23 noyabr 2026 10:58
79

Azərbaycan Auditorlar Palatasının nümayəndə heyəti Dünya Mühasiblər Konqresində iştirak edib

Güclü iqtisadiyyat etibarlı hesabatlılıq və keyfiyyətli auditdən başlayır

2026-cı il noyabrın 17–19-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) təşkilatçılığı ilə Dünya Mühasiblər Konqresi – WCOA 2026 keçirilib.

“Bizim ümumi gələcəyimiz naminə birlikdə” (“Together for a Connected Tomorrow”) devizi altında təşkil olunan mötəbər beynəlxalq tədbirdə dünyanın 120 ölkəsindən 900-dən çox nümayəndə iştirak edib. Konqres çərçivəsində mühasibat uçotu, audit, maliyyə, rəqəmsal texnologiyalar və peşəkar inkişafın aktual məsələlərinə həsr olunmuş 80-dən artıq məruzə dinlənilib.

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirak etdiyi konqres mühasibat və audit peşəsinin qarşısında duran müasir çağırışların müzakirəsi, beynəlxalq təcrübə mübadiləsi və peşəkar qurumlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olub.

Konqresdə beynəlxalq mühasibat və audit standartlarının təkmilləşdirilməsi və tətbiqi, audit keyfiyyətinin yüksəldilməsi, maliyyə hesabatlılığında şəffaflığın təmin olunması, rəqəmsallaşma, süni intellektin yaratdığı imkanlar və risklər, kadr hazırlığı, peşə etikası və ictimai etimadın gücləndirilməsi əsas müzakirə mövzularını təşkil edib.

Məruzələrdə süni intellekt və rəqəmsal texnologiyaların audit proseslərinin səmərəliliyinin artırılması, böyük həcmli məlumatların təhlili və risklərin daha operativ müəyyənləşdirilməsi üçün geniş imkanlar açdığı vurğulanıb. Eyni zamanda, texnoloji yeniliklərdən istifadə zamanı mühasib və auditorların peşəkar mühakiməsinin, müstəqilliyinin, etik məsuliyyətinin və insan amilinin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Konqres çərçivəsində Cənubi Koreyanın mühasibat uçotu və audit sahəsində həyata keçirdiyi islahatlar da xüsusi maraq doğurub. Ölkənin təcrübəsində auditor müstəqilliyinin gücləndirilməsi, auditorların təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və maliyyə bazarlarında etimadın bərpası istiqamətində görülən tədbirlər təqdim edilib. Bu təcrübə audit keyfiyyətinin yüksəldilməsi və maliyyə hesabatlarının etibarlılığının təmin olunması baxımından əhəmiyyətli hesab edilib.

Maliyyə və mühasibat peşəsinin gələcək inkişaf perspektivlərinə dair təqdimatlarda 2040-cı ilədək peşəkar mütəxəssislərin fəaliyyət modelində gözlənilən dəyişikliklərə də toxunulub. Qeyd edilib ki, gələcəyin mühasib və auditorları yalnız maliyyə hesabatlarını yoxlayan mütəxəssislər deyil, həm də strateji təhlil aparan, riskləri qabaqcadan müəyyənləşdirən, rəqəmsal texnologiyalardan səmərəli istifadə edən və iqtisadi qərarların qəbuluna töhfə verən peşəkarlar olmalıdırlar.

Konqresin yekununda güclü və sağlam iqtisadiyyatın təməlində etibarlı mühasibat uçotunun və keyfiyyətli auditin dayandığı xüsusi vurğulanıb.

Beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

Konqres yalnız aktual peşə məsələlərinin müzakirəsi ilə deyil, beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində atılan addımlarla da əlamətdar olub.

Azərbaycan Respublikası Auditorlar Palatasının nümayəndə heyəti bir sıra ölkələrin mühasibat və audit sahəsində fəaliyyət göstərən peşəkar qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı, əməkdaşlığın genişləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Mərakeş və Malayziyanın müvafiq peşəkar qurumları ilə əlaqələrin genişləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi və bu istiqamətdə müvafiq sənədlərin imzalanması barədə razılıq əldə olunub.

Bununla yanaşı, Azərbaycan Auditorlar Palatası ilə Hindistan Mühasiblər İnstitutu (ICAI) arasında mövcud Anlaşma Memorandumunun müddətinin 2027-ci ildə başa çatacağı nəzərə alınaraq, sənədin yeni dövrün tələblərinə uyğun yenilənməsi məsələsi İnstitutun prezidenti ilə müzakirə edilib.

Nümayəndə heyətinin Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Avstraliyadan olan yeni seçilmiş prezidenti xanım Taryn Rulton ilə görüşü də konqres çərçivəsində keçirilən mühüm təmaslardan biri olub. Görüşdə Azərbaycanda audit və mühasibat sahəsində həyata keçirilən inkişaf prosesləri, beynəlxalq əməkdaşlıq imkanları və peşəkar qurumlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Xanım Taryn Rultonun Azərbaycana və ölkəmizin audit sisteminə müsbət münasibəti nəzərə alınaraq, o, ölkəmizə rəsmi səfərə dəvət olunub.

WCOA 2026 çərçivəsində əldə edilən beynəlxalq metodiki materiallar, elmi tədqiqatlar və təqdimatlar Azərbaycanda müstəqil auditin və mühasibat uçotunun beynəlxalq standartlara uyğun təşkilinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətlidir. Hazırda həmin materialların sistemləşdirilməsi və müvafiq qurumlarda istifadəsinin təmin edilməsi məqsədilə emalı aparılır.

Qeyd edək ki, Dünya Mühasiblər Konqresi mühasibat və audit peşəsinin inkişafı üzrə dünyanın aparıcı mütəxəssislərini, beynəlxalq təşkilatların və milli peşəkar qurumların rəhbərlərini bir araya gətirən ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir.

Azərbaycan Auditorlar Palatasının konqresdə iştirakı ölkəmizin beynəlxalq peşəkar əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və milli audit sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, Azərbaycan Respublikası Auditorlar Palatası 2008-ci ilin noyabr ayından Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tamhüquqlu üzvüdür.

Növbəti Dünya Mühasiblər Konqresinin (WCOA 2028) 2028-ci ilin noyabr ayında Cənubi Afrika Respublikasının Keyptaun (Cape Town) şəhərində keçirilməsi nəzərdə tutulur.