23 noyabr 2026 23:12
243

Azərbaycan U-16 voleybol milliləri EEVZA çempionatını beşinci pillədə başa vurublar

16 yaşadək voleybolçu qızlardan və oğlanlardan ibarət Azərbaycan milli komandaları 19–22 noyabr tarixlərində keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində – Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında mübarizə aparıblar.

Qızlardan ibarət millimiz Estoniyanın Kaariku şəhərində təşkil olunan yarışda B qrupunda Estoniya, Ukrayna və Litva yığmaları ilə qarşılaşıb. Qrup mərhələsində Litva üzərində 3:1 hesablı qələbə qazanan komandamız Ukraynaya 1:3, Estoniyaya isə 2:3 hesabı ilə məğlub olub.

Beşinci yer uğrunda görüşdə Gürcüstan yığması ilə üz-üzə gələn voleybolçu qızlarımız rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurublar.

Oğlanlardan ibarət milli komandamız isə Latviyanın paytaxtı Riqada keçirilən yarışda baş məşqçi Cahangir SeyedAbbasinin rəhbərliyi ilə çıxış edib. B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan komandamız hər iki oyunda məğlub olub. Beşinci yer uğrunda mübarizədə Ukrayna millisi ilə qarşılaşan voleybolçularımız 3:0 hesablı qələbə qazanaraq turniri beşinci sırada tamamlayıblar.

Hər iki yarışın finalında Polşa milliləri qalib gəlib. Qızların mübarizəsində Polşa Ukrayna yığmasını, oğlanların yarışında isə Latviya komandasını 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşanın hər iki millisi 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə əldə edib.

Qızlardan ibarət Azərbaycan millisinin oyun nəticələri

B qrupu

Estoniya – Azərbaycan 3:2 (25:15, 25:17, 21:25, 20:25, 15:10)

Ukrayna – Azərbaycan 3:1 (20:25, 25:18, 25:19, 25:21)

Azərbaycan – Litva 3:1 (25:16, 23:25, 25:23, 27:25)

5-ci yer uğrunda oyun

Azərbaycan – Gürcüstan 3:0 (25:11, 25:19, 25:12)

Oğlanlardan ibarət Azərbaycan millisinin oyun nəticələri

B qrupu

Latviya – Azərbaycan 3:0 (25:20, 25:13, 25:15)

Azərbaycan – Finlandiya 1:3 (25:20, 17:25, 12:25, 16:25)

5-ci yer uğrunda oyun

Azərbaycan – Ukrayna 3:0 (25:15, 25:18, 25:20)