24 noyabr 2026 10:28
302

Azərbaycan 2027–2030-cu illərdə rəqəmsal maliyyə mərkəzinə çevrilməyi hədəfləyir

“Mərkəzi Bank olaraq, maliyyə sisteminin dayanıqlığı ilə inkişaf arasında düzgün balans tapmağı, innovasiyaları izafi nəzarətlə məhdudlaşdırmamağı hədəfləyirik.”

“İki sahil” xəbər verir ki, bunu AMB-nin İdarə Heyəti sədrinin I müavini Əliyar Məmmədyarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

Ə.Məmmədyarov qeyd edib ki, Mərkəzi Bank, müasir texnologiyaların dərindən dərk edilməsinə əsaslanan «ağıllı tənzimləmə» (Smart Regulation) konsepsiyasını rəhbər tutur: “Bu konsepsiyanın əsas mahiyyəti çeviklik və mütənasiblikdir. Requlyativ yük bazar iştirakçılarının real risk profilinə və əməliyyatlarının miqyasına uyğun olmalıdır. Beləliklə, Mərkəzi Bankın tənzimlənməsi, innovasiyalar üçün maneələr yaratmadan, texnoloji inkişafı təhlükəsiz məcraya yönəldən bələdçi kimi çıxış edir. Bu yanaşmanın praktiki nümunəsi Mərkəzi Bankın “Xüsusi Tənzimlənmə Rejimidir”. Bu rejim, maliyyə institutlarının müasir həllərini test mühitində sınaqdan keçirə bildiyi xüsusi hüquqi rejimdir. Bu format biznesə fərziyyələri praktikada sürətlə yoxlamağa, bizə isə, tənzimləyici qurum olaraq, potensial boşluqları əvvəlcədən aşkar etməyə və məhsul kütləvi bazara çıxmazdan öncə qanunvericiliyi rəqəmsal iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmağa imkan verir. Lakin, bank nəzarətin özünün dərin transformasiyası olmadan ağıllı tənzimləmənin effektiv tətbiqi mümkün ola bilməz. Bu bir faktdır ki, ani ödənişlər və məsafədən göstərilən rəqəmsal xidmətlər dövründə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalmağa doğru gedir. Bu baxımdan, proaktiv nəzarətin təmin edilməsi məqsədilə, qabaqcıl bank nəzarəti təcrübələrinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən ARAS – risk əsaslı nəzarət sisteminin tətbiqinə başlanılmışdır. ARAS sistemi, “forvard looking”- yəni gələcəyə baxış yanaşmasına əsaslanmaqla bankların risk profilini daha dəqiq müəyyən etməyə, habelə risk səviyyələri əsasında prioritetləşdirilmiş və proporsional nəzarət tədbirlərinin tətbiqinə imkan verir. Paralel olaraq, nəzarət tədbirlərinin effektivliyini və çevikliyinin artırılması məqsədilə, Mərkəzi Bank, SupTech həllərinin formalaşdırılmasına və tətbiqinə start vermişdir. Rəqəmsal maliyyənin əhatə dairəsinin genişləndiyi mühitdə Mərkəzi Bankın avtomatlaşmış risk əsaslı nəzarət sistemləri ölkədə maliyyə sabitliyinin təmin olunması baxımından açar rolunu oynayır və gələcək çağırışlara hazırlıq səviyyəmizi gücləndirir.”

AMB-nin İdarə Heyəti sədrinin I müavini vurğulayıb ki, maliyyə sektorunun gələcək inkişafı üçün rəqəmsal hazırlıq səviyyəsi də diqqətdə saxlanılır: “Mərkəzi Bank, hazırda, 2027–2030-cu illər üçün “Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı” üzərində iş aparır. Programın əsas məqsədi ölkəmizi regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir. Bunun üçün, Programda süni intellektin tətbiqinə və insan kapitalının gücləndirilməsi, ödəniş və rəqəmsal maliyyə infrastrukturunun inkişafı, kiber və rəqəmsal fırıldaqçılıqla mübarizə diqqət mərkəzində saxlanılacaqdır.”