24 noyabr 2026 09:23
274

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

Günəş sisteminin ucqar hissəsində Yerdən təxminən iki dəfə böyük kütləyə malik naməlum planet mövcud ola bilər. Alimlər bu hipotetik planeti “X2 Planeti” adlandırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə “ScienceAlert” nəşri məlumat yayıb. Bildirilib ki, Neptunun orbitindən kənarda yerləşən bəzi buzlu göy cisimlərinin qeyri-adi orbitlər üzrə hərəkəti alimlərin diqqətini cəlb edib. Tədqiqatçılar kompüter simulyasiyaları vasitəsilə müəyyən ediblər ki, bu hərəkətlər uzaq orbitdə yerləşən əlavə bir planetin cazibə qüvvəsi ilə bağlı ola bilər.

Hesablamalara əsasən, X2 Planetinin Günəşdən orta məsafəsi 350-500 astronomik vahid arasında dəyişə, onun Günəş ətrafında bir tam dövrü isə 6 min 500-11 min il çəkə bilər.

Alimlər vurğulayırlar ki, bu planet hələ birbaşa müşahidə edilməyib və onun mövcudluğu hazırda yalnız elmi fərziyyə olaraq qalır. Yeni müşahidələrin, xüsusilə Çilidəki Vera C.Rubin Rəsədxanasının əldə edəcəyi məlumatların bu ehtimalın yoxlanılmasına kömək edəcəyi gözlənilir.

Tədqiqatın nəticələri “Monthly Notices of the Royal Astronomical Society” jurnalında dərc olunub.