnam arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətləri gələcəkdə də yeni məzmunla zənginləşəcək, siyasi, iqtisadi, elmi, təhsil və mədəni əlaqələr xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edəcəkdir. Tarixi dostluqdan qaynaqlanan bu əməkdaşlıq həm də Azərbaycanın beynəlxalq əlaqələrinin humanitar və mənəvi əsaslar üzərində inkişaf etdiyini nümayiş etdirir.

İlqar İlyasov,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri