24 noyabr 2026 12:36
234

Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu

Kəlbəcər Azərbaycanın çoxəsrlik tarixini, milli-mədəni irsini, təbii zənginliklərini və dövlətçilik iradəsini özündə birləşdirən qədim diyarlarımızdan biridir. Bu torpaq yalnız coğrafi mövqeyi və zəngin təbiəti ilə deyil, həm də xalqımızın tarixi yaddaşında, milli kimliyində və dövlətçilik salnaməsində tutduğu mühüm yerlə seçilir. Kəlbəcərin hər qarışında tariximizin izləri, mədəni irsimizin nümunələri, qədim sivilizasiyaların izləri yaşayır. Ərazidə aşkarlanmış 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 min illik qayaüstü təsvirlər, qədim türk əlifbasının nümunələri bu bölgənin zəngin tarixi keçmişini təsdiqləyən mühüm arxeoloji faktlardır. Tərtər çayı boyunca qayalıqlarda yerləşən qədim süni mağaralar, daş abidələr və tarixi-memarlıq nümunələri Kəlbəcərin Azərbaycan xalqının etnogenezində və mədəni inkişafında əhəmiyyətli yer tutduğunu göstərir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənası daşıması isə bu ərazinin tarixi-coğrafi kimliyinin qədimliyinə işarədir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər 3054 kvadratkilometr ərazisi, zəngin meşə örtüyü, dağlıq relyefi, mineral su ehtiyatları və strateji coğrafi mövqeyi ilə ölkəmizin xüsusi əhəmiyyətə malik bölgələrindəndir. Camışdağ və Dəlidağ zirvələri, Tərtər çayı hövzəsi, nadir təbii landşaftı, zəngin flora və faunası bu diyarın iqtisadi və ekoloji potensialını müəyyənləşdirən əsas amillərdəndir. Kəlbəcərin əhəmiyyəti təkcə təbii sərvətləri ilə məhdudlaşmır. Onun coğrafi mövqeyi, yüksəklikləri və dağ keçidləri tarixən hərbi-strateji baxımdan da mühüm rol oynayıb. Məhz bu xüsusiyyətlər Kəlbəcəri Azərbaycanın milli təhlükəsizliyi və regional nəqliyyat-kommunikasiya sistemində strateji əhəmiyyətli əraziyə çevirir. 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcər 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Bu işğal Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilmiş ağır cinayətlərdən biri olmaqla yanaşı, on minlərlə insanın həyatını dəyişdirən böyük humanitar faciəyə çevrildi. İşğal ərəfəsində rayonda 53 mindən artıq insan yaşayır, 1 şəhər, 1 qəsəbə və 145 kənd fəaliyyət göstərirdi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcər əhalisi doğma yurdlarından didərgin salınaraq ölkənin 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.

