24 noyabr 2026 10:16
289

Banklarda biznes kreditləri 17 faiz, əhalinin əmanətləri 15 faiz artıb - Əliyar Məmmədyarov

“Cari ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşmışdır. Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord 18.7 milyard manata çatıb.”

“İki sahil” xəbər verir ki, bunu AMB-nin İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

Ə.Məmmədyarov qeyd edib ki, son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunmaqdadır: “2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2.2 dəfə artaraq 235 min nəfəri üstələmişdir. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır. Bank sisteminin dayanıqlıq göstəriciləri də, yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sistemi üzrə əsas dayanıqlıq göstəricisi olan məcmu kapitalın adekvatlıq əmsalı təxminən 17% səviyyəsindədir ki, bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır.”

AMB-nin İdarə Heyəti sədrinin I müavini vurğulayıb ki, 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq: “Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında “oyun qaydalarını” köklü şəkildə dəyişdirir. Bu isə, kapital tələbləri kimi klassik risk azaltma tədbirləri ilə yanaşı, texnoloji və kiber risklərə yönəlik nəzarət mexanizmlərinin daha sürətlə tətbiqini şərtləndirir. Məhz bu tendensiya, hazırda, tənzimləyici qurumların qarşısında iki sistemli çağırış formalaşdırır: Risklərin təbiətinin mürəkkəbləşməsi - belə ki, ənənəvi maliyyə risklərinə yüksək əməliyyat, texnoloji və hətta iqlim riskləri əlavə olunur. Sosial mühəndislik və məlumat sızma riskləri hansılar ki, insanların etimadına qarşı birbaşa təhdidə çevrilir.”