İşğal nəticəsində rayonun tarixi-mədəni irsinə, sosial infrastrukturuna və iqtisadi potensialına ağır zərbə vuruldu. Məktəblər, uşaq bağçaları, kitabxanalar, xəstəxanalar, mədəniyyət evləri, muzeylər, inzibati binalar və yaşayış evləri dağıdıldı, talan edildi. Tarixi abidələrə qarşı vandalizm aktları törədildi, bölgənin təbii sərvətləri qanunsuz istismar olundu. Bu, sadəcə bir ərazinin işğalı deyil, bütöv bir yaşayış mühitinin, sosial-iqtisadi sistemin və tarixi yaddaşın məhv edilməsinə yönəlmiş siyasət idi. Beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qərarlarına münasibətdə nümayiş etdirilən ikili standartlar da həmin dövrün acı reallıqlarından biri oldu. 1993-cü il aprelin 30-da qəbul edilmiş 822 saylı qətnamə Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu tələbi yerinə yetirmədi, beynəlxalq ictimaiyyət isə qətnamənin icrasını təmin etmək üçün təsirli mexanizmlər tətbiq etmədi. Üstəlik, 1999-cu ildən başlayaraq Kəlbəcərdə ermənilərin qanunsuz məskunlaşdırılması siyasətinin həyata keçirilməsi beynəlxalq hüququn fundamental prinsiplərinin növbəti dəfə pozulması idi. Azərbaycan dövləti bütün bu illər ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət, güclü iqtisadiyyatın və müasir ordunun formalaşdırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi, diplomatik müstəvidə aparılan məqsədyönlü fəaliyyət Azərbaycanın tarixi Zəfərinə aparan əsas amillər oldu. 2020-ci ildə başlanan Vətən müharibəsi yalnız hərbi əməliyyatların deyil, uzun illər ərzində həyata keçirilmiş dövlət quruculuğu strategiyasının da nəticəsi idi. Kəlbəcərin azad olunması istiqamətində aparılan əməliyyatlar bu strategiyanın mühüm tərkib hissəsini təşkil edirdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmış, Basarkeçər-Kəlbəcər yolundan istifadəsini faktiki olaraq mümkünsüz etmişdi. Bu, Azərbaycanın hərbi-strateji planlaşdırmasının, ərazi və relyef xüsusiyyətlərinin düzgün qiymətləndirilməsinin, peşəkar komandanlığın və ordumuzun döyüş qabiliyyətinin bariz göstəricisi idi. 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, 27 il davam edən işğala son qoyuldu, Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi üzərində Azərbaycanın suverenliyi bərpa edildi. Bu tarixi hadisə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, beynəlxalq hüququn və tarixi ədalətin bərpası baxımından da müstəsna əhəmiyyət daşıyırdı. Kəlbəcərin boşaldılması zamanı Ermənistanın və onun himayə etdiyi qanunsuz məskunlaşma siyasətinin mahiyyəti bir daha üzə çıxdı. Evlərin, meşələrin və digər mülki obyektlərin yandırılması, təbiətə zərər vurulması işğalçı siyasətin yaratdığı dağıntıların miqyasını nümayiş etdirdi. Bu vandalizm aktları bir daha təsdiqlədi ki, Ermənistanın məqsədi yalnız əraziləri işğal altında saxlamaq deyil, həm də həmin torpaqların tarixi və iqtisadi simasını dəyişdirmək olub. Lakin Azərbaycan Kəlbəcərə qayıdışı yalnız əraziyə nəzarətin bərpası kimi deyil, böyük dövlətçilik və quruculuq layihəsi kimi həyata keçirməyə başladı. Prezident cənab İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri, verdiyi tapşırıqlar və layihələrin icrasına birbaşa nəzarəti bu prosesin siyasi iradə və konkret iqtisadi hədəflər əsasında reallaşdırıldığını göstərir. 2021-ci il avqustun 16-dan 2025-ci il avqustun 21-dək Kəlbəcərə həyata keçirilmiş səfərlərin hər biri bölgənin bərpası, təhlükəsizliyin təmin edilməsi, infrastrukturun qurulması və iqtisadi potensialın işə salınması baxımından mühüm mərhələ olub. 2023-cü il iyulun 31-də cənab Prezidentin Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi müəyyən edilməsi bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsinin mühüm ifadəsidir. “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi və 9455 hərbi qulluqçunun bu medalla təltif olunması isə Vətən uğrunda döyüşən qəhrəmanlarımızın fədakarlığına verilən yüksək dövlət qiymətidir.

Bu gün Kəlbəcərdə həyata keçirilən bərpa və yenidənqurma işləri Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni iqtisadi inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir. Burada əsas hədəf dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması ilə kifayətlənməmək, müasir şəhərsalma prinsiplərinə, ekoloji standartlara, rəqəmsal idarəetməyə və dayanıqlı iqtisadi inkişaf tələblərinə cavab verən yeni yaşayış və istehsal mühiti yaratmaqdır. Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiqlənməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, şəhərin ərazisinin təxminən 130 hektardan 290 hektara, əhalisinin isə 7500 nəfərdən 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə 4250 mənzilin inşası, dörd məktəb, dörd uşaq bağçası, iki xəstəxana, reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar, ictimai-iaşə və idman obyektlərinin yaradılması planlaşdırılıb. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması, adambaşına 33 kvadratmetr yaşıllıq sahəsinin nəzərdə tutulması ekoloji tarazlığın və yaşayış keyfiyyətinin təmin edilməsinə yönəlmiş müasir yanaşmanın göstəricisidir. Eyni zamanda, 27 kilometrdən artıq avtomobil və 22 kilometr velosiped yollarının inşası şəhərin nəqliyyat infrastrukturunun kompleks şəkildə formalaşdırılmasını nəzərdə tutur. Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksinin inşası Böyük Qayıdış proqramının real nəticələrini əks etdirən mühüm layihələrdəndir. 19,5 hektar ərazidə salınan kompleksin birinci mərhələsində 201 ailənin məskunlaşdırılması üçün çoxmənzilli binalar və fərdi yaşayış evləri inşa edilib. Növbəti mərhələdə daha 323 ailənin yerləşdirilməsi nəzərdə tutulur. Ərazidə parkların, istirahət guşələrinin, sosial-məişət obyektlərinin, uşaq oyun və idman meydançalarının yaradılması insanların rahat və təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir. Prezident cənab İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə səfəri zamanı yeni mənzillərə köçən ailələrə açarların təqdim edilməsi doğma yurda qayıdışın artıq real və davamlı prosesə çevrildiyini nümayiş etdirdi. 2026-cı il noyabrın 6-na olan məlumata görə, Kəlbəcər rayonunda 162 ailə olmaqla 681 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəmlər başlanğıc mərhələsini ifadə etsə də, Böyük Qayıdışın tədricən genişlənən miqyasını göstərir. Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması üzrə layihələr isə rayonun gələcək demoqrafik və sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Yanşaqda 421, Zallarda 487, Zarda isə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur. Bu yaşayış məntəqələrində fərdi evlərlə yanaşı, məktəblərin və uşaq bağçalarının inşası planlaşdırılır. Beləliklə, kəndlərin bərpası yalnız yaşayış evlərinin tikintisi deyil, təhsil, sosial xidmətlər və gündəlik həyat üçün zəruri infrastrukturun yaradılması prinsipi əsasında həyata keçirilir. Bölgənin iqtisadi potensialının reallaşdırılmasında nəqliyyat infrastrukturunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Kəlbəcərin ölkənin digər iqtisadi və inzibati mərkəzləri ilə əlaqələrinin gücləndirilməsinə, turizm və sahibkarlıq fəaliyyətinin genişlənməsinə, istehsal və xidmət sektorunun inkişafına imkan yaradacaq strateji layihədir. Uzunluğu 82 kilometr olan yolun üzərində ümumi uzunluğu 25,9 kilometr təşkil edən beş tunelin inşası mürəkkəb dağ relyefində müasir mühəndislik həllərinin tətbiqini nümayiş etdirir. Bu layihənin ən mühüm komponentlərindən biri 11,7 kilometr uzunluğunda Murovdağ tunelidir. Tunelin istifadəyə verilməsi bölgəyə gediş-gəlişi asanlaşdırmaqla yanaşı, nəqliyyatın təhlükəsizliyini və fasiləsizliyini təmin etmək baxımından strateji əhəmiyyətə malikdir. Yolun 89 faizinin tamamlanması isə layihənin reallaşmasında mühüm irəliləyişin əldə olunduğunu göstərir. Kəlbəcərin gələcək iqtisadi inkişafında enerji sektorunun da xüsusi yeri var. Rayonun zəngin hidroenerji potensialından istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub, yeni stansiyalar inşa edilib. “Kəlbəcər-1”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan”, “Yuxarı Vəng”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kimi enerji obyektlərinin fəaliyyəti bölgənin elektrik enerjisi təminatının gücləndirilməsinə xidmət edir. Bu layihələr Kəlbəcərin enerji baxımından özünütəminetmə imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsinə də töhfə verir. Dağ çaylarının hidroenerji potensialının səmərəli istifadəsi bölgədə ekoloji cəhətdən təmiz enerji istehsalının inkişafı üçün əlverişli imkanlar yaradır. Kəlbəcərin iqtisadi gələcəyini müəyyənləşdirən əsas istiqamətlərdən biri də onun mineral su ehtiyatları və turizm potensialıdır. Xüsusilə “İstisu” mineral suyu Azərbaycanın təbii sərvətləri arasında özünəməxsus yer tutur. Dəniz səviyyəsindən 1600 metrdən artıq yüksəklikdə yerləşən mənbələrdən çıxan və təbii temperaturu 60 dərəcədən yüksək olan bu mineral su həm müalicəvi xüsusiyyətləri, həm də iqtisadi dəyəri ilə seçilir. 2022-ci ildə təməli qoyulan “İstisu” mineral su zavodunun 2024-cü ildə açılması bölgənin sənaye və ixrac potensialının inkişafı baxımından mühüm hadisədir. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan müəssisənin fəaliyyətə başlaması yerli xammalın iqtisadi dövriyyəyə cəlb edilməsinin, yeni iş yerlərinin yaradılmasının və milli brendlərin inkişafının əhəmiyyətli nümunəsidir. Müəssisədə çalışanların əksəriyyətinin Kəlbəcər və Laçın sakinləri olması isə iqtisadi dirçəlişlə sosial reinteqrasiyanın paralel aparıldığını göstərir.

“İstisu” Müalicə-İstirahət Kompleksinin yaradılması da bölgənin turizm potensialının reallaşdırılması istiqamətində strateji layihələrdəndir. 80 min kvadratmetr ərazidə qurulan kompleksdə hotel, kotteclər və müasir müalicə infrastrukturu nəzərdə tutulur. Mineral sularla müalicə, palçıq terapiyası və iqlim terapiyası xidmətlərinin təşkili Kəlbəcəri gələcəkdə ölkənin mühüm sağlamlıq və dağ turizmi mərkəzlərindən birinə çevirə bilər. Bu istiqamətdə məqsəd yalnız daxili turizmin inkişafı deyil, Azərbaycanın beynəlxalq sağlamlıq turizmi bazarında rəqabət qabiliyyətinin artırılmasıdır. Bunun üçün xidmət keyfiyyəti, nəqliyyat əlçatanlığı, peşəkar kadr hazırlığı və müasir turizm infrastrukturu əsas prioritetlər olmalıdır.

Bütün bu layihələr göstərir ki, Kəlbəcərin bərpası ayrı-ayrı tikinti işlərinin məcmusu deyil, qarşılıqlı şəkildə əlaqələndirilmiş siyasi, iqtisadi, sosial və ekoloji inkişaf strategiyasıdır. Bir tərəfdən yaşayış məntəqələri yenidən qurulur, digər tərəfdən yollar, enerji obyektləri, istehsal müəssisələri, turizm kompleksləri və sosial infrastruktur yaradılır. Bu yanaşma bölgənin yalnız yaşayış üçün əlverişli məkana deyil, həm də iqtisadi fəaliyyətin, investisiyaların və yeni məşğulluq imkanlarının cəmləşdiyi regional inkişaf mərkəzinə çevrilməsinə hesablanıb.

Kəlbəcərin gələcək inkişafında yerli sahibkarlığın təşviqi, kənd təsərrüfatının, xüsusilə arıçılığın və heyvandarlığın potensialından səmərəli istifadə, dağ turizminin genişləndirilməsi, emal sənayesinin yaradılması mühüm istiqamətlər olmalıdır. Rayonun zəngin təbii otlaqları, əlverişli iqlim şəraiti, təmiz ekoloji mühiti və mineral ehtiyatları bu sahələrin inkişafı üçün geniş imkanlar açır. Dövlət investisiyaları ilə yanaşı, özəl sektorun bölgəyə cəlb edilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin formalaşdırılması, yerli məhsulların brendləşdirilməsi iqtisadi dirçəlişin davamlılığını təmin edə bilər. Kəlbəcərin bərpası həm də Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq miqyasda nümayişidir. Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra dağıdılmış ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlayaraq müasir şəhərsalma, təhlükəsizlik, ekoloji tarazlıq və sosial rifah prinsiplərini əsas götürdü. Bu, ölkəmizin yalnız hərbi Qələbə qazanmaq deyil, həm də həmin Qələbənin siyasi, iqtisadi və humanitar nəticələrini təmin etmək iradəsinin göstəricisidir. Bu gün Kəlbəcər tarixinin yeni mərhələsini yaşayır. Bir zamanlar işğalın, dağıntıların və məcburi köçkünlüyün simvoluna çevrilmiş bu diyar indi quruculuğun, iqtisadi dirçəlişin və Böyük Qayıdışın ünvanıdır. Kəlbəcərin dağlarında yenidən Azərbaycan bayrağı dalğalanır, şəhər və kəndlərində həyat bərpa olunur, doğma yurduna qayıdan insanlar öz gələcəklərini burada qurmağa başlayırlar.

25 noyabr-Kəlbəcər Şəhəri Günü yalnız tarixi təqvimdə qeyd olunan əlamətdar tarix deyil. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpasının, dövlətimizin siyasi iradəsinin, Ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin təcəssümüdür. Kəlbəcərin azadlığı ilə başlanan tarixi proses bu gün onun iqtisadi və sosial baxımdan yenidən qurulması ilə davam edir. Ən əsası isə bu torpaqlarda həyatın bərpası Azərbaycanın Zəfərdən sonra da qarşısına qoyduğu strateji hədəflərə doğru inamla irəlilədiyini təsdiqləyir. Kəlbəcər artıq yalnız keçmişin ağrılarını xatırladan bir məkan deyil. O, müasir Azərbaycanın gücünü, quruculuq potensialını, milli iradəsini və gələcəyə baxışını nümayiş etdirən yeni inkişaf modelinin mühüm ünvanlarından birinə çevrilir. Azərbaycanın dövlət siyasətinin əsas mahiyyəti də məhz budur: azad edilmiş torpaqları dirçəltmək, insanları doğma yurdlarına qaytarmaq və bu əraziləri ölkənin dayanıqlı inkişafının ayrılmaz hissəsinə çevirmək.

Tahir Mirkişili,

Milli Məclisin deputatı